25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən tarixi-memarlıq abidələri” mövzusunda maarifləndirici tədbir keçirilib. Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil olunan tədbiri xidmətin əməkdaşı Samir Abbasov açıb.

Slaydların nümayiş etdirildiyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əli Rzayev mövzu ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Naxçıvan antik və orta əsrlər dövrünə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Azərbaycan türkləri Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaradıblar. İslam dininin qəbulundan sonra isə Naxçıvan memarları İslam memarlıq ənənələrindən də bəhrələnib, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdiriblər.

Vurğulanıb ki, muxtar respublikamızda xalqın, torpağın canlı yaddaşı sayılan tarixi-mədəni incilərin bərpası istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Son illər Möminə xatın türbəsi konservasiya edilib, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılıb, Yusif Küseyir­oğlu və Nuh türbələri, imamzadələr, muxtar respublika ərazisindəki buzxana abidələri, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin imzaladığı sərəncamlar tarixi-mədəni irsimizin öyrənilməsi, qorunması, tədqiqi və təbliği baxımından mühüm əhəmiyyətə malik olan dövlət sənədləridir. Görülən tədbirlər nəticəsində son 22 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunaraq xalqımıza qaytarılıb.
Sonra tədbir iştirakçılarının “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyaları olub.

Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR