“Spero” qəzetinin əməkdaşı, eyni zamanda geosiyasi mövzulara dair səyyah məruzəçi kimi də tanınan Peter Tase Bosniya və Hersoqovinanın Travnik Beynəlxalq Universitetində Dağlıq Qarabağ müharibəsi zamanı erməni təcavüzünə məruz qalan Azərbaycan tərəfindən təbliğ edilən multikulturalizm dəyərlərinin müdafiəsinə yönələn məruzə ilə çıxış etmişdir. Ötən ilin oktyabr ayında Peter Tase “Spero” qəzetinə verdiyi müsahibədə qeyd etmişdir: “Erkən orta əsrlərdən bəri Azərbaycanda mövcud olan dini elmlər arasında İslam dininin cərəyanlarından biri olan, həmçinin Qərbdə sufizm adı ilə də tanınan kamillik və mənəvi dəyərlərin təbliğini aşılayan təsəvvüf elmi geniş yayılmışdır. Etnik və dini mənsubiyyətlərindən asılı olmadan bütün insanlar arasında sevgi, qardaşlıq və sülhü təşviq edən sufizm cərəyanı tolerantlığın İslam aləmindən digər din, mədəniyyət və irqlərə də sirayət etməsində mühüm rol oynamışdır”.
Peter Tase erməni nəzarətində olan bölgə ilə sərhəd mövqedə yerləşən Azərbaycanın Tərtər rayonuna səfərindən yenicə qayıtmışdır.
Travnik Beynəlxalq Universitetində məruzəsi zamanı cənab Tase ən qədim dövrlərdən bəri Azərbaycanın nümayiş etdirdiyi tolerantlığı örnək seçərək bildirmişdir: “Yəhudilər ilk dəfə eradan əvvəl 5-ci əsrdə qonaqpərvər diyar olan Azərbaycana pənah gətirmişlər. Eramızın 17-ci əsrində isə, qubalı Fətəli xan şimal-şərqi Azərbaycanda əsas xanlıq olan Qubaya yaxın ərazidə böyük bir qəsəbə salmaq məqsədilə yəhudilər üçün torpaq güzəştləri tətbiq etmişdir. Burada yerləşən evlərin dam örtüyünün rənginə uyğun olaraq sözügedən ərazi “Qırmızı Qəsəbə” adlanır. Qırmızı Qəsəbə dağlıq bölgədə yaşayan yəhudi icmasının ən çox və ən sıx məskunlaşdığı yer kimi tanınır. Tarix boyu Azərbaycan yəhudilər üçün, sadəcə, təhlükəsiz məkan olmaqla qalmamış, bununla yanaşı, çoxsaylı beynəlxalq mətbuat nəşrində Azərbaycan “anti-semitizmin mövcud olmadığı” yeganə ölkə kimi səciyyələndirilmişdir. Hal-hazırda Azərbaycanda 7 sinaqoq fəaliyyət göstərir”.
Ötən ilin oktyabrın 20-də Peter Tase məruzəsi zamanı görkəmli memar Əcəmi Naxçıvaninin indiyədək diqqəti cəlb edən innovasiyaları, Möminə xatın türbəsi, Əshabi-Kəhf ziyarətgahı, Gülüstan türbəsi, Culfa şəhəri və Əlincə qalasının yerləşdiyi Azərbaycanın Naxçıvan Muxtar Respublikası, həmçinin Bakı, İçərişəhər kimi dünya əhəmiyyətli memarlıq nümunələri ilə zəngin bölgələri, o cümlədən digər dini və mədəni abidələri haqqında geniş söz açmışdır.
Mühazirənin ikinci hissəsi tarixi Sovet Ermənistanı və Azərbaycanı dövrünə söykənən və 1987-ci ildə başlayan Dağlıq Qarabağ müharibəsindən bəri Azərbaycanın mədəni və dini abidələrinin 25 ildən artıq bir dövr ərzində erməni vandalizminə məruz qalması fonunda ətraf mühitə dəymiş ziyanlara həsr olunmuşdur. Cənab Tase müharibə zamanı erməni silahlı qüvvələri tərəfindən günahsız azərbaycanlıların qətlə yetirilməsindən doğan təəssüfünü dilə gətirmiş, Ermənistanın Azərbaycana məxsus ərazilərdə separatçı “Artsax Respublikası” yaratdığını, habelə bu qondarma rejimin beynəlxalq ictimaiyyət tərəfindən hələ də tanınmadığını vurğulamışdır. Ermənistan və Azərbaycan arasında heç bir sülh müqaviləsi imzalanmamış, düşmənçilik isə bu günədək davam etməkdədir.
“Ermənistan və Azərbaycan arasında hökm sürən silahlı münaqişənin tarixi Azərbaycanın Xankəndi bölgəsinin erməni təcavüzünə məruz qaldığı 1987-ci ilin son dövrünə təsadüf edir. Erməni işğalı nəticəsində yüzlərlə azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərində mövcud konflikt tam mənada müharibəyə çevrilmişdir. Sovet İttifaqının süqutundan sonra Azərbaycanın daxilindəki siyasi səbatsızlıqdan, həmçinin xarici təzyiqlərdən yararlanan erməni silahlı qüvvələri tərəfindən xaricdən hərbi dəstək alınmaqla Dağlıq Qarabağı və yeddi ətraf rayonu işğal olunmuşdur”, – deyə Peter Tase fikirlərini ifadə etmişdir.
Daha sonra Peter Tase bildirmişdir: “İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılır. Separatçı rejim tərəfindən idarə edilən “Artsax Respublikası” erməniləri bu prosesi öz müqəddəratını təyinetmə kimi qələmə versə də, danılmaz faktdır ki, etnik təmizləmə siyasətinin nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Hazırda Azərbaycan ərazisinin 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır. Naxçıvan Muxtar Respublikası isə 20 ildən çoxdur ki, blokada şəraitindədir. Erməni işğalı nəticəsində, təxminən, 900 qəsəbə, 22 muzey, 4 incəsənət qalereyası, tarixin nadir nümunələrindən olan 40 min muzey eksponatı, 44 məbəd, 9 tarixi bina və 9 məscid dağıdılmış, qarət edilmiş və yandırılmışdır. Bundan əlavə, ermənilər 927 kitabxanada mühafizə edilən 4,6 milyon nüsxə kitab və dəyərli tarixi əlyazmaları məhv etmişdir.
Məruzəsinin yekun hissəsində cənab Tase Azərbaycan Respublikası ilə Bosniya və Hersoqovina arasında mövcud ikitərəfli əlaqələrə toxunmuş, ötən ilin 17 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bosniya və Hersoqovina həmsədrlərindən biri, eyni zamanda Balkan ölkəsinin dövlət başçısı olan Mladen İvanic arasında baş tutan zirvə görüşünü xatırlatmışdır. Ötən ilin sentyabr ayında Prezident İlham Əliyev Bosniya və Hersoqovinanın digər həmsədri Bakir İzetbeqoviclə ikitərəfli görüş keçirmişdir.
Mühazirədən sonra suallara aydınlıq gətirən cənab Tase dil tədqiqatı baxımından geniş imkanlara malik olan Çin Mədəniyyəti Mərkəzi, Bakı Amerika Mərkəzi və Azərbaycan Dillər Universitetinin müvafiq fakültəsi haqqında müsbət fikirlərini dilə gətirmişdir. Sonrakı radio-müsahibələrinin birində cənab Tase Ermənistan və Azərbaycan arasında mövcud həll olunmamış konfliktdən doğan problemləri müzakirə edərkən, eyni zamanda Azərbaycanda şahid olduğu multikulturalizm atmosferini yüksək qiymətləndirdiyini qeyd etmişdir.
Speronews.com