25 Dekabr 2024, Çərşənbə

Fevralın 21-də Şərur Olimpiya-İdman Kompleksində 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur Seçki dairələrinin məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan 2 saylı Şərur Dairə Seçki Komissiyasının sədri İbrahim Abbasov bildirib ki, bu il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Şərur rayonunda da lazımi hazırlıq işləri görülür. Bu gün 2 saylı Şərur Seçki Dairəsinin seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. Hazırda Şərur Seçki Dairəsinin 78-i daimi, 2-si müvəqqəti olmaqla, ümumilikdə, 80 məntəqəsi var. Aparılan dəqiqləşdirmələr nəticəsində Şərur rayonu üzrə seçicilərin sayının 69 min 800 nəfər olduğu müəyyənləşib. Onlardan 33 min 982-si kişi, 35 min 818-i qadındır. İlk dəfə səs verənlərin sayı 338 nəfərdir, onlardan 187-si kişi, 151-i qadındır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən növbəti prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Prezident seçkilərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasında, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında hazırlıq işlərinə başlanılıb. Məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün keçirilən ­seminar-müşavirə də qarşıdan gələn prezident seçkilərinin ən yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələrin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.
1 saylı Şərur-Sədərək və 2 saylı Şərur Seçki dairələrinin müasir inzibati binalarla təmin edilməsi, bu dairələrin əhatə etdikləri seçki məntəqələrinin fəaliyyəti üçün də zəruri şəraitin yaradılması Şərur rayonunda seçkilərin yüksək səviyyədə keçirilməsinə geniş imkanlar açır.
Bildirilib ki, Seçki Məcəlləsinin tələbinə görə, seçki komissiyaları vətəndaşların səsvermə hüququnu təmin etmək, seçki subyektlərinin fəaliyyətini qanunun tələbinə uyğun idarə etmək, tədbirlərin qanunauyğun surətdə keçirilməsi üçün müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir. Bu baxımdan seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının üzərinə ciddi vəzifələr düşür. Muxtar respublikada seçkilərin hazırlanması və keçirilməsi zamanı yerli icra orqanları və seçki komissiyalarının qarşılıqlı fəaliyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.5-ci maddəsinə əsasən tənzimlənir.
Prezident seçkilərində seçki məntəqələri əməkdaşlarından tələb olunan əsas məsələ səsvermə prosesində qanunvericiliyə ciddi əməl olunması, seçkilərin azad, sərbəst, şəffaf, demokratik prinsiplər əsasında keçirilməsini təmin etməkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov əvvəlki seçkilərin təcrübəsindən bəhrələnərək qarşıdan gələn prezident seçkilərinin də ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.
Sonra Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini İmran Əliyevin “Məntəqə seçki komissiyalarının müvafiq inzibati binalarla, həmçinin tələb olunan inventar və avadanlıqlarla təmin olunması”, Şərur Rayon Məhkəməsinin sədri ­Hüseyn Zülfüqarovun “Seçki hüqu­qunun konstitusion əsasları, Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüququnun realizə mexanizmləri”, Şərur rayon prokuroru vəzifəsini icra edən Anar Həsənovun “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri”, Şərur Rayon Polis Şöbəsinin rəisi Şahmar Abdullayevin “Azərbaycan Respublikası Prezidenti seçkilərində Daxili İşlər Nazirliyi orqanları­nın rolu və fəaliyyət istiqamətləri”, 1 saylı Şərur-Sədərək Dairə Seçki Komissiyasının katibi Fariz Rüstəmovun “Seçki günü məntəqə seçki komissiyalarında səsvermənin təşkili və səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən əsas vəzifələr” mövzularında məruzələri dinlənilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 Muxtar MƏMMƏDOV

*           *           *

Məntəqə seçki komissiyaları sədrləri və katiblərinin iştirakı ilə 6 saylı Culfa-Babək Seçki Dairəsində keçirilən seminar-müşavirəni Dairə Seçki Komissiyasının sədri Əzim Əzimov açaraq məntəqə seçki komissiyaları üzvlərinin peşə hazır­lığının artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi və seçki günü görəcəkləri işlərdən danışıb.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova, rayon məhkəməsinin sədri Mehrab Məmmədov, rayon prokuroru Əli Adıgözəlov, Polis Şöbəsinin rəisi Nəriman İbrahimov çıxış edərək bildiriblər ki, prezident seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün rayon ərazisində 30 seçki məntəqəsi formalaşdırılıb. Bunlardan 7 məntəqə 7 saylı Ordubad-Culfa Seçki Dairəsinin, 23 məntəqə isə 6 saylı Culfa-Babək Seçki Dairəsinin tərkibində fəaliyyət göstərir.
Qeyd olunub ki, seçkilərə hazır­lıqla bağlı görülən işlər çərçivəsində məntəqə seçki komissiyalarının yerləşdiyi iş və səsvermə otaqları lazımi inventarlarla təmin olunub. Məntəqə seçki komissiyalarının yerləşdiyi binalarda, iş otaqlarında elektrik xətlərinin vəziyyəti yoxlanılıb, nasazlıqlar aradan qaldırılaraq fasiləsiz elektrik enerjisinin təminatı üçün əlavə tədbirlər görülüb. Məntəqələrin yerləşdiyi bina və iş otaqlarının telefonlaşdırılması başa çatdırılıb. Beş məntəqədə isə seçkilərin izlənilməsi üçün müşahidə kameraları quraşdırılaraq dayanıqlı internet xəttinə qoşulacaqdır. Hazırda Culfa rayonu üzrə əhalinin ümumi sayı 46 min 406 nəfərdir ki, bunlardan da 25 min 419-u aktiv seçki hüququna malik olan seçi­cilərdir. Seçicilərin 12 min 584 nəfəri qadın, 12 min 835 nəfəri kişilərdir. O cümlədən seçicilərdən 130 nəfəri ilk dəfə səs verəcək gənclərdir.
Vurğulanıb ki, namizədlərə bərabər şərait yaratmaq məqsədilə “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa və Seçki Məcəlləsinin 87.6-cı maddəsinə əsasən seçkilərə 30 gün qalanadək yerlər müəyyənləşdiriləcək. Rayonun yaşayış məntəqələrinin gediş-gəliş çox olan küçə və meydanlarında seçki­qabağı təbliğat-təşviqat lövhələri yerləşdiriləcək.
Tədbir iştirakçılarına seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri, seçki subyektləri, seçki hüququnun pozulmasına görə məsuliyyət nəzərdə tutan qanun­vericilik aktları və məsuliyyət növləri, seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi seçki sənədlərinin daşınması və saxlanmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu barədə də ətraflı məlumat verilib.
Sonra Dairə Seçki Komissiyasının sədri Əzim Əzimov seçkilər günü məntəqə seçki komissiya­larında səsvermənin təşkili və ­səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən əsas vəzifələrdən danışıb və seçki prosesi ilə bağlı slayd nümayiş etdirilib.

Hüseyn ŞƏKƏRƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR