Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Naxçıvan şəhər “Gənclik” Mərkəzində aprel şəhidlərinə həsr olunmuş “Şəhidim – sənsən uğurum” adlı tədbir keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, sonra Heydər Əliyev adına Hərbi Lisey kursantlarının Vətənə sədaqət andı nümayiş olunub.
Tədbirdə giriş sözü ilə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş milli qəhrəmanların, gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsinin, qəhrəmanlıq nümunələrinin gənc nəslə təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb.
Universitetin Tarix-filologiya fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Rəsul Bağırov və Mətbuat şöbəsinin müdiri, Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müəllimi Səadət Əliyeva, Regional İnformasiya Mərkəzinin gözdən əlillərin kompüter mütəxəssisi Elməddin Kərimov çıxış ediblər. Qeyd ediblər ki, 2016-cı ilin aprel hadisələri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini göstərən döyüşlər kimi tarixin yaddaşına həkk olunub.
Bədii hissədə Jurnalistika ixtisası üzrə I kurs tələbələrinin iştirakı ilə Universitet Televiziyasında aprel şəhidləri haqqında hazırlanmış qısametrajlı film göstərilib. Universitetin Tələbə Teatr Studiyasının, İncəsənət fakültəsi tələbələrinin çıxışları, şəhid Rasim Məmmədovun oğlu Asim Məmmədovun atasına ünvanladığı şeir tədbiri daha da yaddaqalan edib. Sonda universitetin Jurnalistika ixtisası üzrə I kurs tələbələrinin 2018-ci ilin fevralında Cocuq Mərcanlıya səfərindən hazırlanan videoçarx nümayiş olunub.
Taleh HAXVERDİYEV