24 Dekabr 2024, Çərşənbə axşamı

 Qəlbi günəştək odlu,

qəlbi aytək nurludur,
Xalqımın özü kimi
vüqarlı, qürurludur.
Hər işi könül açan,
əməli uğurludur,
Bir kimsə ola bilməz
əvəz ona, tay ona,
Mən ona səs vermişəm –
İlham Heydər oğluna!

 Xalqın ona tükənməz

sonsuz məhəbbəti var,
O, xalqa vəfalıdır,
ona sədaqəti var,
Heydər qətiyyətlidir-
müdrik siyasəti var.
Odur şöhrət gətirən
anam Azərbaycana,
Mən ona səs vermişəm –
İlham Heydər oğluna!

Ən ali kürsülərdən
gəlir xalqımın səsi,
Ucalır pərdə-pərdə
göyə şənlik nəğməsi,
Tanınmaz olub bu gün
yurdumun hər guşəsi,
Təzə həyat bəxş edir
yenə Milə, Muğana,
Mən ona səs vermişəm –
İlham Heydər oğluna!

O, haqqın, ədalətin
mübariz əsgəridir,
Yurdun nurlu, işıqlı,
günəşli səhəridir.
Xalqla bir addımlayan
vüqarlı sərkərdədir
Vətən onun əliylə
dönübdür gülüstana,
Mən ona səs vermişəm –
İlham Heydər oğluna!

Dünya görür gücümü –
əyilməzəm, dönməzəm,
Mən günəş ürəkliyəm –
heç bir zaman sönməzəm.
Mən haqqın yolçusuyam –
zirvələrdən enməzəm,
Təzə yollar salacaq
Şuşaya, Zəngilana,
Mən ona səs vermişəm –
İlham Heydər oğluna!

Çatır nuru, işığı
yaxın, uzaq ellərə,
Sevinc, fərəh gətirir
qəlblərə, könüllərə,
Adı şirin nəğmətək
düşüb milyon dillərə
Müdrik yol göstərəndir
əlli milyon insana,
Mən ona səs vermişəm –
İlham Heydər oğluna!

Bir yol seçib özünə-
xalqa sədaqət yolu!
İnam, vəfa, etibar,
Yurda məhəbbət yolu!
Çətinlikdən qorxmayır
Yolu – cəsarət yolu!
Onun işi, əməli
sığmaz min-min dastana,
Mən ona səs vermişəm –
İlham Heydər oğluna!

Əməli düz, işi düz-
Yolu Heydər yoludur,
Qəlbi qurmaq, yaratmaq
eşqi ilə doludur,
O da bizə Heydərtək
müqəddəsdir, uludur,
Naxçıvan oğul kimi
basır onu bağrına,
Biz ona səs vermişik –
İlham Heydər oğluna!

Asim YADİGAR

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR