Naxçıvan Biznes Mərkəzində əmək müqaviləsi üzrə elektron informasiya sisteminin təqdimatı və sistemdən istifadəyə dair işəgötürənlər və müəssisələrin kadr məsələləri üzrə mütəxəssisləri üçün seminar təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Əziz Hümbətov çıxış edərək bildirib ki, ölkəmizdə işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi ilə bağlı nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli Qanununa əsasən Əmək Məcəlləsinə “əmək müqaviləsi bildirişi” anlayışı daxil edilib.
Qeyd olunub ki, həmin bildiriş elektron informasiya sisteminə daxil edilməsi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən işəgötürənə verilən gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir.
Vurğulanıb ki, işəgötürən və işçi arasında əmək münasibətinin rəsmiləşdirilməsi əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlər bölməsinə əlavə edilib. İşəgötürən və işçilərin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən istifadəsinə köməklik məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 255 nömrəli qaynar xətt yaradılıb.
Seminarda əmək müqaviləsi üzrə elektron informasiya sistemi barədə Naxçıvan Televiziyasının hazırladığı videoçarx nümayiş olunub.
Sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov elektron informasiya sisteminin iş prinsipi, “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi Rəşad Süleymanov isə elektron imzadan istifadə qaydaları barədə seminar iştirakçılarına slaydların müşayiəti ilə məlumat veriblər.
Sonda suallar cavablandırılıb, iştirakçılara maarifləndirici bukletlər təqdim edilib.
Xəbərlər şöbəsi