Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu 2018-ci il martın 6-7-də Naxçıvan Muxtar Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində qonaq muxtar respublikanın istehsal, mədəniyyət müəssisələrində olub, tarixi abidələri ziyarət edib.
Martın 6-da koreyalı diplomat əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağa muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, burada 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşiddə məhsul, 30 sənətkar tərəfindən hazırlanan 254 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi “Qeysəriyyə” tarixi binasına gələn qonağa buradakı eksponatlar barədə məlumat verilib. Qeyd olunub ki, muzey XII əsr abidəsi olan “Qeysəriyyə” binasında yerləşir. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş örtülü Şərq bazarına “Qeysəriyyə” deyilirdi. “Qeysəriyyə” dünyadakı nadir abidələrdən biridir. Belə tikililərə dünyanın 3 yerində – Səmərqənd, Təbriz və Ordubad şəhərlərində rast gəlinir.
Martın 7-də Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olub. Tanışlıq zamanı səfirə Əshabi-Kəhfin sirli tarixi barədə ətraflı məlumat verilib.
Ağbulaq İstirahət Mərkəzində isə bildirilib ki, ölkəmizdə kənd turizminin tətbiqi sahəsində həyata keçirilən ilkin tədbirlərin nəticəsi kimi diqqəti cəlb edən bu istirahət mərkəzi 2013-cü ildə istifadəyə verilib.
Batabat iqlim-kurort zonasında qonağa məlumat verilib ki, dəniz səviyyəsindən 2450 metr yüksəklikdə olan Batabat yaylağı ərazisindəki 3139 hektar sahəni əhatə edən Şahbuz Dövlət Təbiət Qoruğunda hazırda 32 növ vəhşi heyvan, 127 növ quş, 1580 növ bitki qorunur.
Səfir Batabat yaylağındakı göllər ilə yaxından maraqlanıb. Diqqətə çatdırılıb ki, məşhur Üzən ada, Zorbulaq da burada yerləşir. Üzən ada sfaqnum mamırlarından və onun üzərində bitən örtüklərdən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir.
Martın 7-də Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri başa çatıb.
Kim Çanq-gyu muxtar respublikaya səfəri ilə bağlı təəssüratlarını bizimlə bölüşdü. Əvvəlcə səfər barədə danışan qonaq qeyd etdi ki, əsas məqsəd muxtar respublika ilə yaxından tanış olmaq, əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətlərini müzakirə etməkdir. Naxçıvanda bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini qeyd edən diplomat göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.
Muxtar respublikanın tarixi və mədəni abidələri ilə yaxından tanış olduğunu bildirən Kim Çanq-gyu deyib: “Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı Azərbaycan xalqının çox qədim tarixə malik olduğuna şahidlik etdim. Bu məqamda onu da vurğulamaq istəyirəm ki, Naxçıvanın çox gözəl və ecazkar təbiəti, tarixi abidələri, zəngin mətbəxi və geniş turizm potensialı var. Buna görə də mən bu qədim diyarın turizm imkanlarını koreyalılara tanıtmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
Blokada şəraitində olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikasının çox böyük inkişaf yolu keçdiyini vurğulayan Koreyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri bildirdi ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Koreya Respublikası arasında iqtisadi, təhsil, mədəniyyət və turizm sahəsində əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur.
Tural AĞAYEV