24 Dekabr 2024, Çərşənbə axşamı

Muxtar respublikanın ən böyük kəndlərindən olan Nehrəm qədim tarixə malikdir. Kəndlə bağlı əldə etdiyimiz ilk yazılı mənbə “İrəvan əyalətinin müfəssəl dəftəri”dir. 1727-ci ilə aid bu mənbədə həmin kəndin Qışlağat nahiyəsində olduğu qeyd edilir. 

Bu nahiyənin çox hissəsi Araz çayının sağ sahilində qalmışdır. Nehrəm yaxınlığında olan Dendabad (Didivar), Uzunoba (bu kəndlər eyni vaxtda həm də Naxçıvan nahiyəsinə daxil idi), Molla Həmdi Məzrəsi, Hocamverdi Məzrəsi, Qiyaslı, Qaraca və digər kəndlər XVI əsrin sonlarından XVIII əsrin əvvəllərinədək davam edən Osmanlı-Səfəvi, 1813-1828-ci il İran-Rusiya müharibələri dövründə boşalmışdı.
Əldə etdiyimiz məlumata görə, həmin illərdə Nehrəmdə 234 ailə yaşayıb və bura o dövr üçün də böyük kəndlərdən hesab edilib. “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kəndin təsərrüfatı haqqında da geniş məlumat vardır. Burada buğda, arpa, sumaq, darı, mərcimək, müxtəlif noxud növləri, pambıq, bostan əkinləri, üzüm becərilməsi haqqında statistik məlumat verilir. Mənbədə başqa yerlərdən gəlib buradan qışlaq kimi istifadə edənlərdən vergi alınması, ümumilikdə, Nehrəm kəndinin 35 min 141 axça vergi ödəməsi haqqında faktlara da rast gəlinir.

Rus şərqşünas K.M.Smirnov Nehrəmin 56 verst ərazisində 940 xalvar suvarılan torpağı olduğunu, kənddə 3 məscid, 7-ci imam Museyi Kazımın oğlu Seyid Əqilin məzarı – İmamzadənin olduğunu göstərir. Qeyd olunur ki, kəndin əhalisi əslən Vərməziyarlıdırlar. Vərməziyar böyük bir kənd olub. Şah Abbasın sürgünündən sonrakı dövrdə Naxçıvanın bir çox kəndlərinə Vərməziyardan köçüb gəliblər. Bu gün Şərurda eyni­adlı kənd vardır. Quberniya katibi Zolotniçkinin tərtib etdiyi kameral siyahıya görə, 1831-ci ildə Nehrəmdə 202 ailə və 887 nəfər yaşamışdır.
1828-ci ildə Naxçıvan əyalətinin iqtisadi-statistik təsviri üçün Qafqaza ezam olunan çar Rusiyası maliyyə nazirliyinin məmuru V.Qriqoryevin məlumatına görə, 1828-ci ildə, müharibə dövrü Nehrəmdən 81 ailə İrana köçüb. 208 erməni ailəsi isə Nehrəmdə yerləşdirilib. Həmin dövrdə Nehrəmdə 116 azərbaycanlı ailəsi yaşayıb. Tarix elmləri doktoru Həcər Verdiyeva qeyd edir ki, Türkmənçay müqaviləsindən sonra, 1828-1832-ci illərdə Naxçıvan əyalətini 1400 azərbaycanlı ailəsi tərk edib. İrandan Azərbaycana köçürülən 2551 erməni ailəsindən 208-i Nehrəmə yerləşdirilib. 1831-ci ilin məlumatından görünür ki, mübariz Nehrəm əhalisi ermənilərin bu kənddə yaşamasına imkan verməyib. Nehrəm camaatının bu addımı 100 ilə yaxın bir dövr keçdikdən sonra – 1918-ci ildə bunun əsaslı səbəblərə söykəndiyini bir daha təsdiq etdi.
V.Qriqoryevin məlumatına görə, əhali torpaq sahəsinin üçdəbirindən istifadə edib. 200 xalvar taxıl, 100 xalvar pambıq, qalanına isə bostan bitkiləri və yonca əkib.
Tarixçi-etnoqraf İvan İvanoviç Şopen yazır ki, XX əsrin ortalarında Nehrəmdə 202 azərbaycanlı ailəsində 465 kişi, 422 qadın, cəmi 887 nəfər yaşayırmış.
XIX əsrin əvvəllərində Naxçıvana erməni köçürmələrinin nəticəsi XX əsrin əvvəllərində özünü göstərdi. 1905-ci il may ayının 12-dən etibarən Naxçıvanda ermənilər dinc əhaliyə silahlı hücümlar etməyə başladılar. Nehrəmlilərin də dəfələrlə üzləşdiyi erməni fitnəkarlığı və qəddarlığından söz düşmüşkən, erməni xislətini ifşa edən rus mənbələrindəki faktları diqqətinizə çatdırmaq istərdik. Həmin dövrdə Rusiyanın İranda səfiri olan, 1828-ci ildə ermənilərin Azərbaycana köçürülməsinə rəhbərlik edən ermənipərəst Qriboyedovun çara ünvanladığı bir məktubda deyilir: “Erməniləri Rusiyanın içərilərinə buraxmayın, bunlar elə bir millətdir ki, bir neçə on il həmin ərazidə yaşasa, dünyaya səs-küy salacaqlar ki, onlar buranın tarixi sakinləridirlər”.
V.Qriqoryevin ermənilər üçün etdiyi bir qeyd də yerinə düşər: “Ermənilərin düşüncəsinə görə, biclik, yalançılıq və aldatma ağıllılıqla sinonimdir. Biclik və aldatmaq bacarmayanlar gicdir. Ermənilər hakimiyyət dəyişikliyindən sonra hansı xeyri götürdülər? Rus dövləti onları səfalətdən qurtardı. Təsərrüfatlar qurdu. Onlar isə sanki bunu qiymətləndirə bilmir və adi təşəkkür belə etmək istəmirlər”.
1918-ci il yanvarın 17-dən başlayaraq amansız və davamlı daşnaq hücumlarının qarşısının alınmasında nehrəmlilər misilsiz şücaət göstərdilər. Həmin il martın 8-də Naxçıvanda nehrəmli Hacı Molla İsmayıl Axundzadə bir əlində müqəddəs “Qurani-Kərim”, digər əlində tapança müsəlmanları cihada çağırması əhalinin düşmənə qarşı səfərbər olmasına səbəb oldu. Martın 14-də Şahtaxtı, Qıvraq və Nehrəmdən 100 nəfər şəhərə köməyə gəldi. Martın 24-də nehrəmlilər Güznüt ermənilərinə 20 manata casusluq edən xarici ölkə vətəndaşını tutaraq Naxçıvan Milli Komitəsinə təhvil verdilər. Martın 31-də Qaraxanbəyli kəndində şəhid olan 25 nəfərin içərisində Kərbəlayı Abdulla Nehrəmli də var idi. 1918-ci il aprelin 1-də Nehrəm qlavası, nüfuz sahibi, həqiqi mücahid Kərbəlayı Mustafa Hacı Cəfər Əlizadə və bir neçə silahlı adamla Milli Komitənin zalına gəlib Nehrəm şəhidlərinin Qaraxanbəyli kəndindən gətirilməyini tələb etdi. Aprelin 14-də düşmənin qarşısını almaq üçün Kərbəlayı Muxtarın başçılığı ilə Dərəşam təpələrini tuturlar. 11 mayda Nehrəm əhli Kərbəlayı Muxtar tərəfindən Osmanlı qüvvəsinin 10 nəfəri bir top ilə Dərə düzə, 100 nəfər isə bir top ilə Kardaşa göndərildi.
Həmin il iyulun 4-də Andranikin qoşunu Nehrəmi top və pulemyot atəşinə tutur. Naxçıvandan kiçik bir qüvvə – Hacı Qəmbər Dünyamalı oğlu, Məşədi Heydər Əkbər oğlu və digərləri Nehrəmə köməyə gəlirlər. Zülfəli bəy Kərbəlayı Həsənqulu oğlu Naxçıvana qayıdıb məlumat verir ki, Andranikin dəstəsi böyük qüvvə ilə Nehrəmi mühasirəyə alıb. Bu döyüşdə Andranikin dəstəsi böyük tələfat verir və onlar geri çəkilməyə məcbur edilir. Təəssüf ki, ermənilər “Nehrəm arxı” yanındakı evləri yandırmağa müvəffəq olurlar. Həmin vaxt Hacı Qəmbər, Məşədi Heydər mühasirəni yarıb Nehrəmə daxil olur. Andranikin dəstəsinə böyük zərbə vurularaq 60 silah qənimət götürülür. Nehrəm sakini Müslüm Bağırbəyova, topçu, iranlı Yavər Əfəndiyə Nehrəm mühasirəsindəki şücaətlərinə görə “Əvvəlinci” dövlət nişanı verilir.
Osmanlı mənbələrinə görə, 1918-ci il iyulun 24-də 124 nəfər türk əsgəri tərəfindən mühasirəyə alınan Andranik 125 əsgər və atını itirərək Culfadan Naxçıvana daxil olur.
Nehrəm uğrunda 3 gün döyüş gedir. Kərbəlayı Muxtar, Hacı Mehdiyev, Müseyib və Müslüm qardaşları, dülgər Hacı Mehdi, topçu Yavər xüsusi qəhrəmanlıq göstərirlər.
Təxminən, əsrə yaxın bir dövr keçdikdən sonra – XX əsrin 90-cı illərində də ermənilərin Naxçıvana hücumu zamanı nehrəmlilər vətənin müdafiəsində yaxından iştirak edib və onlardan 10-u şəhidlik zirvəsinə ucalıb. Vətən uğrunda canından keçən igidlərin xatirəsini əbədiləşdirmək üçün bu gün Nehrəm kəndində Şəhidlər abidə kompleksi yaradılıb.
Müstəqillik əldə edildikdən sonra Nehrəm kəndinin siması tamamilə dəyişib. Kənddə yenidənqurma işləri aparılıb, 3 tam orta məktəb, kənd xəstəxanası, xidmət mərkəzləri, təsərrüfat subyektləri və Heydər Parkı, C.Məmmədquluzadənin Xatirə muzeyi istifadəyə verilib.
Bu gün kənddəki İmamzadə məqbərəsinin dövlət tərəfindən əsaslı təmiri, demək olar ki, başa çatmışdır. Smirnovun yazdığına görə, dini mənbələrdə də göstərilir ki, Nehrəm İmamzadəsində şiələrin VII İmamı Museyi­-Kazımın oğlu Əqil (Seyid Əzəm) dəfn olunub. Museyi-Kazımın övladları Abbasilər xəlifələri tərəfindən təqibə məruz qalmışlar. 816-cı ildə xəlifə Məmun Museyi-Kazımın oğlu imam Rzanı saraya dəvət edərək taxt-tacın vəliəhdi elan etmiş, qızı Həbibə ilə evləndirmişdir. Məmun bu hərəkəti ilə mötədil şiələrin rəğbətini qazanmaq istəyirdi. Şiələrlə əlaqəni kəsdikdən sonra Məmunun əmri ilə 818-ci ilin sentyabrında Tus şəhərinin yaxınlığındakı Nukən kəndində imam Rzaya zəhər verilmişdir. Bundan sonra daha ciddi təqiblərə məruz qalan Museyi-Kazımın övladları Azərbaycana, xüsusən Naxçıvan ərazisinə sığınıb burada yaşamışlar. Ona görə də Əqilin qəbri Nehrəmdə, İbrahimin qəbri Şərur rayonunun Xanlıqlar kəndində, digərləri isə Naxçıvanın tarixi ərazisi olan Mehridə və Azərbaycanın qədim şəhərləri olan Bərdə­də, Gəncədədir.
Bu qədim torpağı ikiqat müqəddəs edən isə buradakı insanların əqidəliyi, mübarizliyi, halallığıdır. Tarixi mənbələr göstərir ki, Nehrəm kəndinin mübariz sakinləri ərəb xilafətinin, xüsusən xəlifənin özünün təqib etdiyi VII imam Museyi-Kazımın oğlu Əqilə sığınacaq vermiş, 1918-ci ildə Andranikin quldur dəstələrinin məkrli niyyətlərinin həyata keçirilməsinə ciddi zərbə vurmuş və nəhayət, 1990-cı illərdə muxtar respublikamızın müdafiəsində yaxından iştirak etmişlər. Onlar 1990-cı ildə ümummilli liderimiz Heydər Əliyevi Azərbaycan SSR Xalq deputatı seçməklə bu dahi şəxsiyyətin müstəqil və inkişaf etmiş Azərbaycan uğrunda apardığı məqsədyönlü mübarizəni, onun siyasi ideyalarını dəstəklədiklərini bildirmişlər. Ona görə də Nehrəmi Azərbaycanın və eləcə də Türk dünyasının qeyrət nümunəsi kimi təqdim etməyə dəyər.

Zaleh NOVRUZOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR