25 Dekabr 2024, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Humanizm və xeyriyyəçilik anlayışlarının kökləri qədim dövrlərə gedib çıxır. Müasir dövrümüzdə bu anlayış özlüyündə daha geniş məna daşımaqla cəmiyyətin sosial rifahı naminə bütün təmənnasız könüllü fəaliyyət növlərini əhatə edir. Humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri, general-leytenant Əliağa Şıxlinski­nin təşəbbüsü ilə təsis edilmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən yaradılan qurum 1991-ci ilə kimi SSRİ Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyətinin tərkibində fəaliyyətini davam etdirmiş, özünəməxsus tarixi yol keçərək ölkəmizdə xeyirxah ideyaların həyata keçirilməsinə mühüm töhfələr vermişdir.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Qızıl Aypara Cəmiyyəti yeni inkişaf dövrünə qədəm qoydu və qurumun fəaliyyətində yeni mərhələ başlandı. 1994-cü ildə ölkəmizin çox çətin anlarında Qızıl Aypara Cəmiyyətinin humanizm, mərhəmət və xeyriyyəçilik məramlı təşkilat kimi tənha adamlara, xəstələrə, qaçqınlara və məcburi köçkünlərə, müharibə, təbii fəlakətlər və bədbəxt hadisələr zamanı zərərçəkənlərə, girov götürülən və əsir düşən adamlara tibbi, sosial, maddi yardım göstərməklə əhəmiyyətli fəaliyyətlə məşğul olmasını, beynəlxalq humanitar təşkilatlarla sıx əlaqədə işləməsini və fəaliyyətinin normativ tənzimlənməsinin təkmilləşdirilməsi zərurətini nəzərə alaraq cəmiyyətin milli bir qurum kimi dövlət tərəfindən tanınması istiqamətində mühüm addımlar atıldı. 1995-ci il noyabrın 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu və daimi üzvü qəbul edildi.
Qeyri-hökumət təşkilatı olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti dövlətin qayğısı əhatəsində fəaliyyət göstərir. 2007-ci ildə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunun qəbulu Cəmiyyətin statusunun, hüquqlarının və fəaliyyət istiqamətlərinin, dövlət və yerli özünüidarə orqanları ilə qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 31 yanvar tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında”, 2007-ci il 22 may tarixli “Azərbaycan Qızıl Aypara Cəmiyyətində çalışan işçilərin əməkhaqlarının dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında” sərəncamları cəmiyyətin fəaliyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının bariz nümunəsidir. Sərəncamlara əsasən cəmiyyətin maddi-texniki bazası yaxşılaşdırılmış, icra hakimiyyəti və özünü­idarəetmə orqanlarının cəmiyyətin yerli təşkilatlarının sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik etməsi təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi də dövlətin qayğısından lazımınca bəhrələnir. 2008-ci il yanvarın 10-da komitə yeni inzibati bina ilə təmin olunmuş, maddi-texniki baza yaxşılaşdırılmış, avtomobillə təmin edilmiş, əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Son illər kollektivin sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən Qızıl Aypara Komitəsi işçilərinin əməkhaqları artırılmışdır.
Əhali arasında fövqəladə hallarla bağlı maarifləndirici tədbirlərin təşkili də diqqətdə saxlanılır. 2017-ci ildə komitəyə fövqəladə hallara hazırlıq çərçivəsində 30 çadır verilmişdir.
Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, humanizm və xeyirxahlıq ideyalarının qoruyucusu və təşkilatçısı kimi fəaliyyətini artıracaqdır.

Naxçıvan Muxtar Respublikası
Qızıl Aypara Komitəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR