25 Dekabr 2024, Çərşənbə

1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycan bu təşkilata üzv seçilib. Təşkilatın 181-ci üzvü olan Azərbaycanın üçrəngli dövlət bayrağı həmin gün Nyu-Yorkda qaldırılıb, may ayının ­ 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb. Bu, Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınması demək idi. Ümummilli liderimiz Heydər Əliyev BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdə bu məsələ ilə bağlı deyib: “Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan ­Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə fəxr edirik”. 

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin BMT ilə əlaqələrinin inkişaf etdirilməsinə, bu inkişafın fəal və ardıcıllıq prinsiplərə əsaslanmaqla sistemli xarakter almasına xüsusilə diqqət yetirib. Məhz bunun nəticəsidir ki, Azərbaycan dövləti nüfuzlu beynəlxalq təşkilatın bir çox xüsusi qurum və orqanları – BMT Təhlükəsizlik Şurasının Terrorizmə Qarşı Mübarizə Komitəsi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Sənaye İnkişaf ­Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması haqqında Müqavilə Təşkilatı ilə fəal əməkdaşlıq əlaqələri yaradıb.

Ulu öndərin səyi nəticəsində respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiy­yətin diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz ümummilli liderimiz 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırıb. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında BMT-də minilliyin sammitində çıxışı zamanı da ulu öndərimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycanın mövqeyini bir daha bəyan edib. Ölkə­mizin təşəbbüsləri nəticəsində BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını bir daha təsdiq edərək, işğalçı qüvvələrin ölkə ərazisindən dərhal çıxarılması tələblərini irəli sürüb. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməyib.
Respublikamızın BMT ilə münasibətlərinin təməlində ümummilli liderin müəyyənləşdirdiyi üç mühüm ümumi prinsip dayanır. Bunlar tərəfdaşlıq, davamlı sülh və təhlükəsizlikdir. Azərbaycanda hüquqi, demokratik və sülhpərvər dövlət quruculuğu kursunun davam etdirilməsi bu prinsiplərin möhkəmləndirilməsinə əsaslı zəmin yaradır. Dahi ­şəxsiyyətin böyük uzaqgörənliklə işləyib hazırladığı siyasi xətti uğurla davam etdirən, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqların ən yüksək səviyyədə qorunmasına nail olan ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan-BMT əlaqələrinə xüsusi diqqət yetirir. Son illər ölkə başçısı tərəfindən aparılan düzgün xarici siyasət nəticəsində respublikamız bu mötəbər qurumda söz sahibi olan dövlətə çevrilib. 2003-cü ilin sen­tyabrında BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən cənab İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək islahatların vacib məsələyə çevrildiyini bəyan edib. BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini vurğulayıb və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb. Bununla yanaşı, 2004-cü il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündə­liyinə salınıb. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın ­ 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilib.
2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında – 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə layihəsinin müzakirəsini xüsusi xatırlamaq lazımdır. Həmin qətnamə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verib, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək geniş nitq söyləyən Azərbaycan Prezidenti təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Dövlət başçısı Ermənistanın münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törətdiyini, etnik təmizləmə siyasəti həyata keçirdiyini, işğal edilmiş Azərbaycan ərazilərində monoetnik mədəniyyətin yaradılmasına çalışdığını bildirib.
BMT Baş Assambleyasının ötən il sentyabrın 20-də Nyu-Yorkda keçirilmiş 72-ci sessiyasında Prezident cənab İlham Əliyevin dərin məzmunlu və konstruktiv çıxışı xarici siyasət sahəsində dövlətimizin prinsipial mövqeyini və prioritetlərini növbəti dəfə dünyaya nümayiş etdirib.
Beynəlxalq aləmdə nüfuz sahibi olan Azərbaycan Respublikası BMT ilə əlaqələrin inkişafında uğurlu nəticələr əldə edib. 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2011-ci ilin oktyabrında keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycanın seçkilərdə 155 səs toplaması, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə kimi tarixə düşməsi də bunu bir daha təsdiq edir. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla yanaşı, həm də ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi qiymətləndirilməlidir.
Azərbaycan 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik edib. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyəti müddətində Azərbaycan Respublikası bir sıra məsələ­lərin gündəliyə çıxarılmasına nail olub. Ölkəmizin bu quruma hər iki sədrliyi müddətində, ümumilikdə, qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib.
Müstəqil Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı da daim bu beynəlxalq qurumun diqqətini cəlb edib. Ötən dövrdə muxtar respublikada Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Kənd İnvestisiya Proqramı üzrə 150-dək layihəsi icra edilib.
2016-cı il martın 2-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Pro­qramının Azərbaycan Respublikasındakı rezident nümayəndəsi vəzifəsini icra edən Ercan Murat, 2017-ci il oktyabrın 10-12-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Furio de Angelis muxtar respublikaya səfər edib, Naxçıvan şəhərinin mədəniyyət müəssisələri, tarixi abidələri, istehsal sahələri ilə tanış olublar. 2016-cı il mayın 12-15-də isə Naxçıvan Dövlət Universitetində “BMT Modeli” konfransı keçirilib. 2017-ci ilin ok­tyabrında isə Naxçıvan Biznes Mərkəzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsinin iştirakı ilə “Sığınacaqla bağlı müraciətlərin yönləndirilməsi mexanizminin təkmilləşdirilməsi” mövzusunda regional təlim keçirilib.
Göründüyü kimi, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin davam etdirilməsi nəticəsində Azərbaycanın BMT-yə üzvlüyü çoxşaxəli əməkdaşlığa çevrilib. Eyni zamanda Azərbaycan bu mötəbər beynəlxalq təşkilatın daha səmərəli fəaliyyət göstərməsinə, beynəlxalq təhlükəsizliyin və sülhün qorunmasına öz töhfəsini verir.

 Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR