24 Dekabr 2024, Çərşənbə axşamı

Bu ilin oktyabr ayında Babək rayonunun yaradılmasının 40 illiyi tamam olur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinın Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamın preampula hissəsində qeyd olunur: “Ötən əsrin 70-ci illərində xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq xətti Azərbaycanın regionlarını da əhatə etmiş, Naxçıvan Muxtar Respublikasında yeni rayonun yaradılması qərara alınmışdı. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş rayona xalq qəhrəmanı Babəkin adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim azərbaycançılıq mövqeyində dayanması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi idi...”

Bəli, 40 il bundan əvvəl keçmiş Naxçıvan rayonunun tərkibindən ayrılaraq təşkil olunan yeni rayonun xalq qəhrəmanının adına rəsmiləşdirilməsi o dövr üçün çox riskli bir addım idi. Həm də nəzərə alaq ki, bu ad hər hansı bir küçə, prospekt və yaxud meydan kimi ünvanlara deyil, birbaşa ərazi vahidi kimi təşkil olunmuş yeni rayona verilirdi. O dövrdə SSRİ-nin tərkibində yaşayan xalqların, xüsusilə türk xalqlarının tarixi keçmişi ilə bağlı bütün əlaqələrin kəsilməsinə yönəlmiş ideoloji xətt aparılan dövlət siyasətinin mühüm hissəsini təşkil edirdi. Bu ideologiyanın nəticəsi idi ki, sovet tarixşünaslığında Babək sadə xalq kütlələrinin müdafiəçisi qismində çıxış edən üsyançı kimi qələmə verilirdi. Babəkə sinfi qəhrəman donu geyindirməyə çalışan bu ideoloji konsepsiya, təbii ki, Azərbaycanın milli dövlətçilik tarixində baş verən prosesləri mahiyyəti ilə çatdırmağa imkan verə bilməzdi. Halbuki Babək Azərbaycan tarixinin ən şanlı səhifələrinə öz adını qızıl hərflərlə yazmış bir tarixi şəxsiyyət və xalq qəhrəmanıdır. Azadlığı, müstəqilliyi hər şeydən üstün tutan, zülmə boyun əyməyən, Vətəni üçün canından keçən Babək, eyni zamanda özünün ən məşhur kəlamı ilə azərbaycançılıq ideologiyasının xarakterini təsvir etmişdir: qırx il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq daha yaxşıdır!

Təbii ki, Babək kimi tarixi şəxsiyyətə obyektiv qiymət vermək, onun həyat və fəaliyyətini, mübarizə amalını dəyərləndirərək təbliğ etmək, ilk növbədə, uzaqgörənlik və milli düşüncəyə hakim olmaqdan keçirdi. Məhz Heydər Əliyev kimi dahi şəxsiyyətin fəaliyyətində Babəkin əsrlər sonra xalq qəhrəmanı kimi yenidən öz təsdiqini tapması həmin dövrdə ictimai quruluşun bütün tələblərini pozaraq alt-üst edirdi. Bu azad düşüncənin məhsulu olan qərar, eyni zamanda ulu öndərin gələcək müstəqil Azərbaycan uğrunda apardığı böyük siyasətin qələbəsi idi.
Təşkil olunduğu dövrdən ötən müddət ərzində Babək rayonu hərtərəfli inkişaf edərək Heydər Əliyev ideyalarının uğurlu nəticələrinin əyani ifadəsinə çevrilən bir bölgəyə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafındakı rolu nəzərə alınaraq 2008-ci il 7 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Babək rayonunun təşkil olunmasının 30 illiyi haqqında Sərəncam imzalamış və qəbul edilmiş tədbirlər planına əsasən yubiley geniş şəkildə qeyd olunmuşdur.
Bu gün isə Babək rayonu ömrünün 40-cı baharını yaşayır. Bu 40 il ərzində xalq qəhrəmanının adını daşıyan rayon böyük bir inkişaf yolu qət etmişdir. 75 min sakini olan rayonun əksər kəndlərində kompleks quruculuq işləri aparılmış, rayon ərazisi elektrik enerjisi və təbii qazla, poçt, genişzolaqlı və simsiz internet xidmətləri ilə təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart ­tarixli Sərəncamına əsasən Hacıvar-Vayxır-Sirab, 2014-cü il 27 avqust tarixli Sərəncamına əsasən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Azad­kənd dairəvi avtomobil yolu, həmçinin Yarımca-Qahab-Nəcəfəli dizə-Naxışnərgiz avtomobil yolu yenidən qurulmuşdur. Rayon mərkəzi ilə yanaşı, kəndlərdə də təhsil, səhiyyə, mədəniyyət müəssisələri, inzibati binalar və xidmət sahələri tikilərək istifadəyə verilmişdir. Təkcə 2017-ci ildə rayon İcra Hakimiyyətinin inzibati binası, Gərməçataq və Payız kəndlərində məktəb binaları, kənd və xidmət mərkəzləri, Nehrəm kəndində Heydər Parkı istifadəyə verilib, Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsinə birləşdirən yol, eləcə də həmin kəndlərdə içməli su və kanalizasiya şəbəkəsi qurulub. 2017-ci ildə iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 66 milyon 617 min 100 manat vəsait yönəldilib. Bu da bir il öncəki göstəricidən 0,7 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 64 milyon 307 min 800 manatı və ya 96,5 faizi tikinti-­quraşdırma işlərində istifadə edilib. Su təchizatı və kanalizasiya investisiya proqramına uyğun olaraq hər iki kənddə, ümumilikdə, 37,3 kilometr uzunluğunda müxtəlif diametrli borularla içməli su xətti çəkilib, 1103 evə su verilərək sayğac quraşdırılıb, 4 mindən artıq sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Şıxmahmud və Xəlilli kənd­lərində müxtəlif diametrli borularla 34,5 kilometr uzunluğunda kanalizasiya xətləri də çəkilib və bütün mənzillər şəbəkəyə qoşulub.
Babək rayonu ötən dövrdə aqrar, eyni zamanda sənaye bölgəsi kimi inkişaf edərək muxtar respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayır. Rayonda müxtəlif profilli yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması sənayenin inkişafını təmin edib. Eyni zamanda fermer və torpaq mülkiyyətçilərinə maliyyə dəstəyinin artırılması, müxtəlif güzəştlərin tətbiqi, texnika və avadanlıqlarla təminatın yaxşılaşdırılması, meliorasiya tədbirlərinin gücləndirilməsi, yeni açıq və qapalı su xətlərinin çəkilməsi kənd təsərrüfatının inkişafına əhəmiyyətli təsir göstərib. Ötən il rayon üzrə 117909,9 min manatlıq, yaxud 2016-cı illə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal olunub. Kənd təsərrüfatı məhsullarının həcmi isə 90348,1 manat və yaxud 2016-cı illə müqayisədə 0,4 faiz çox olub.
Babək rayonu ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının nəticəsi kimi 40 il bundan əvvəl həyata vəsiqə qazanan, həm də bu ideologiyanın işığında inkişaf edən rayonlarımızdandır.

Bəli, Azərbaycanın böyük xalq qəhrəmanı Babək bir gün azad yaşamağı qırx il qul kimi yaşamaqdan üstün tuturdu. Xalqımızın ümummilli lideri Heydər Əliyev isə müstəqil Azərbaycanı yenidən qurmaqla əsl azadlığın xalqımız üçün əbədi olduğunu təmin etmişdir. Azərbaycanda xalq qəhrəmanının adına ən böyük ünvan olan Babək rayonu isə bu azadlığın və müstəqilliyin işığında inamla inkişaf edir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR