“Təbii sərvətlərə qayğı ilə yanaşılması, planetin genofondunun qorunması, ekoloji sağlamlıq və digər qlobal problemlər ayrılıqda hər bir dövləti ciddi düşündürsə də, onları yalnız birgə səylərlə həll etmək mümkündür”. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ilə bağlı dediyi bu fikirlər təbiətə qlobal yanaşmanı ortaya qoymaqla yanaşı, hər bir ölkə üçün də ayrılıqda ümumi tezis kimi dəyərlidir. Məhz ulu öndərin strateji istiqamət kimi qarşıya qoyduğu ekoloji problemlərin həlli məsələləri ölkəmizdə ətraf mühitin mühafizəsində böyük rol oynamışdır. Dahi şəxsiyyətin hələ ölkəmizə rəhbərliyinin birinci dövründə bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Müstəqillik illərində də ümummilli liderimizin təşəbbüsü ilə ekoloji siyasət uğurla davam etdirilmiş, yüz min hektarlarla yeni yaşıllıq zolaqları salınmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması məqsədilə səmərəli istifadə olunması öz əksini tapmışdır. “Ekoloji təhlükəsizlik haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının qanunları da təbiətin qorunması, ekoloji mühitin saflaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvan Muxtar Respublikasında da diqqət mərkəzində saxlanılır. Ötən əsrin sonlarına doğru muxtar respublikanın blokadaya salınması bir çox sahələrlə yanaşı, regionun ekoloji vəziyyətinə də mənfi təsir göstərmişdir. Paytaxtla nəqliyyat əlaqələrinin kəsilməsi muxtar respublikada yanacaq qıtlığına səbəb olmuşdur ki, bu da sonda yaşıllıqların məhv edilməsi ilə nəticələnmişdir. Həmin dövrdə ulu öndər Heydər Əliyevin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdışı və bu qədim diyarda yaşayıb fəaliyyət göstərməsi digər sahələrdəki problemlərin həlli ilə yanaşı, təbiətə münasibəti də köklü surətdə dəyişmişdir. 1990-1993-cü illərdə – görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olduğu dövrdə muxtar respublikada ilk dəfə olaraq yaşıllaşdırma tədbirlərində kompleks yanaşmaya – iməciliklərə start verilmişdir. Qeyd etmək lazımdır ki, muxtar respublika ərazisində dağlıq relyefin həcminin böyük olması, ərazinin sərt kontinental iqlimə malikliyi Naxçıvanda yaşıllıqların salınması və mühafizəsini ölkənin digər regionları ilə müqayisədə daha da çətinləşdirir. Ancaq buna baxmayaraq, diyarın zəhmətkeş insanlarının əməyi sayəsində ötən dövrdə burada görülmüş işlər, sözün əsl mənasında, Naxçıvanı yaşıllıqlar diyarına çevirmişdir. Nəticədə, muxtar respublikada yaşıllıqların həcmi ötən əsrin sonları ilə müqayisədə 12 faizdən çox artmışdır. Təbii ki, bu, son nəticə deyil. Hər il muxtar respublikada orta hesabla 500 hektara yaxın ərazidə yeni yaşıllıqların salınması, mövcud yaşıllıqların bərpası istiqamətində görülən işlər regionda yeni ekoloji mühitin yaradılmasına, eyni zamanda yaşıllıqların həcminin artmasına öz töhfəsini verir.
Qeyd edək ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekoloji siyasət muxtar respublikada mühüm istiqamət kimi qəbul olunub. Nəzərə alaq ki, yeni yaşıllıqların, meşə massivlərinin salınması zamanı bəzən ərazi və iqlim uyğunluğu baxımından çətinliklərlə qarşılaşılır. Bu proses, həmçinin praktik baxımdan böyük texniki layihələrin həyata keçirilməsindən də çətindir. Çünki istənilən layihəni yerinə yetirmək üçün əgər maliyyə imkanları varsa, müəyyən müddətdə başa çatdırmaq mümkündür. Yaşıllıq sahələrinin yaradılmasına isə təkcə maliyyə resursları kifayət etmir, zəhmətkeşlik, qayğı, səbir, təbii təsirlərdən qorumaq kimi vasitələr ön plana keçir.
Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu tədbirlərin həyata keçirilməsində inzibati metodlardan istifadəyə yer verilmir. Muxtar respublika rəhbərinin ağac əkini kampaniyalarında şəxsi nümunə göstərməsi, ümumiyyətlə isə ekoloji tədbirlərdə yaxından iştirak etməsi bu tədbiri ümumxalq işinə çevirməklə yanaşı, regionda ekoloji mədəniyyətin formalaşmasına da mühüm təsir göstərib. Vurğulamaq lazımdır ki, muxtar respublikada həyata keçirilən ekoloji tədbirlərdə ümumxalq iməciliklərinin müstəsna əhəmiyyəti var. Mövsümə uyğun olaraq hər il keçirilən yaz və payız iməciliklərində muxtar respublikamızın müxtəlif bölgələrində yeni yaşıllıqlar salınır, növbəti mərhələlərdə isə mövcud yaşıllıq zolaqlarına aqrotexniki qulluq göstərilir, bərpa işləri aparılır. Salınan yaşıllıq zonalarında müxtəlif meyvə tinglərinə üstünlük verilməsi isə ekoloji tarazlığın qorunması ilə bərabər, görülən işlərin iqtisadi səmərəliliyini də ön plana çıxarır. Əvvəlki illərdə yüzlərlə hektar ərazidə salınmış meyvə bağları indi əldə olunan bol məhsulun əsasını təşkil edir.
Ötən şənbə günündən isə muxtar diyarımızda 2018-ci ilin ilk iməciliyinə start verilib. Həmin gün muxtar respublikada keçirilən iməciliklərdə 23 minə yaxın adam iştirak edib, 10 mindən artıq meyvə tingi, 2500 meşə ağacı, 2100 gül və bəzək kolu əkilib. Əvvəlki illərdə olduğu kimi, bu il də əkilən hər bir ağac torpaqlarımızın yaşıl bəzəyinə çevrilməklə, həm də zəhmətkeş insanların ana təbiətə sevgisini tərənnüm edir.
Səbuhi HƏSƏNOV