24 Dekabr 2024, Çərşənbə axşamı

Bu ünvanda yaşayanlar dövlətimizə minnətdardırlar

Hər il muxtar respublikamızda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri gündən-günə cavanlaşan, müasirləşən qədim paytaxt şəhərimizin simasına xüsusi gözəllik və yaraşıq verir. Belə quruculuq tədbirləri həyatımızın bütün sahələrini əhatə edir. Bu sırada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirləri xüsusilə vurğulamaq lazımdır. 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvan şəhərində son illər bu istiqamətdə xeyli iş görülüb. Yeni ictimai yaşayış binaları inşa olunur, mövcud binalar tamamilə yenidən qurulur, burada dünya standartlarına uyğun şərait yaradılır. Bu qayğıdan daha çox yeni ailə quranlar bəhrələnir.

Bütün bunların timsalında şəhərimizin Əziz Əliyev prospektində yeni yaradılan “Gənclər şəhərciyi” yaşayış kompleksində müasir standartlara cavab verən binaların tikilməsi, xidmət və istirahət sahələrinin yaradılması əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaqla rahat və firavan həyat tərzi formalaşdırıb. Yeni yaşayış kompleksinin təhsil müəssisələrinə, ticarət mərkəzlərinə yaxın ərazidə yerləşməsi binada yaşayan sakinlərin asudə vaxtlarının da səmərəli təşkili üçün böyük imkanlar yaradıb. Yaxşı xatırlayırıq ki, vaxtilə Naxçıvan şəhərinin ən yararsız ərazilərindən biri olan yaşayış kompleksinin yerləşdiyi sahə indi böyük dövlət qayğısı, insan əməyi nəticəsində qədim yurd yerinin ən abad ünvanlarından birinə çevrilib. Dövlətin böyük qayğısının ifadəsi olan yaşayış kompleksi gənclərin və aztəminatlı ailələrin doğma yuvasına çevrilməklə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin bəhrəsi kimi dəyərləndirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov aprel ayının 7-də “Gənclər şəhərciyi”nin açılışında deyib: “O ölkə inkişaf edir ki, orada dövlət-xalq birliyi vardır. Bu gün Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi də dövlət-xalq-sahibkar birliyinin nəticəsidir. Eyni zamanda yeni yaşayış kompleksi ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin bəhrəsidir. İnsan həyatında ən vacib məsələlərdən biri onun mənzil sahibi olmasıdır. Yaşayış kompleksində gələcəyimiz olan gənclərin mənzillə təmin olunması onların rahat yaşayışını təmin edəcəkdir. Çünki rahat yaşayış şəraiti rahat həyat deməkdir. Dövlətimiz tərəfindən gənclərin mənzil şəraitinin yaxşılaşdırılması və işlə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin verilməsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən inşa edilmiş yaşayış kompleksində 54 ticarət və xidmət sahəsi yaradılıb, ərazidə oturacaqlar qoyulub.
Məlumat üçün bildirək ki, burada 2 doqquzmərtəbəli, 2 onbirmərtəbəli və 2 onüçmərtəbəli olmaqla, 6 bina inşa edilib. Binalarda, ümumilikdə, 456 mənzil vardır. Mənzillərdən 2-si şəhid ailələrinə verilib, 98-i isə ipoteka krediti ilə satılıb. Kreditlərin 26-sı güzəştli, 72-si adi ipoteka kreditidir.
“Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən maliyyələşdirilmiş ipoteka kreditlərindən istifadə edərək mənzil alanların bu günlər sevinci aşıb-daşır. Xüsusilə də gənclərin. Axı onlar mənzil sahibinə çevriliblər. Özlərinə yurd-yuva qurublar.
Şəhərciyin ərazisində 315 yerlik yeraltı avtomobil dayanacağı inşa olunub. Hər binanın girişində 1 sərnişin və 1 yük lifti, yanğından mühafizə üçün mərkəzi havalandırma sistemi, həmçinin avtomobil dayanacağına giriş üçün 3 köməkçi lift quraşdırılıb. Yanğından mühafizə üçün 200 kubmetrlik, tələbatı ödəmək üçün 520 kubmetrlik iki su anbarı tikilib. Bu günlərdə həmin ünvanda olub, bir neçə mənzilə baş çəkdik, ev sahiblərinin ürək sözlərini dinlədik.
Yeni mənzilin sevincini yaşayanlardan biri Xanım Bayramovanın ailəsidir. Uzun illər kirayədə yaşayan bu ailənin sevincini başa düşmək çətin deyil. Xanım Bayramova ilə mənzilində həmsöhbət olduq. Bildirdi ki, dövlətimizin yaratdığı imkandan istifadə edib mənzil alan gənclərdən biri də mənəm. Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı elan edilməsi ilində bu, mənə və digər gənclərə böyük qayğının ifadəsidir. Buna görə də dövlətimizə minnətdarlığımı bildirirəm. Artıq şəhərimizin görkəmli yerlərindən birində ikiotaqlı mənzilin sahibiyik.
“Gənclər şəhərciyi”ndə bir ünvan da var... Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçib ölümsüzlüyə qovuşan bir qəhrəmanın – Qabil Oruc­əliyevin Vətənə əmanət balasının – balaca Qabilinin böyüdüyü bu mənzil hamımız üçün doğmadı. Şəhərcikdə Naxçıvanın igid oğlunun evində də qonaq olduq. Qapını balaca Qabil özü açdı. Əlimdən yapışıb, yenicə kəlmə tutan şirin dili ilə: “Gəlin evimizə baxın”, – dedi və məni evlə tanış etdi.
Öyrəndik ki, mənzil tam təmir olunaraq lazım olan bütün əşyalarla təmin olunub, ailəyə verilib. Burada rahat yaşayış üçün hər cür şərait yaradılıb.
Şəhid eloğlumuzun anası Nuriyə xanımın dedikləri: – Oğlum Vətən qarşısında öz borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. Şəhadətindən bir ay keçməmiş muxtar respublika rəhbəri bizimlə görüşdü, bu mənzili hədiyyə etdi. Biz şəhid ailəsi kimi hər cür qayğı görürük. Baxıram, dünyanın heç də hər ölkəsində torpağı uğrunda canından keçənlərin ailələrinə bu qədər ehtiram, hörmət qoyulmur. Neçə illərdir ki, blokada şəraitində yaşamağımıza baxmayaraq, bu gün inkişaf edən dövlətimiz oğlumun əmanətini böyük qayğı ilə əhatə edib. Mən bir şəhid anası kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova şəhidlərimizin Vətənə əmanətlərinə bu cür qayğı göstərdiyinə görə minnətdaram.
Onu da qeyd edək ki, buradakı ticarət obyektlərinin fəaliyyəti də razılıq doğurur. Yeni mənzilə sahib olmuş Əli Kazımov bildirdi ki, şəhərcikdə fəaliyyət göstərən ticarət obyektlərində yaradılmış ideal şəraitə görə heç kimin ərazidən kənarda alış-veriş etməsinə ehtiyac qalmır. Burada salınmış yerüstü keçid vasitəsilə qısa zamanda ərazidə yerləşən “Cahan” Ticarət Mərkəzinin xidmətindən də istifadə etmək asanlaşıb. Yaxşı hal həm də ondan ibarətdir ki, şəhərcikdəki mağazalarda yerli məhsulların satışına üstünlük verilir. Bu da sakinlər tərəfindən razılıqla qarşılanır.
Şəhərciyə gəlmişkən buradakı bir neçə ticarət obyektinə də baş çəkdik. Ərzaq mağazasının satıcısı Şahmar Abbasov da burada görülən işlərdən razılığını bildirdi.
İnsanların rahatlığına, firavan həyat şəraitinə hesablanmış quruculuq işlərini gördükcə ürəyimiz fərəhlənir, bir daha əmin oluruq ki, muxtar respublikamızda bütün sakinlərin yaşayışını müasir standartlar səviyyəsində təmin etməyə səy göstərilir. Yaradılmış şərait isə ümumilikdə, insan amilinə xidmət edir.

 Ramiyyə ƏKBƏROVA
 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR