Naxçıvan Dövlət Universitetində Heydər Əliyev lektoriyasının görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 95 illiyinə həsr olunmuş 221-ci məşğələsi keçirilib.
Məşğələni giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tibb elminin oftalmologiya sahəsində görkəmli alim, elm təşkilatçısı və ictimai xadim, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın nümunəvi həyat yolundan danışıb. Qeyd olunub ki, aprel ayının 28-də 95 illiyi tamam olacaq görkəmli akademik respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Rektor yüksək keyfiyyətlərə malik səmimi və xeyirxah insan, fədakar ömür yoldaşı və ana – Zərifə xanım Əliyevanın şərəfli həyat yolunun gənc nəsil üçün əsl nümunə olduğunu vurğulayıb.
Tibbi kliniki fənlər kafedrasının müəllimi, tibb üzrə fəlsəfə doktoru Nüsrət Həsənovun “Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti” adlı məruzəsində bildirilib ki, görkəmli akademik oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparıb. Vurğulanıb ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva, həmçinin yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.
Sonda görkəmli oftalmoloq-alimin həyat yolunu əks etdirən film nümayiş olunub.
Nərmin CABBAROVA