24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının şura iclasında təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev əvvəlcə respublikamızda bu il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələrindən danışıb. Qeyd edib ki, ölkəmizdə yüksək səviyyədə baş tutan bu siyasi kampaniyada təşkilat üzvləri də fəallıq nümayiş etdiriblər. Şərur rayonundakı seçicilər seçkilərdə fəallıqları ilə diqqəti cəlb ediblər. Respublika üzrə seçicilərin, ümumilikdə, 86 faizindən çoxunun ölkənin taleyini növbəti dəfə cənab İlham Əliyevə etibar etməsi isə xalq-hakimiyyət birliyinin sarsılmaz olduğunu bir daha sübut edib.
Əmir Babayev daha sonra Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının 2018-ci ilin birinci rübündə gördüyü işlər və qarşıda duran vəzifələrdən danışaraq bildirib ki, iş planına uyğun olaraq idarə heyəti və şura üzvləri fəaliyyətlərini ərazi ilk təşkilatları ilə birgə davam etdirib, yerlərdə sakinlərlə görüş­lər keçirib, partiyanın siyasi xəttinin təbliği istiqamətində işlər aparıblar. Həmin görüşlərdə, əsasən, ölkəmizdə, eləcə də muxtar respublikada, o cümlədən Şərur rayonunda regional inkişaf proqramlarının icrası istiqamətində görülən işlərin, tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma tədbirlərinin əhəmiyyəti vurğulanıb, aqrar sahənin inkişafı, yazlıq əkinlərin optimal müddətdə başa çatdırılması, məhsul istehsalının artırılması, daxili bazarın yerli məhsullar hesabına tənzimlənməsi, yaşıl­lıqlara qulluq və yeni meyvə bağlarının salınması sahəsində qarşıya qoyulmuş vəzifələr və görülən işlər müzakirə olunub. Təşkilat üzvləri yaz iməcilikləri çərçivəsində ağacəkmə kampaniyasında, yaşıllıqlara qulluq işlərində də fəallıq nümayiş etdirirlər.

Əmir Babayev bildirib ki, təşkilatın üç ayda 1 şura, 3 idarə heyəti yığıncağı keçirilib. Yığıncaqlarda görülən işlər müzakirə edilib, hər bir ərazi ilk təşkilatının, ümumilikdə, bütün partiya üzvlərinin qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi sahəsində görəcəyi işlər müəyyənləşdirilib.
Məlumat verilib ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibindəki 87 ərazi ilk təşkilatında 10 min 455 partiya üzvü vardır ki, bunların da 3 min 1-ni, yəni 28,7 faizini qadınlar, 3 min 13-nü, yəni 28,8 faizini gənclər təşkil edir. Bu ilin üç ayı ərzində Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş 50 nəfərin 47-si gənclərdir. Ümumiyyətlə, gənclərin partiya sıralarına qəbulu ildən-ilə artan templə müşayiət olunur ki, bu da onların ölkə rəhbərinin apardığı siyasəti dəstəkləmələrinin, iqtidar partiyasının üzvü olmaqdan qürur duymalarının ifadəsidir.
Müzakirələrdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının Zeyvə, Danyeri və Axaməd kənd ərazi ilk partiya təşkilatlarının sədrləri Məhərrəm Rəhimov, Miryəhya Seyidov və Sərxan Quliyev çıxış ediblər.

Elman MƏMMƏDOV

*  *  *

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatında keçirilən şura iclasında 2018-ci ilin ilk rübünün yekunları müzakirə edilib, qarşıda duran vəzifələrdən söhbət açılıb.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, bu il aprelin 11-də keçirilən növbəti prezident seçkilərində xalqımız bir daha tarixi seçim edərək sabitliyə, inkişafa, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqiyə, demokratik dəyərlərə səs verdi, cənab İlham Əliyevə sarsılmaz etimad göstərdiyini bir daha nümayiş etdirdi.
Vurğulanıb ki, yüksək inkişaf yolunda inamla addımlayan Naxçıvan Muxtar Respublikasında da bu gün əldə olunan nailiyyətlər ulu öndərin yolunun və ideyalarının uğurla davam etdirilməsinin bariz ifadəsidir. Hərtərəfli inkişaf edən respublikamız və onun ayrılmaz tərkib hissəsi olan qədim diyarımız Heydər Əliyev ideyalarının işığında özünün yüksəliş mərhələsini yaşayır. İnkişaf və tərəqqiyə qovuşan Kəngərli rayonu da həyata keçirilən quruculuq tədbirləri nəticəsində başdan-başa abadlaşıb, infrastruktur ən müasir səviyyədə yenidən qurulub.
Sevda Quliyeva vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının 31 ərazi ilk partiya təşkilatında birləşən 3 min 68 partiya üzvündən 1221-i, yəni 39 faizi qadınlardan, 972-si, yəni 31 faizi isə gənclərdən ibarətdir. 2018-ci ilin ilk rübündə Yeni Azərbaycan Partiyası sıralarına 41 üzv qəbul edilib, bunlardan 29-u qadın, 28 nəfəri isə gənclərdir.
Qeyd olunub ki, partiyanın rayon təşkilatı öz fəaliyyətini ilin əvvəlindən müəyyən olunmuş iş planına və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələbləri səviyyəsində qurub. Vaxtında keçirilən partiya yığıncaqlarında görülən işlərin hesabatı dinlənilib, işin keyfiyyətinin artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Ərazi ilk partiya təşkilatlarının fəaliyyətinə nəzarət artırılıb, onlara metodik köməkliklər göstərilib. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan partiya üzvlərinin siyasi-ideoloji hazırlığı diqqət mərkəzində saxlanılıb, keyfiyyət amilinə üstünlük verilib. 2018-ci ilin I rübündə təşkilatın 1 şura, 3 idarə heyəti yığıncağı keçirilib.
Diqqətə çatdırılıb ki, bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü qeyd edilir. Bu məqsədlə rayon ərazisində ulu öndər Heydər Əliyevin siyasi irsinin gənclərə öyrədilməsi məqsədilə müvafiq tədbirlər keçirilməli, ərazi ilk partiya təşkilatları fəallıq göstərməlidirlər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Qadınlar Şurasının sədri Xəzəngül Orucova, təşkilatın Gənclər Birliyinin sədri Süleyman Süleymanov, Qıvraq qəsəbə ərazi ilk partiya təşkilatının sədr müavini Vüsalə Musayeva, rayon Elektrik Şəbəkəsi ilk partiya təşkilatının sədri Elmar Səfərov çıxış ediblər.
Şura iclasında müzakirəyə çıxarılan məsələ ilə əlaqədar qərar qəbul olunub.

Babək İSMAYILOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR