Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi və təşkilatın Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Gender bərabərliyi siyasətinin Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva “Simvolik Azərbaycan qadını obrazında akademik Zərifə xanım Əliyeva: həyatı və yaradıcılığı” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycan qadını Zərifə xanım Əliyeva timsalında daim axtarışda olan, yenilikçi, inkişafa meyilli, gözəl ana, qayğıkeş valideyn kimi diqqətdə olub.
Qeyd olunub ki, görkəmli akademik klinik və nəzəri oftalmologiya sahəsində fundamental tədqiqatlar aparmaqla bu sahənin inkişafının əsasını qoyub.
“Azərbaycanda gender bərabərliyi siyasəti” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev ölkəmizdə aparılan qadın siyasəti, gender bərabərliyi barədə qəbul olunan qərarlar, fərmanlar, sərəncamlar haqqında ətraflı söhbət açıb. Bildirilib ki, Azərbaycanda aparılan gender siyasəti beynəlxalq arenada qəbul edilən bütün prinsipləri özündə ehtiva edir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü, Naxçıvan Dövlət Universitetinin tələbəsi Aytən Qasımova “Tarixdə və günümüzdə Azərbaycan qadını” mövzusundakı çıxışında qeyd edib ki, akademik Zərifə xanım Əliyeva şəxsiyyətində birləşdirdiyi yüksək xüsusiyyətləri, xəstələrə şəfqətli, humanist münasibəti ilə insanlığın parlaq siması kimi dəyərlidir. O, öz peşəsi ilə sübut edib ki, Azərbaycan qadını hər bir sahədə bütün uğurların zirvəsində dayana biləcək qədər qüdrətlidir. Təqdirəlayiq haldır ki, bu gün müasir Azərbaycan qadını da milli-mənəvi dəyərlərimizə bağlı formada yetişir, təhsil alır və ideal Azərbaycan qadını olmaq yolunda özünü daim təkmilləşdirir.
Xəbərlər şöbəsi