Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun bir neçə birləşmə və hissələrinin qərargah və bölmələrinin cəlb edilməsi ilə keçirilən komanda-qərargah təlimi başa çatıb.
Təlim çərçivəsində qoşunların döyüşə hazırlığının yoxlanılması məqsədilə birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Cəmləşmə rayonlarında idarəetmə sistemləri vasitəsilə qoşunların idarə olunması praktik həyata keçirilib.
Təlimdə döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsinə, qərargahlar tərəfindən əməliyyat planlarının hazırlanmasına, mürəkkəb əməliyyat şəraitində qoşunların döyüş fəaliyyətlərinin idarə edilməsinə, qarşılıqlı fəaliyyətin və təminatın təşkilinə xüsusi diqqət yetirilib. Təlimin ssenarisinə əsasən praktik fəaliyyətlərə cəlb edilən bölmələr yaranmış əməliyyat şəraitinə uyğun olaraq şərti düşmənin hücumunu dəf edərək onları öz mövqelərinə çəkilməyə məcbur edib, aktiv fəaliyyətlərlə yüksəklik və hüdudları ələ keçirib.
Tabor və bölük taktiki qruplarının hücumunu artilleriya bölmələri praktik atəşlə dəstəkləyib, mühəndis-istehkam bölmələri qrupların maneəsiz hərəkətini təmin edib.
Taktiki qrupların fəaliyyəti Ordu aviasiyası və hava hücumundan müdafiə bölmələri tərəfindən havadan himayə edilib, taktiki desantın təyin olunmuş rayonlara çıxarılması həyata keçirilib.
Zabitlərin və qərargahların komanda-qərargah təlimində iştirakının yüksək səviyyədə təşkil olunması məqsədilə Təlim-Tədris Mərkəzinin Simulyasiya Mərkəzində qarşıda duran tapşırıqların kompüter üzərindən məşqi keçirilən fəaliyyətlərin nəticələri təhlil edilib.
Tapşırıqların yüksək peşəkarlıqla yerinə yetirilməsi nəticəsində komanda-qərargah təlimi uğurla başa çatıb.
Nəriman NƏCƏFOV