2018-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusu üzrə keçirilmiş “Ən yaxşı tank heyəti” adı uğrunda yarışda Əlahiddə Ümumqoşun Ordunun tankçıları yüksək nəticələr əldə ediblər.
Yarışın ümumi nəticələrinə əsasən Əlahiddə Ümumqoşun Ordunun tankçıları xüsusi peşəkarlıq göstərərək 1-ci yerdə qərarlaşıblar. Tank heyətində tank komandiri, gizir Nicat Mehdiyev, tuşlayıcı-operator, gizir Ceyhun Şıxzadayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı olublar.
Yarışlar çərçivəsində keçirilmiş praktik atışların nəticələrinə görə də tank komandirləri – gizir Əlikərəm Bədəlov və gizir Nicat Mehdiyev 1-ci yerə layiq görülüblər.
Yüksək nəticələr əldə etmiş tankçılar Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Əlahiddə Ümumqoşun Ordunun tankçıları 2016-cı və 2017-ci illərdə Rusiya Federasiyasının Alabino təlim mərkəzində təşkil olunan Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində də iştirak ediblər. Müsabiqədə yüksək peşəkarlıq göstərən tankçılar – gizir Əlikərəm Bədəlov yarışa cəlb olunan şəxsi heyət arasında ən yaxşı tank komandiri, gizir Ceyhun Şıxzadayev ən yaxşı tuşlayıcı-operator seçilib, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Mərdanlı da uğurlu nəticə göstərib.
Nəriman Nəcəfov