Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda tədbir keçirilib.
Muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, Yeni Azərbaycan Partiyası rayon (şəhər) Qadınlar Şurasının, Heydər Əliyev adına Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Bildirib ki, ölkəmizdə dövlət qadın siyasəti məhz ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri sayəsində konseptual şəkildə müəyyənləşdirilib və həyata keçirilib. Elə bu səbəbdəndir ki, ölkəmizin ən çətin dövrlərində Azərbaycan qadınları cəmiyyətin həyatında fəal rol oynayaraq müstəqil dövlətçiliyimizin sabahı uğrunda səylə çalışıblar. Bu isə onların geniş fəaliyyəti üçün dahi şəxsiyyətin birbaşa diqqət və qayğısı ilə yaradılan şərait nəticəsində mümkün olub. Ulu öndərin müəyyənləşdirdiyi dövlət qadın siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun olaraq uğurla inkişaf etdirilir.
Ramilə Seyidova vurğulayıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında da qadınlar diqqət və qayğı ilə əhatə olunub. Təsadüfi deyil ki, təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini bu gün qadınlar təşkil edir. Onlar cəmiyyət həyatında yüksək fəallıqları ilə seçilir, ailə dəyərlərini qoruyub saxlamaqla çalışdıqları sahədə uğurlar qazanırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Məmmədova “Ulu öndər Heydər Əliyev və ailə dəyərlərimiz”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva “Yeni Azərbaycan Partiyasında qadınların təmsilçiliyi” mövzularında çıxış ediblər. Çıxışlarda dövlət qadın siyasəti sahəsində hüquqi bazanın yaradılması istiqamətində ulu öndərimiz tərəfindən müəyyənləşdirilən islahatlardan danışılıb.
Sonda ulu öndər Heydər Əliyevə həsr olunmuş “O, Heydər Əliyev idi” adlı film nümayiş etdirilib, tədbir iştirakçıları muzeyin eksponatları ilə tanış olublar.
Xəbərlər şöbəsi