Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının şura iclasında bu ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli məruzə edib.
Bu il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin inamlı qələbə qazandığını qeyd edən Elman Cəfərli bildirib ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının üzvləri bu seçkilərdə də yüksək fəallıq nümayiş etdiriblər.
2018-ci ilin birinci rübündə görülmüş işlər barədə danışan Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri deyib ki, təşkilat öz fəaliyyətində Yeni Azərbaycan Partiyasının ümumi inkişaf tendensiyası ilə ayaqlaşmağa səy göstərərək 2017-ci ili qənaətbəxş şəkildə başa vurduqdan sonra, 2018-ci ilin ilk rübündə də partiyanın yuxarı orqanlarının qərar, sərəncam, tapşırıq və göstərişlərini əldə rəhbər tutaraq öz fəaliyyətini partiya rəhbərliyinin tələbləri səviyyəsində qurmağa çalışıb. Bu baxımdan, ilk növbədə, partiya fəaliyyətinin əsasını təşkil edən partiya sıralarının kəmiyyət və keyfiyyət baxımından inkişafı məsələsi daim diqqət mərkəzində olub. Nəticədə, 2018-ci il aprelin 1-nə olan məlumata görə, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı üzvlərinin sayı 17 min 366 nəfərə çatıb. Onların 9 min 128-ni, yaxud 52,6 faizini qadınlar, 10 min 384-nü, yaxud 59,8 faizini 18-35 yaşlı gənclər təşkil edir. Üzvlərimizdən 2 nəfəri Azərbaycan Respublikası Milli Məclisinin, 20 nəfəri isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarıdır. Təşkilatımızda, həmçinin 2 akademik, 6 AMEA-nın müxbir üzvü, 27 elmlər doktoru, 162 müxtəlif elmlər üzrə fəlsəfə doktorları təmsil olunur.
Vurğulanıb ki, ötən 3 ayda partiyaya qəbul olunmaq üçün müraciət edən 398 nəfərdən 373 nəfəri Yeni Azərbaycan Partiyasına üzv qəbul olunub ki, onların da 363 nəfərini və ya 97,3 faizini 18-35 yaşlı gənclər, 230 nəfərini və ya 61,6 faizini qadınlar təşkil edir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri qeyd edib ki, hesabat dövründə 3 İdarə Heyəti, 1 şura iclası keçirilib. İdarə Heyətinin iclaslarında 9, şura iclasında isə 1 məsələ müzakirə mövzusu olub, müvafiq qərarlar qəbul edilib.
“Hazırda qarşıda duran əsas vəzifələrdən biri siyasi-ideoloji işin daha da təkmilləşdirilməsidir. Məlum olduğu kimi, 2018-ci il bir sıra tarixi hadisələrlə bağlı yubileylər ilidir. Hesabat dövründə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı tərəfindən azərbaycanlıların soyqırımının 100 illiyi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə elmi konfranslar keçirilib”, – deyən Elman Cəfərli diqqətə çatdırıb ki, qarşıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı geniş elmi konfrans, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik və Milli Qurtuluşun 25 illik yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Sonra məruzə ətrafında ərazi ilk partiya təşkilatı sədrlərindən Gülçin Dünyamalıyevin, Çimnaz Nərimanovanın və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyevin çıxışları dinlənilib.
* * *
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında 2018-ci ilin I rübündə görülmüş işlər, qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncaqda təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov hesabat məruzəsi ilə çıxış edib.
Qeyd olunub ki, bu il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində xalqımız bir daha tarixi seçim edərək sabitliyə, inkişafa, sosial-iqtisadi tərəqqiyə, demokratik dəyərlərə səs verdi. Sədərək rayonunda seçicilərin 94,5 faizi cənab İlham Əliyevi dəstəklədi.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı İdarə Heyətinin 4, şurasının isə 2 iclası keçirilib. I rüb ərzində partiya sıralarına qəbulda keyfiyyət amilinə böyük önəm verilib, gənclərin Yeni Azərbaycan Partiyasına qəbul edilməsi diqqətdə saxlanılıb. Hesabat dövründə rayon partiya təşkilatının sıralarına 17 nəfər üzv qəbul edilib.
Diqqətə çatdırılıb ki, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının əhatə etdiyi 21 ilk partiya təşkilatının qeydiyyatında 1515 nəfər üzv vardır. Partiya üzvlərinin 296 nəfəri qadınlar, 389 nəfəri isə gənclərdir.
Arif Qasımov deyib ki, 2018-ci ildə partiya üzvlərinin qarşısında duran əsas vəzifələr sakinlər arasında ideya-siyasi işi gücləndirməkdir. Hər bir partiya üzvü Proqram və Nizamnamənin tələblərinə, prinsiplərinə əməl etməli, siyasi proseslərdə, rayonda gedən quruculuq-abadlıq işlərində, yaşıllaşdırma tədbirlərində və qarşıya qoyulan digər vəzifələrin həyata keçirilməsində fəallıq göstərməlidir.
Bildirilib ki, bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcəkdir. Bu məqsədlə rayon ərazisində ulu öndər Heydər Əliyevin siyasi irsinin gənclərə öyrədilməsi istiqamətində müvafiq tədbirlər keçirilməli, ərazi ilk partiya təşkilatları fəallıq göstərməlidirlər.
Sonra məruzə ətrafında partiya fəallarının çıxışları olub. Yığıncaqda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Təşkilatın Gənclər Birliyinin sədri Polad Rzazadə, təşkilat üzvü Bulud Bağırlı çıxış ediblər.
Xəbərlər şöbəsi