Fevralın 24-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək erməni təcavüzkarları tərəfindən 1992-ci il fevralın 26-da Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədildiyini bildirmiş, qədim tarixə malik olan Xocalıdakı tarixi abidələrimizin məhv edildiyini diqqətə çatdırmışdır. Soyqırımına ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldığını bildirən Baş konsul bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlərdən danışmış, Azərbaycan dövlətinin məqsədyönlü xarici siyasəti nəticəsində dünyanın bir sıra dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən soyqırımının tanındığını bildirmişdir.
Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu Çağlar Fahri Çakıralp tədbirdə çıxış edərək ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsini və Azərbaycan torpaqlarının işğal altında saxlanılmasını qınadıqlarını bildirmiş, Azərbaycanla hər zaman həmrəy olduqlarını ifadə etmişdir.
Çıxışlardan sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş etdirilmiş, mərasim iştirakçılarına faciədən bəhs edən videomateriallar, kitab, jurnal və bukletlər paylanılmış, soyqırımına həsr olunmuş fotostendə baxış olmuşdur.
Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin İctimai Məsələlər və Mədəniyyət İdarəsinin baş direktoru, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
“Şərq qapısı”