“Duzdağ” otelində mehmanxana nümayəndələrinin iştirakı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olması və qeydiyyat proseduru” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə xidmətin əməkdaşı Zakir Məmmədov açaraq bildirib ki, bu gün muxtar respublikaya gələn hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin qəbulu və qeydiyyatının aparılması sadələşdirilib. Miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyat sadələşmiş formada aparılır. Muxtar respublika ərazisində fəaliyyət göstərən mehmanxanalarla xidmət arasında yaradılmış “Elektron hökumət” portalı üzərindən aparılan elektron sənəd dövriyyəsinin də ölkəyə gələn əcnəbilərin qeydiyyata alınmasında böyük rolu vardır.
Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov və “Duzdağ” otelin icraçı direktoru Novruz Novruzov çıxış edərək qeyd ediblər ki, mehmanxana təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Belə ki, burada turistlərə lazım olan əsas yerləşmə xidmətləri göstərilir. Bu baxımdan Naxçıvandakı mehmanxanalarda yaradılmış komfortlu şərait regiondakı turizm və qonaqpərvərlik xidmətlərinin yüksək səviyyəsindən xəbər verir. Bu otellərdə göstərilən xidmətlər, ümumilikdə, regionda turizmin inkişafına mühüm təsir edir.
Sonra Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Qiyas Paşayev çıxışında deyib ki, “Elektron hökumət” portalında Dövlət Miqrasiya Xidməti üçün konkret sahələr üzrə 9 xidmət növü müəyyənləşdirilib. Artıq bu sahələr xidmət tərəfindən avtomatlaşdırılıb, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının istifadəsinə verilib. Həmin xidmət növləri, əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşaması, müvəqqəti olma müddətinin uzadılması, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, Azərbaycan Respublikası vətəndaşlığına bərpa, miqrasiya orqanlarına işə qəbul, dövlət rüsumlarının və cərimələrin onlayn ödənilməsi ilə bağlı sahələri əhatə edir.
Sonda Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı videoçarx nümayiş etdirilib.
Nail ƏSGƏROV