25 Dekabr 2024, Çərşənbə

15 mart 1962-ci ildə ABŞ-da “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat” qəbul edilmişdir. Hazırda bütün dünyada “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat”ın qəbul olunduğu gün – martın 15-i Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur.
İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir. Ötən müddətdə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı bir sıra normativ-hüquqi aktlar da qəbul edilmiş, qanunvericilik bazası möhkəmləndirilmişdir. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu gün Azərbaycanda daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir.

İqtisadiyyatın bütün sahələrində müşahidə olunan inkişaf meyilləri istehlakçıların hüquqlarının qorunması sahəsində də səylərin artırılmasını, bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsini, aidiyyəti dövlət orqanları, sahibkarlıq subyektləri və istehlakçılar arasında qarşılıqlı əlaqələrin genişləndirilməsini tələb edir. Məhz bu səbəbdən son dövrlər istehlakçıların hüquqlarının müdafiəsi aktuallıq kəsb edən məsələlərdən birinə çevrilmiş və hər bir istehlakçı öz hüquqlarının müdafiəsinə daha çox əhəmiyyət verməyə başlamışdır.
Muxtar respublikada iqtisadi inkişafın səmərəliliyinin artırılmasında keyfiyyət əsas meyar kimi qəbul olunur. Buna görə də daxili bazarın və istehlakçıların hüquq və mənafelərinin qorunması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə dövlət nəzarəti işi hər zaman diqqət mərkəzində saxlanılır. Həyata keçirilmiş nəzarət tədbirlərinin təhlili istehlak bazarında əsaslı keyfiyyət dəyişikliklərinin müşahidə edildiyini göstərir. Belə ki, sahibkar­ların öz öhdəliklərinə daha məsuliyyətlə və istehlakçıların hüquqlarına hörmətlə yanaşması əldə olunan başlıca uğur kimi dəyərləndirilə bilər. Hazırda qarşıda duran əsas vəzifə istehlakçıların hüquqlarının müdafiəsi, əmtəə bazarlarının keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli məhsullardan qorunması məqsədilə işlərin daha da gücləndirilməsi və bu sahədə zəruri tədbirlərin görülməsindən ibarətdir. Bunun üçün istehlak bazarında mütəmadi monitorinqlər aparılır, keyfiyyətin kompleks yoxlanılması və qanun pozuntusuna şərait yarada bilən halların aradan qaldırılması, malların keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə laborator müayinələrin aparılması, nəticələrə uyğun olaraq operativ tədbirlərin görülməsi həyata keçirilir. 2017-ci ildə istehlakçıların hüquqlarının qorunması məqsədilə 385 halda istehsal, ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektində nəzarət aparılmış, 6442 manat dəyərində istehlak müddəti bitmiş məhsullar ticarət dövriyyəsindən çıxarılmış, sahibkarlıq subyektləri barəsində ­qanunvericiliyə uyğun tədbirlər görülmüşdür.
Ötən il istehlakçıların hüquqlarının daha etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən maarifləndirmə tədbirləri intensiv xarakter almış, bu istiqamətdə bir sıra işlər görülmüşdür.
Ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi də diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən il ərzaq mallarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi ilə bağlı 1640 səyyar və 2136 halda mal nümunəsi laboratoriya analizindən keçirilmişdir. Müayinə aparılmış mallar, əsasən, taxıl emalı məhsulları, unlu-qənnadı məmulatları, süd və süd məhsulları, konservlər, ət və ət məhsulları, meyvə-tərəvəz, mineral sular və sərinləşdirici içkilər, tamlı məhsullar, yağlar və digər məhsullar olmuşdur. Müayinə nəticəsində 18 halda malların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ-texniki sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edilmiş və bununla bağlı müvafiq tədbirlər görülmüşdür.
İstehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də süni qiymət artımının qarşısının alınmasıdır. Belə ki, əhali tərəfindən daha çox istehlak olunan malların, həmçinin ərzaq malları, tikinti materialları və tərəvəz məhsullarının orta bazar qiymətlərinin səviyyəsi, dinamikası və dəyişmə meyilləri barədə məlumatların toplanılması və təhlili məqsədilə monitorinqlər davam etdirilmiş, ötən il 3437 adda, o cümlədən 1728 adda ərzaq və 1709 adda qeyri-ərzaq məhsullarının tоpdаn və pərаkəndə sаtış qiymətləri nəzаrətdə sахlаnılmış, məhsullаrın qiymətlərində müşаhidə оlunаn аrtım səbəbləri аrаşdırılmış və əvvəlki səviyyədə sахlаnılmаsınа nаil оlunmuşdur.
Daxili bazarda qiymət intizamına nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birlikdə həftədə bir dəfə olmaqla daxili bazarda əsas istеhlak mallarının pərakəndə satış qiymətlərinin monitorinqi həyata kеçirilmiş, müəyyən olunmuş qiymətlərin kеçən ilin və kеçən ayın müvafiq dövrlərində mövcud olmuş pərakəndə satış qiymətləri ilə müqayisəli təhlilləri aparılmışdır.
Mövsümi qiymət artımının qarşısının alınmasında, əhalinin fasiləsiz olaraq keyfiyyətli kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində soyuducu anbarların və istixana komplekslərinin də rolu böyükdür. Bu məqsədlə muxtar respublikada son illər ərzində ümumi tutumu 14 min 30 ton olan 31 soyuducu anbar istifadəyə verilmiş, ümumi sahəsi 128 min kvadratmetrdən artıq olan 21 istixana kompleksi yaradılmışdır. İstixana komplekslərində zəruri tərəvəz məhsullarının yetişdirilməsi bir tərəfdən əhalini keyfiyyətli məhsullarla təmin edirsə, digər tərəfdən bu məhsulların münasib qiymətlərlə satışına şərait yaradır. 2017-ci ildə muxtar respublikada payız-qış mövsümünə hazırlıqla bağlı görülən tədbirlər çərçivəsində kənd təsərrüfatı istehsalçılarının tələbatdan artıq istehsal etdikləri 5460 tondan çox məhsul anbarlara tədarük olunmuşdur.
Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin tаpşırığına əsаsən kənd təsərrüfаtı istеhsаlçılаrının fəаliyyətinin stimullаşdırılmаsı, əhаlinin tələbаtının dаhа dоlğun ödənilməsi, süni qiymət аrtımının qаrşısının аlınmаsı məqsədilə Mərkəzi bаzаrdа kənd təsərrüfаtı məhsullаrının və еmаl sənаyеsi məhsullаrının sаtışı yаrmаrkаsı təşkil olunur. Ötən il yаrmаrkаdа 2772 ton məhsul 25 faiz ucuz qiymətlərlə əhaliyə satılıb.

Bu gün muxtar respublikada istehlakçıların hüquqları etibarlı şəkildə qorunur. Ancaq istehlakçıların hüquqlarının qorunması yalnız dövlətin işi deyil. Bu, daha çox ümumxalq işidir. Bizim hər birimiz istehlakçı kimi öz hüquqlarımızı yaxşı bilməli və bu işə öz töhfəmizi verməliyik.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR