AMEA Naxçıvan Bölməsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Azərbaycan qadınlarının tarixi xidmətlərindən, bu gün qadınların cəmiyyətdəki rolundan ətraflı bəhs edib. Bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadınlarımız ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib.
Akademik rəhbərlik etdiyi elmi müəssisədə çalışan qadın əməkdaşları və onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı, firavan həyat, fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra bölmənin Elektron kitabxanasının direktoru Sahab Əliyeva dövlət qadın siyasətinin Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirildiyini, onların fəaliyyəti üçün hər cür şərait yaradıldığını bildirib.
Diqqətə çatdırılıb ki, 2018-ci ilin statistikasına əsasən AMEA Naxçıvan Bölməsində çalışan 254 əməkdaşın 120-ni, 89 elmi işçinin 31-ni, 55 fəlsəfə doktorunun isə 18-ni qadınlar təşkil edir.
Tədbirin sonunda bölmənin bütün qadın əməkdaşlarına hədiyyələr təqdim edilib.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi