AMEA Naxçıvan Bölməsində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan “Xocalı faciəsi: səbəbləri, nəticələri və dərsləri” mövzusunda elmi konfrans keçirilib.
Əvvəlcə faciədə vəhşicəsinə qətlə yetirilən həmvətənlərimizin və Xocalı şəhərinin müdafiəsində iştirak edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının dünya tarixində misligörünməmiş bir faciə olduğunu bildirib. Akademik faciənin səbəblərindən və bu tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin, eyni zamanda ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən danışıb.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov “Xocalı faciəsinə gedən yol”, həmin institutun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları, dosentlər – Emin Şıxəliyev “Xocalı faciəsi azərbaycanlılara qarşı törədilən soyqırımların tərkib hissəsi kimi”, Zeynəb Quliyeva “Xocalı faciəsinin azərbaycanlıların milli şüuruna təsiri, nəticə və dərsləri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “Xocalı faciəsi bədii ədəbiyyatda” mövzusunda məruzələrlə çıxış ediblər.
Konfransda Xocalı soyqırımını əks etdirən kitab sərgisi də nümayiş olunub.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi