Fevralın 24-də Xocalı soyqırımının iyirmi altıncı ildönümü münasibətilə Türkiyənin müxtəlif bölgələrindən gələn 26 alpinist və Naxçıvan Muxtar Respublikasının Hava və Ekstremal İdman Növləri Federasiyası İdman Klubunun 11 üzvü Haçadağa yürüş təşkil ediblər.
Qardaş ölkə mətbuatında bununla bağlı geniş informasiyalar verilib. Belə ki, milliyyet.com.tr, habertürk.com, mynet.com, aa.com.tr, beyazgazete.com, sondakika.com, diyadinnet.com, haberler.com, konyaninsesi.com.tr, pusulahaber.com.tr və yenihaberden.com saytlarında “Dağçılar Xocalı qurbanları üçün dırmandı” sərlövhəli material və yürüş zamanı çəkilən fotoşəkillər, youtube.com saytında isə videomaterial yerləşdirilmişdir.
Saytlarda dərc olunan informasiyalarda qeyd olunur ki, türkiyəli dağçılar Xocalı soyqırımı şəhidlərinin xatirəsini Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı Haçadağın zirvəsində andılar. 6 saata zirvəyə çatan idmançılar burada “Xocalı şəhidlərini hörmətlə və rəhmətlə xatırlayırıq” yazılı posterləri açaraq soyqırımı qurbanlarına ehtiramlarını bildiriblər.
Türkiyə-Azərbaycan Dərnəyi İqdır şöbəsinin müdiri İlteriş Kağan Daşqınsu jurnalistlərə açıqlamasında bildirmişdir ki, “Azərbaycan ilə köklərimiz, mədəniyyətimiz, dilimiz bir olduğu kimi, sevincimiz və kədərimiz də birdir. Azərbaycanın kədərini bölüşmək və soyqırımına məruz qalan qardaşlarımızı anmaq məqsədilə Haçadağın zirvəsinə qalxdıq. 26 il əvvəl ermənilər tərəfindən Xocalıda törədilən soyqırımında şəhid olan qardaşlarımızı rəhmətlə xatırlayırıq. Biz Azərbaycanın bu haqq işində hər zaman yanındayıq. Gələcək illərdə də Xocalı soyqırımının ildönümlərində Haçadağa yürüş təşkil etməyi nəzərdə tuturuq. Məqsəd bütün dünyanın diqqətini Xocalı soyqırımına yönəltməkdir”.
İdmançılardan Lətif Ayyıldız isə bildirmişdir ki, Xocalı şəhidlərini rəhmətlə anır, bu dəhşətli soyqırımı törədənləri nifrətlə qınayırıq.
“Şərq qapısı”