Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin fevral ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2018-ci il 3 fevral tarixli qərarları ilə “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda və “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişikliklər edilmiş, “Naxçıvan Muxtar Respublikasında sığortaolunanların əməkhaqlarının maliyyələşdirilməsi Qaydası” və “Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiq edilmişdir. Sonuncu Qaydaya əsasən məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər.
Həmçinin Nazirlər Kabinetinin 2018-ci il 7 fevral tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası” və 12 fevral tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi haqqında Əsasnamə” təsdiq edilmişdir. Müvafiq Əsasnaməyə görə, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini və yenidən hazırlanmasını həyata keçirir, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərində işləyən mühasibat işçiləri tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir.
Bundan başqa, Nazirlər Kabinetinin 2018-ci il 19 fevral tarixli qərarı ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 noyabr tarixli 117 nömrəli qərarında dəyişikliklər edilmiş, 21 fevral tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasında 2018-ci il 1 yanvar vəziyyətinə torpaqların növləri, istifadəçiləri və mülkiyyətçiləri üzrə torpaq balansı təsdiq edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür.