Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsinin, ölkədə tolerantlıq mühitinin formalaşdırılmasının, milli-mənəvi dəyərlərə qayğı siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər cəmiyyətin dini-mənəvi ehtiyaclarına son dərəcə diqqət və qayğı ilə yanaşmış, dövlət-din münasibətlərinin tarixi-milli ənənəyə və müasir hüquqi prinsiplərə uyğun olaraq tənzimlənməsinə, cəmiyyətdə vicdan azadlığının maneəsiz təminatına, dini-mənəvi, əxlaqi-etik dəyərlərin təbliğ və təşviq edilməsinə böyük əhəmiyyət vermişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ulu öndərimizin bu sahədəki fəaliyyətini uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan tolerantlıq məkanı kimi bütün dünyada böyük nüfuz qazanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2003-cü il 28 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası Nümayəndəliyinin bazasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi yaradılıb. Bu dövlət orqanı böyük bir inkişaf yolu keçib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 18 dekabr tarixli Fərmanı ilə idarənin əsasında Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi, 2017-ci il 28 dekabr tarixdə isə Agentliyin tabeliyində “Mənəvi dəyərlərin təbliği Fondu” yaradılıb.
Agentlik Naxçıvan Muxtar Respublikasında dini fəaliyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsini, dini qurumlarla bağlı qanunvericiliyin müddəalarına riayət olunmasını, müvafiq icra hakimiyyəti orqanlarının dini qurumlarla bağlı fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu sahəyə göstərilən qayğının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında dini etiqad azadlığı təmin olunub. Muxtar respublikada mənəvi dəyərlərimiz qorunur, dini bayramlar yüksək səviyyədə qeyd edilir, ziyarətgahlar, məscidlər, məbədlər təmir və ya bərpa olunaraq dindarların istifadəsinə verilir.
Müstəqillik illərində muxtar respublikada 74 məscid tikilib, 95 məscid yenidən qurulub və ya bərpa olunub. Hazırda bir yeni məscidin tikintisi və 2 imamzadə binasında bərpa işləri davam etdirilir. Ümumilikdə, muxtar respublika ərazisində 211 məscid fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında milli-dini ənənələri yaşatmaq, dini maarifləndirmə işini gücləndirmək, dini abidə və ziyarətgahları qorumaq və onlardan düzgün istifadə etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şura yaradılıb. Şura tərəfindən Naxçıvan Muxtar Respublikasında dini bayramlar, ayinlər və yas mərasimlərinin milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə keçirilməsi məqsədilə tədbirlər görülür. Bununla yanaşı, Naxçıvan şəhərində və rayonlarda cənazələrin təmənnasız daşınması məqsədilə xüsusi cənazə avtomobilləri alınaraq istifadəyə verilib, qəbir yerlərinin və qəbirüstü abadlaşma tədbirlərinin qəbul olunmuş qaydalar daxilində həyata keçirilməsi təmin edilib. Muxtar respublika ərazisində qəbiristanlıqların yaşıllaşması və təmizliyi diqqətdə saxlanılır, dindarlar və yerli icra nümayəndələri tərəfindən iməciliklər keçirilir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli qərarına əsasən qəbirüstü məzarların vahid və standart formada olması təsdiq edilib.
Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi məqsədilə hər ay icma rəhbərlərinin iştirakı ilə tədbirlər təşkil olunur. Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin əməkdaşları vaxtaşırı məscidlərdə olur, yas mərasimlərinin düzgün aparılması, dini fəaliyyətlə məşğul olanların vahid geyim formasına riayət etmələri, dini və məzhəb ayrı-seçkiliyinə yol verilməməsi ilə bağlı tədbirlər görülür. Nəticədə, məscidlərdə İslam dini olduğu kimi təbliğ edilir, dini əsaslara uyğun ibadətlər təşkil olunaraq tolerantlıq prinsipləri ciddi şəkildə qorunur. Görülən işlərin nəticəsi olaraq uzun müddətdir ki, muxtar respublikada müxtəlif məzhəblərə məxsus şəxslərin məscidlərdə birgə ibadət etmələri təmin olunub. Məscidlərdə axundlar tərəfindən namazların və eləcə də cümə namazlarının təşkili dini qaydalara uyğun aparılır. Vaxtilə bu sahədə olan pərakəndəliyi aradan qaldırmaq, İslam dininin xurafatdan uzaq, olduğu kimi təbliğinə nail olmaq üçün dini mərasimləri idarə edən 278-i kişi, 180-i isə qadın olmaqla, 458 dini fəaliyyətlə məşğul olan şəxs attestasiyadan keçirilib, bunlardan 250-si kişi, 135-i isə qadın olmaqla, 385 nəfərə vəsiqələr verilib. Qeydiyyatdan keçənlər iki ildən bir ödənişsiz olaraq yay və qış fəslinə uyğun iki dəstdən ibarət vahid geyim forması ilə təmin olunurlar.
Naxçıvanda ali dini təhsilli kadrların hazırlanması istiqamətində də ciddi addımlar atılır. 2015-ci ildən etibarən “Naxçıvan” Universitetində Dinşünaslıq ixtisası açılaraq fəaliyyətə başlayıb. Bununla yanaşı, dini fəaliyyətlə məşğul olanların biliklərinin artırılması da diqqətdə saxlanılır. Dini təhsilə meyilli olanlar üçün Naxçıvan şəhər “Sarvanlar” məscidində qadın və kişilərdən ibarət müvafiq təkmilləşdirmə kursları təşkil olunub. 2014-cü ildən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyalar yaradılıb. Bu komissiyalar da insanlar və dinlərarası dialoqa öz töhfəsini verir. Naxçıvanda fəaliyyət göstərən dini icmaların işinin yaxşılaşdırılması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.
Muxtar respublikada milli-mənəvi dəyərlərin təbliği, qeyri-ənənəvi dini cərəyanlara və radikal qruplara qarşı ideoloji səddin yaradılması diqqət mərkəzində saxlanılır. Bu gün Naxçıvanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində də formalaşdırılmış model özünəməxsusluğu ilə seçilir. Zaman keçdikcə ulu öndərimizin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, müdrik tövsiyələrin yeri və rolu istər ölkəmizdə, istərsə də muxtar respublikamızda daha aydın görünür.
Ölkəmiz dünyada İslam həmrəyliyinə mühüm töhfələr verir. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli”, Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması dini həmrəyliyə göstərilən diqqətin nəticəsidir. Tutduğumuz yol dinlərarası həmrəylik yoludur. Bu yolun əsasını qoyan ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Biz düz yolla – haqq yolu ilə, Allah yolu ilə, Quran yolu ilə, demokratiya yolu ilə, həqiqət yolu ilə, müstəqillik yolu ilə gedirik... Tutduğumuz bu yol bizi Azərbaycanın çox gözəl gələcəyinə aparıb çıxaracaqdır”.
Naxçıvan Muxtar Respublikası
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin mətbuat xidməti