Dağlar qoynunda yerləşən Şahbuz rayonunun geniş quruculuq işlərindən bəhrələnən yaşayış məntəqələrindən biri də Badamlı qəsəbəsidir. Qəsəbə rayon mərkəzindən 12 kilometr cənub-qərbdə yerləşir, ərazisi 137 hektardır. Burada 561 sakin 170 təsərrüfatda birləşir. Son illər qəsəbədə müasir məktəb, kənd və ticarət mərkəzləri üçün yeni binalar inşa olunmuş, ötən il 6 yaşayış binası əsaslı təmir edilmiş, yollarına asfalt salınmışdır.
Şəfqətli suyun sorağına gələnlər
Badamlı qəsəbə sakini, 38 il “Badamlı” zavodunda çalışan 72 yaşlı Allahverdi Məmmədov deyir ki, əvvəllər qəsəbə Badamlı kəndinin ərazisinə daxil imiş. Badamlı mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. 1945-1947-ci illərdə geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında ərazidə elmi-tədqiqat işləri aparılaraq burada dəniz səviyyəsindən 1274 metr hündürlükdə mineral su yatağı olduğu aşkarlanmış, müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədəuyğun hesab olunmuşdur. Suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. Badamlı iştahanı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə suyu kimi məşhurdur. Bu su mədə-bağırsaq sisteminin, qaraciyər xəstəliklərinin müalicəsi üçün faydalıdır.
1947-ci ildə burada kiçik müəssisə yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılmışdır. Bu şəfqətli suyun sorağına gələnlər müəssisədə çalışmış, eyni zamanda iş yerlərinə yaxın olsun deyə, ərazidə özlərinə evlər də tikməyə başlamışlar. Müəssisənin fəaliyyəti genişləndikcə burada yaşayanların da sayı artmış, məskunlaşan insanlar həmin evləri genişləndirmiş, bağ-bağat salmışlar. 1961-1967-ci illər ərzində həmin müəssisədə işləyənlər üçün 6 yaşayış binası da inşa olunmuşdur. 2003-cü ilədək bura “Badamlısu” deyirdilər. Beləliklə, ötən əsrdə aşkarlanan mineral süfrə suyu və həmin suyun sorağı ilə əraziyə üz tutanlar bugünkü Badamlı qəsəbəsinin yaranmasına səbəb olmuşlar.
İctimai yaşayış binalarının təmiri ilə qəsəbənin hüsnünə yeni naxış vurulub
Qəsəbədə hər birində 8 mənzil olmaqla, 6 ictimai yaşayış binası var. Ötən il həmin binaların əsaslı təmir olunması ilə bu yaşayış yerinin quruculuqla müasirləşən və gözəlləşən hüsnünə yeni bir naxış əlavə olunub. Binalardan 4-ü Naxçıvan şəhər, 2-si isə Babək Rayon Tikinti İdarəsi tərəfindən təmir edilib. Hər birinin dam örtüyü, qapı və pəncərələri dəyişdirilən, eyvanları genişləndirilən binaların rabitə, qaz, elektrik xətləri, su və kanalizasiya sistemi yenilənib, mənzillərdə olan sayğaclar bloklarda yerləşdirilib. Binaların köhnə, miskin görkəminə bir qədər də səliqəsizlik qatan eyvanlara vurulmuş çanaq antenlər sökülüb, mərkəzləşdirilmiş antenlə əvəzləşdirilib. Həyətlərə su kranları qoyulub.
Yeni zavod binası qəsəbənin daha da inkişaf edəcəyindən xəbər verir
Ulu Yaradanın bəxş etdiyi mineral su yataqları ilə dillər əzbəri Badamlı qəsəbəsində tikilən zavod binası ilə də tanış olduq. Mineral suların istehsalı üçün yaxın gələcəkdə burada “Badamlı” zavodu fəaliyyət göstərəcək ki, bu, ümumilikdə, muxtar respublikamızın iqtisadiyyatına xeyli gəlir gətirəcək. “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunan tikintinin iş icraçısı Rauf Məmmədovla söhbətimiz zamanı o dedi ki, inşaatın ümumi ərazisi 15 min kvadratmetrdən artıq sahəni əhatə edir. Zavod binası həmin ərazinin 9754 kvadratmetrində inşa olunur ki, bu da muxtar respublikada tikilən ən böyük obyektlərdən biri deməkdir. Binanın hər iki tərəfində daşıyıcı divarların beton-qəlib işləri görülüb, hündürlüyü 3 metr olan orta sütunlarda beton-qəlib işləri aparılıb, hazırda hörgü işləri həyata keçirilir.
Zavodda qazanxana, yeməkxana, yataqxana, mətbəx və laboratoriya da fəaliyyət göstərəcəkdir. Bu məqsədlə binaya paralel olan korpusda hörgü işləri başa çatdırılıb. Zavodun inzibati binasının birinci mərtəbəsində dəmir-qəlib-beton işləri yekunlaşdırılmaqdadır. Binanın arxa hissəsində hündürlüyü 5, uzunluğu 180 metr olan istinad divarı tikilib. Zavodun geniş həyəti də var, burada abadlıq işləri aparılacaq. Qəsəbənin hündür bir guşəsində tikilməkdə olan zavod binasının gələcək möhtəşəm görüntüsü indidən insanın gözləri önündə canlanır. Düşünürsən ki, bu görüntü qəsəbənin yeniləşən simasına daha bir müasir ünvan bəxş edəcəkdir.
Qəsəbədə fəaliyyət göstərən istehsal müəssisələri
Günü-gündən inkişaf edən Badamlı qəsəbəsində iki istehsal müəssisəsi var. Bunlardan biri 2010-cu ildən fəaliyyət göstərən quşçuluq fərdi təsərrüfatıdır. Burada 2 bölmədə 30 min toyuq saxlanılır, hər gün 25 min yumurta istehsal olunur. Yüksək keyfiyyətə malik olan yumurta satışa çıxarılaraq alıcıların ehtiyacını ödəyir. Yaxın zamanda yerli yumurta istehsalı üçün quşların saxlanılmasına da başlanılacaq.
2014-cü ildən fəaliyyət göstərən çörək sexi nəinki Badamlı qəsəbəsinin, həmçinin yaxın kəndlərin də sakinlərinə xidmət edir. Burada hər gün 350-400 kiloqram unun çörəyi bişirilir. Sexdə tez-tez öz torpağında taxıl əkib-becərən, onu üyüdərək ailəsinin çörəyinin ununu əldə edən və bişirtdirmək üçün buraya üz tutan onlarla şahbuzluya rast gəlmək olur. Bu çörəyin ətri ətrafa yayılarkən ildən-ilə torpağa bağlananların, ruzisini alın təri ilə qazananların da sayı artır.
Hər iki istehsal müəssisəsində, ümumilikdə, 12 nəfər çalışır ki, bu da yaşadığı ərazidə bir o qədər insanın məşğulluğu deməkdir.
Yaşayış məntəqəsinin bu günü
Qəsəbənin abadlaşdırılması, burada 2004-cü ildə 174 şagird yerlik məktəb binasının, 2009-cu ildə qəsəbə mərkəzinin tikilməsi, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi, müasir rabitə xidmətləri ilə təmin olunması onların yurd yerlərinə sevgisini daha da artırıb. Qəsəbədə əhalinin məşğuliyyəti, əsasən, əkinçilik və heyvandarlıqdır. Sakinlər iribuynuzlu, xırdabuynuzlu heyvan, arı ailəsi saxlayır, bağçılıq və əkinçiliklə məşğul olur, əldə edilən məhsulları bazarlara, yarmarkalara çıxararaq ailə büdcələrini təmin edir, həyat şəraitlərini yüksəldirlər.
Övladlarının hər cür şəraitlə təmin olunan məktəbdə təhsil aldığını, onların yüksək texnoloji vasitələrdən istifadəsini görən, zəngin kitabxana xidmətindən yararlanan, xəstəsini uzaq məsafə qət etmədən qəsəbədəki tibb məntəqəsində müalicə etdirə bilən, ailəsinin gündəlik tələbat mallarına olan ehtiyacını 5-10 metrlik məsafədə yerləşən mağazadan ödəyən, abad yollarla istədiyi yerə gedib-gələn qəsəbə sakinlərinin hər biri dövlət qayğısından minnətdarlıqla danışır. Qəsəbənin dünəni ilə bu günü arasındakı fərqi həyatlarının hər anında hiss edən əhali göstərilən qayğıya cavab olaraq çalışdıqları sahələrdə nizam-intizamlı, ictimai işlərdə fəal olmağa can atır. Onlar düşünürlər ki, yaşadıqları qəsəbənin hələ irəlidə bundan da xoş, firavan günləri var.
Mətanət MƏMMƏDOVA