Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrindən birində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik Mirqiyas Rüstəmov hərbi hissənin əsgərləri qarşısında çıxış edərək bildirib ki, Azərbaycan xalqı qədim zamanlardan yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi qeyd edib. Xalqımız Novruzu bolluq, bərəkət, firavanlıq rəmzi hesab edib. Min illər bundan əvvəl yaranmış Novruz bayramı bu gün daha yüksək əhval-ruhiyyə ilə qeyd olunur.
Mirqiyas Rüstəmov hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı, şair-publisist İbrahim Yusifoğlu və Şərur Rayon Mədəniyyət Sarayının direktor müavini, Azərbaycan Respublikasının Əməkdar artisti Nemət Sultanov çıxış edərək bildiriblər ki, çoxəsrlik tarixə malik xalqımızın günümüzə qədər yaşatdığı Novruz bayramı özündə həyatı, yaranış və dirçəlişi, milli birliyi, təbiətin füsunkar gözəlliklərini əks etdirir. Sovetlər zamanı qadağan olunmuş bu bayram xalqın yaddaşında yaşayaraq müstəqillik qazanıldıqdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd olunmağa başlanılıb.
Çıxış edənlər Novruz bayramı münasibətilə əsgərləri təbrik edib, onlara Vətənimizin müdafiəsində ayıq-sayıq dayanmağı arzulayıblar.
Bayram tədbirində tonqal qalanıb, nəğmələr oxunub. Tədbirdə Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin “Arpaçay” İnstrumental Ansamblının ifasında səslənən mahnılar və “Şərur” Xalq Yallı Ansamblının ifasında nümayiş olunan rəqslər maraqla qarşılanıb.
Xəbərlər şöbəsi