24 Dekabr 2024, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri ­Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi geniş şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər həyata keçirilir. Tədbirlər Planına əsasən təhsil və mədəniyyət müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sərgilər təşkil edilmişdir. Bununla yanaşı, may ayında yubiley tədbirinin, ümumtəhsil məktəbləri üçün akademiyanın Naxçıvan Bölməsində “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda interaktiv dərsin keçilməsi, “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalının bir nömrəsinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunması nəzərdə tutulmuşdur. “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda elmi konfrans da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il ­ 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq keçirilir.

Qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirmiş, qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən olmuş, dövlət strukturları, nizami milli ordu yaratmış, Azərbaycan dilini dövlət dili elan etmiş, ölkənin milli sərhədlərini müəyyənləşdirmiş, rəsmi dövlət bayrağını qəbul etmiş, sosial və iqtisadi sahələrin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri ­Rəhman Məmmədov vurğulamışdır ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçilik ənənələri ümummilli liderimiz Heydər Əliyev tərəfindən uğurla həyata keçirilmişdir. 1990-1993-cü illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan parlamentində Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuş, milli atributların qəbul olunması barədə Azərbaycan Ali Soveti qarşısında məsələ qaldırılmışdı. Bununla yanaşı, ümummilli lider Heydər Əliyev muxtar respublikada ilk dəfə olaraq milli ordunu yaratmaqla Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə başlanan ordu quruculuğu missiyasını bərpa etmişdir.
Diqqətə çatdırılmışdır ki, Naxçıvanın tarixi taleyində Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi rolu və yeri vardır. 1918-1920-ci illərdə Naxçıvan daim cümhuriyyət rəhbərlərinin diqqət mərkəzində olmuş, onlar Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması istiqamətində zəruri tədbirlər görmüşlər. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrlərdə Naxçıvanın muxtariyyət statusunu əldə etməsində mühüm rol oynamışdır. Çox təəssüf ki, müstəqillik illərinə qədər tariximizin 1918-1920-ci illəri, xüsusən də Azərbaycan Xalq Cümhuriyyəti – Naxçıvan məsələləri lazımi səviyyədə elmi tədqiqata cəlb olunmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında akademiyanın Naxçıvan Bölməsində Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasətində Naxçıvanın yeri məsələsi ilə bağlı araşdırmalar aparılmış, 2010-cu ildə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan” kitabı nəşr olunmuş, muxtar respublikada bir sıra tədbirlər həyata keçirilmişdir.
Qeyd olunmuşdur ki, “Naxçıvan Azərbaycan Xalq Cümhuriyyəti dövründə: tarixilik və ərazi bütövlüyünün qorunması” mövzusunda keçirilən elmi konfrans da Azərbaycan Xalq Cümhuriyyəti – Naxçıvan məsələlərinin tədqiqi sahəsində görülən işlərin davamıdır.
Konfransda AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərlinin “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, Vəli Baxşəliyevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvan Müsəlman Milli Komitəsinin fəaliyyəti”, AMEA Naxçıvan Bölməsinin əməkdaşları, tarix üzrə fəlsəfə doktorları – Emin Şıx­əliyevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qafqazda geosiyasi rəqabətlər və onun Naxçıvana təsiri”, Musa Quliyevin “Naxçıvanlı hərbçilərin Naxçıvan diyarının müdafiəsində və Araz-Türk Respublikası hökumətinin fəaliyyətində iştirakı”, İlhami Əliyevin “Naxçıvanın ərazi bütövlüyünün qorunmasında yerli əhalinin rolu” mövzularında çıxışları dinlənilmişdir.
Çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən ictimai-siyasi proseslər Naxçıvana da təsirsiz ötüşməmiş, mənfur ermənilərin öz havadarlarının köməyinə arxalanaraq Naxçıvana qarşı işğal hücumları davamlı xarakter almışdır. Lakin Naxçıvan əhalisinin həmrəyliyi, qətiyyəti, yüksək vətənpərvərliyi sayəsində qədim diyarımızın ərazi bütövlüyü qorunub saxlanılmış, düşmənə layiqli cavab verilmişdir.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik ­İsmayıl Hacıyev yekun vurmuşdur.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR