24 Dekabr 2024, Çərşənbə axşamı

Yengicə Şərur rayonunun orta əsrlərə aid edilən yaşayış məskənlərindən biridir. Kənddəki köhnə hamam, üstüörtülü çarşı, buzxana və karvaransaray o dövrdə tikilib. Kənddə sənətkarlara məxsus xüsusi məhəllə də olub. Onlardan biri xalq arasında “Çölməkçilər küçəsi” adı ilə hələ də qalmaqdadır. Uzun illər boyu burada binaların tikintisində tağbənd və günbəzlərdən geniş istifadə olunub.

Şərq memarlığı üslubunda inşa edilmiş, XVIII əsrə məxsus qiymətli tarixi abidələrdən biri – Yengicə hama­mının burada yerləşməsi kəndin tarixinin qədimliyinini bird aha təsdiq edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüs və qayğısı ilə muxtar respublikadakı digər tarixi abidələr kimi Yengicə hamamının da bərpası artıq tamamlanmaq üzrədir. Ümumi sahəsi 650, içərisinin sahəsi 545 kvadratmetr olan hamamın zalları örtən sferik günbəzlər, girişdəki sadə formalı baştağ və digər xidməti otaqlar qismən dağıntıya məruz qalsalar da, daxili planı yaxşı vəziyyətdədir. Bu da hamamın ilkin quruluşunu hərtərəfli bərpa etməyə imkan verib. Milli memarlıq ənənələri əsasında aparılan işlər nəticəsində tarixi abidənin əvvəlki görünüşünün bərpası uğurla tamamlanmaqdadır.

XIX əsrin sonu, XX əsrin əvvəllərində Yengicə Şərur-Dərələyəz qəzasında mühüm mərkəzlərdən biri və qəza inzibati-ərazi bölgüsünün mərkəzi kimi tanınıb. Mənbələrdə “Yenicə” (Yengicə) adına bir neçə nahiyədə rast gəlinir, o cümlədən Naxçıvan nahiyəsində “Yenicə” adlı kəndin mövcud olması ilə bağlı məlumatlar vardır. Şərur rayonundakı kənd adı isə 1728-ci ilə aid mənbədə qeydə alınıb və yaşayış məntəqəsinin başqa adının Qazançılı olduğu göstərilib. Həmin dövrdə Qışlağat nahiyəsində də eyni­adlı kənd olub.
“Yengicə” sözü Azərbaycan dilində “yenicə”, “az əvvəl”, digər türk dillərində “təzə”, “yeni” anlamlarında işlənir və bir qrup ailənin (yaxud bir nəslin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə nəzərdə tutulur. Demək, Yengicə “yeni salınmış kənd”, “icma torpağında yaranmış məntəqə” ­mənasındadır.
Muxtar respublikamızda aparılan quruculuq işlərindən öz payını alan bu kənd tamamilə yenidən qurulub.
Kənddə 568 yerlik, zirzəmi qatı ilə birlikdə 4 mərtəbədən ibarət yeni orta məktəb binası şagird və müəllimlərin istifadəsinə verilib. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı təhsil ocağının açılış mərasimində iştirak edib, görülən işlərdən, yaradılan şəraitdən razı qaldığını bildirərək deyib: “Bu məktəb əslində kənd məktəbinə oxşamır. Çox əzəmətli gözəl, geniş və işıqlı bir məktəbdir”.
Müasir layihə əsasında inşa olunan yeni təhsil ocağında şagirdlərin ixtiyarına 32 sinif otağı ilə bərabər, kitabxana, idman zalı da verilib. Onların müasir informasiya texnologiyalarına yiyələnə bilməsi üçün məktəbdə kompüter sinifi yaradılıb. Buradakı sinif otaqları, fənn kabinələri və laboratoriyalar lazımi avadanlıqlarla, mebel dəstləri ilə təmin olunub. Hazırda məktəbdə təhsil alan 340 şagirdin təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur. 2016-2017-ci tədris ilində bu təhsil ocağını bitirən məzunlardan 5-i ali məktəblərə, 4-ü isə orta ixtisas müəssisələrinə qəbul olub.
Müəllimlərlə söhbət zamanı öyrəndik ki, Naxçıvanda ilk təhsil ocaqlarından biri 1882-ci ildə burada açılıb. Bu xeyirxah işin təşəbbüskarı və təşkilatçısı dövrün maarifpərvər ziyalılarından olan Mirzə Ələkbər Süleymanov məktəb açılan il kənddə 11 uşağı təhsilə cəlb edib. 1884-cü ildə isə məktəb üçün ikisinifli bina inşa edilərək daha artıq uşağın təhsil almasına şərait yaradılıb. Qori Müəllimlər Seminariyasının məzunu olan bu ziyalı bununla rayon əhalisinin maariflənməsinə kömək edib. Məktəbin məzunları sırasında dövlət, elm və mədəniyyət xadimləri, hüquq­şünaslar, həkimlər, sənət adamları var. Azərbaycan elminin görkəmli nümayəndələrindən Asəf Nadirov, Həsən Şirəliyev, Yusif Seyidov kimi alimlər bir vaxtlar ­təhsillərini bu məktəbdə alıblar. Sosialist Əməyi Qəhrəmanı Tamam Əliyeva da bu təhsil ocağının ­məzunudur.
Buradakı görkəmi ilə gözoxşayan ikimərtəbəli kənd mərkəzinin birinci mərtəbəsində poçt bölməsi, elektrontipli 480 yerlik ATS, baytar məntəqəsi, kənd kitabxanası yerləşir. İkinci mərtəbədə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı fəaliyyət göstərir. 70 yerlik iclas zalı da buradakı qurumların ixtiyarına verilib.
Kənd mərkəzinin qarşısında “Heç kim unudulmur” adlı abidə kompleksi yaradılıb. Ağdərə kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Siyavuş Həsənovun büstü də burada ucaldılıb.
Kəndə müasir görkəm verən ikimərtəbəli həkim ambulatoriyası yaşayış məntəqəsinin mərkəzində yerləşir. Əvvəllər kənd sakinləri müayinə üçün rayon mərkəzinə üz tuturdularsa, artıq buna ehtiyac qalmayıb. Həkim ambulatoriyası yenitipli avadanlıqlarla təchiz olunub, 2 çarpayılıq palata xəstələrin ixtiyarına verilib. Burada 2 həkim, 4 tibb işçisi kənd sakinlərinə tibbi yardım göstərir. Bütün bunlarla yanaşı, kənddə ticarət obyektinin fəaliyyət göstərməsi də sakinlərin ürəyincədir.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Xəyal Cabbarovdan öyrənirik ki, kənddə 4593 nəfər yaşayır və onlar 1080 təsərrüfatda birləşiblər. Aqrar islahatlar zamanı əhalinin istifadəsinə 407 hektar torpaq sahəsi verilib, 200 hektar bələdiyyə, 10 hektar torpaq dövlət mülkiyyətində saxlanılıb. Kənd adamları həmin torpaqlardan lazımi qaydada istifadə edir, yerli məhsul bolluğu yaradırlar. İnzibati ərazi dairəsi üzrə nümayəndə onu da deyir ki, taxıl əkini sahələrini ilbəil genişləndiririk. Həm özümüzün çörəyə olan tələbatını ödəyir, həm də mal-qara üçün bol yem bazası yaradırıq. Tonlarla kartofumuz, sarımsaq və digər tərəvəz məhsullarımız olur. Əkin sahələrimizi üzvi gübrələrlə münbitləşdiririk. Suvarma suyuna olan ehtiyac isə kənd ərazisindəki 13 subartezian quyusundan və Arpaçaydan gətirilən suvarma kanalları vasitəsilə ödənilir.
Kənd sakinlərinin həyətyanı və pay torpaqlarında əkib-becərdikləri meyvə bağlarındakı ağaclardan ötən il də bol məhsul götürülüb. Yaşayış məntəqəsində arıçılıq da inkişaf edib. Ərazilərin hər birində arı ­yeşiklərinə rast gəlinir.
Muxtar respublikamızın digər bölgələri kimi Yengicə kəndi də dövlətimizin diqqət və qayğısı sayəsində müasirləşən kəndlərimizin sırasına qoşulub. Yaşayış məntəqəsində yaradılan hərtərəfli şərait kənd sakinlərini yurd yerinə qəlbən bağlayıb.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR