24 Dekabr 2024, Çərşənbə axşamı

Xəbər verdiyimiz kimi, Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndə­liyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
Kestutis Yankauskas “Şərq qapısı” qəzetinə müsahibəsində bildirib ki, səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirib. Səfərin məqsədi “Peşə Təhsili və Təlimi Seminarı”nda iştirak etməkdir. Bu seminarda avropalı və naxçıvanlı mütəxəssislər mövzu ilə bağlı elmi-təcrübi mübadilə aparacaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.
“Səfər həm də sentyabr ayında Naxçıvanda keçiriləcək Avropa günlərinə hazırlıq məqsədi daşıyır. Həmin tərdbir çərçivəsində Avropa İttifaqına üzv 20 dövlətin səfirliklərinin nümayəndələri Naxçıvana gələcək”, – deyən Kestutis Yankauskas vurğulayıb ki, bu tədbirlər gənclərə, təhsilə və biznesə həsr ediləcək. Naxçıvanla Avropa İttifaqı arasında bu sahələrin inkişaf etdirilməsi məsələləri birgə müzakirə olunacaq.
Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Eləcə də Naxçıvan 2018-ci il üçün Azərbaycanın Gənclər Paytaxtı və İslam Mədəniyyətinin Paytaxtıdır. Hiss edirik ki, gənclər bu tədbirlərdə fəal iştirak edirlər. Biz də Azərbaycan hökuməti ilə birgə azərbaycanlı gənclərin intellektual inkişafına və yaradıcılıq fəaliyyətinə daha çox diqqət yetirmək istəyirik.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri deyib: “Bu, mənim Naxçıvana ikinci səfərimdir. Bu müddət ərzində muxtar respublikanın sürətli inkişafının bir daha şahidi oldum. Naxçıvan Dövlət Universitetindəki elektron avadanlıqlar və qurulan virtual tədris mühiti məndə böyük təəssürat oyatdı. Əlbəttə, bu, texnologiyadan faydalanmaq, yeniliklər etmək üçün bir imkandır. Düşünürəm ki, biz burada “Erasmus +” proqramı çərçivəsində əməkdaşlığı daha da artıra bilərik”.

* * *

“2017-ci ilin yanvar ayının sonlarında başlayan “Azərbaycanda peşə təhsili və təliminin inkişafına Avropa İttifaqının dəstəyi” layihəsinin icrasında başlıca vəzifə Azərbaycanda ixtisaslı əmək qüvvəsinin yaradılması yolu ilə aparılan iqtisadi inkişafa xidmət etməkdir”.
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində layihənin rəhbəri Herman Sonneveld deyib.
O bildirib ki, əsas məqsədlərimizdən biri də həmin peşə təhsili sahəsində bacarıq və səriştələrin formalaşdırılmasıdır. Bütün bu işlərin bazasında qanunvericilik peşə təhsili alətləri və bacarıqlı əmək qüvvəsi olmalıdır. Burada əsas diqqət iş əsaslı təlimə yönəlməlidir. Təkcə məktəblər yox, eyni zamanda işəgötürənlər də bu işə səfərbər olmalıdırlar. Biz bu ilin payızında artıq yeni nəticəyə əsaslanan maliyyəyə dayanan sistemi pilot olaraq sınaqdan keçirmək istəyirik. Bu işi yeni əmək bazarına əsaslanmış kurikulumlarla birgə reallaşdıracağıq. Bu kurikulumlarda təkcə öyrənənlərin fəallıqları deyil, eyni zamanda müəllimlərin və mütəxəssislərin də fəaliyyəti çox mühüm rol oynayacaq. Öz məqsədlərimizə nail olmaq üçün biz, eyni zamanda məktəb idarəçilərinin və müəllimlərin təlimlərini həyata keçirəcəyik ki, məktəblərdə də müstəqil fəaliyyət prinsipləri formalaşsın.
Herman Sonneveld deyib: “Bizim fikrimizcə, bu sahədə maliyyələşdirmə təkcə dövlət tərəfindən deyil, eyni zamanda məktəblərin özlərinin gəliryaratma fəaliyyətləri ilə də aparılmalıdır, işəgötürənlər də bu işə investisiya yatırmalıdırlar. Bunun da məntiqi davamı olaraq bütün cəmiyyət inkişaf etmiş peşə təhsili və təliminin müsbət nəticələrini görəcək. İnsanlar yeni qanunvericiliyin də əhəmiyyətini anlamalıdırlar. Bu da ən sonda əmək bazarının və iqtisadiyyatın inkişafına öz töhfələrini verəcək. Biz bu işdə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə sıx əməkdaşlıq edirik”.

*  *  * 

Avropa Təlim Fondunun Əməliyyatlar şöbəsinin müdiri Anastasia Fetsi:
– Naxçıvan şəhər Peşə Liseyi ilə tanışlıq bizdə xoş təəssürat yaratdı. Burada yüksək səviyyəli infrastrukturun yaradıldığının şahidi olduq. Məktəbdə təhsil alanların nəzəri və praktik biliklərə yiyələnməsi üçün hərtərəfli şərait yaradılıb.
Liseydəki sinif otaqları və emalatxanaların lazımi avadanlıqlarla tam təchiz olunduğunu gördük. Mənim ən çox diqqətimi cəlb edən xalçaçılıq kursu oldu. Çünki bu qədim sənətin yaşadılması, fikrimcə, çox yaxşı haldır və o deməkdir ki, Naxçıvanda tarixən yaradılan peşə və sənətlərə ehtiramla yanaşılır.
Vurğulamaq istərdim ki, muxtar respublikada peşə təhsilinin dünya standartlarına cavab verməsinə böyük diqqət göstərilir. Bu sahənin inkişaf etdirilməsi dünyada qlobal tendensiyalardan biridir. Yəni reallıq budur ki, peşə təhsilinin daha da inkişaf etdirilməsinə hər yerdə ehtiyac var. Naxçıvanda bu məsələ öz həllini tapıb.
Burada olmaqdan çox məmnunam, bizə göstərilən qonaqpərvərliyə görə ­minnətdarlığımı bildirirəm.

Tural AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR