Fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilmiş seminar-müşavirənin davamı olaraq, 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsində məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib.
Tədbirdə “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov deyib ki, Azərbaycan Respublikası Prezidentinin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” 2018-ci il 5 fevral tarixli Sərəncamına əsasən növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub. Prezident seçkilərinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasında, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında hazırlıq işlərinə başlanılıb.
“Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının, dairə seçki komissiyalarının müasir inzibati binalarla təmin edilməsi, seçki məntəqələrinin fəaliyyəti üçün də zəruri şəraitin yaradılması muxtar respublikada seçkilərin yüksək səviyyədə keçirilməsinə geniş imkanlar yaradır”, – deyən Rəhman Məmmədov qeyd edib ki, keçirilən seminar-müşavirə də qarşıdan gələn prezident seçkilərinin ən yüksək səviyyədə keçirilməsi üçün üzərimizə düşən vəzifələrin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşıda duran əsas vəzifə prezident seçkilərini ən yüksək səviyyədə keçirməkdir. Seçki Məcəlləsinin tələbinə görə, Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyaları vətəndaşların səsvermə hüququnu təmin etmək, seçki subyektlərinin fəaliyyətini qanunun tələbinə uyğun idarə etmək, tədbirlərin qanunauyğun surətdə keçirilməsi üçün müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edir. Ona görə də burada aparılan müzakirələrin nəticəsi atılacaq sonrakı addımlar üçün əsas olmalıdır.
Diqqətə çatdırılıb ki, seçkilərdə şəffaflığın təmini ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının üzərinə ciddi vəzifələr düşür. Nəzərə alınmalıdır ki, muxtar respublikada seçkilərin hazırlanması və keçirilməsi zamanı yerli icra orqanları və seçki komissiyalarının qarşılıqlı fəaliyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.5-ci maddəsinə əsasən tənzimlənir.
Rəhman Məmmədov vurğulayıb ki, vətəndaşların seçkidə iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması, seçkinin nəticələrinə təsir məqsədi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Prezident seçkilərində seçki məntəqələri əməkdaşlarından tələb olunan əsas məsələ səsvermə prosesində qanunvericiliyə ciddi əməl olunmasını, seçkilərin azad, sərbəst, şəffaf, demokratik prinsiplər əsasında keçirilməsini təmin etməkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov əvvəlki seçkilərin təcrübəsindən bəhrələnərək qarşıdan gələn prezident seçkilərinin də ən yüksək səviyyədə təşkil ediləcəyinə əminliyini bildirib.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Sərdar Salahovun “Məntəqə seçki komissiyalarının müvafiq inzibati binalarla, həmçinin tələb olunan inventar və avadanlıqlarla təmin olunması”, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Mehman Allahverdiyevin “Seçki hüququnun konstitusion əsasları, Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüququnun realizə mexanizmləri”, Naxçıvan şəhər prokurorunun müavini Qalib İsmayılovun “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri”, Naxçıvan Şəhər Polis İdarəsinin rəis əvəzi Kamil Məmmədəliyevin “Azərbaycan Respublikası Prezidenti seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri”, 4 saylı Naxçıvan Şəhər Dairə Seçki Komissiyasının sədri Cahangir Seyidovun “Seçki günü məntəqə seçki komissiyalarında səsvermənin təşkili və səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən əsas vəzifələr” mövzularında məruzələri dinlənilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Rauf KƏNGƏRLİ
* * *
Ordubad-Culfa Dairə Seçki Komissiyasında da məntəqə sədrləri və katibləri üçün seminar-müşavirə keçirilib. Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşadət Orucov “Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti, məntəqə seçki komissiyalarının müvafiq inzibati binalarla, həmçinin tələb olunan inventar və avadanlıqlarla təmin olunması”, Ordubad rayon prokurorunun vəzifəsini icra edən Yusif Abdullayev “Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri”, Ordubad Rayon Məhkəməsinin sədri Elşən Salmanov “Seçki hüququnun konstitusion əsasları. Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüququnun realizə mexanizmləri”, Ordubad Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Əli Nəbiyev “Azərbaycan Respublikası Prezidenti seçkilərində Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyət istiqamətləri”, 7 saylı Ordubad-Culfa Dairə Seçki Komissiyasının sədri Həsən Həsənov “Seçkilər günü məntəqə seçki komissiyalarında səsvermənin təşkili və səsvermə prosesi başa çatdıqdan sonra məntəqə seçki komissiyalarının üzərinə düşən əsas vəzifələr” mövzularında çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, muxtar respublikanın bütün rayonlarında olduğu kimi, Ordubad rayonunda da 7 saylı Ordubad-Culfa Dairə Seçki Komissiyası üzvlərinin normal fəaliyyət göstərmələri üçün hər bir şərait yaradılıb. Belə ki, seçki dairəsi lazım olan inventarlarla, rabitə sistemi və sürətli internetlə təmin edilib. Seçki məntəqələrinin beşində kameralar quraşdırılacaq.
7 saylı Ordubad-Culfa Seçki Dairəsi 48 məntəqəni özündə birləşdirir. Məntəqələrin 41-i Ordubad rayonunun, 7-si isə Culfa rayonunun ərazisində yerləşir. Seçki gününə 5 gün qalmış rayon ərazisində əlavə olaraq 4 seçki məntəqəsi də yaradılacaq.
Vurğulanıb ki, seçici siyahılarının dəqiqləşdirilməsi başa çatdırılıb. Ordubad rayonu üzrə seçicilərin sayı 28 min 657, Culfa rayonu ilə birlikdə seçicilərin ümumi sayı 34 min 530, ilk dəfə səs verəcək seçicilərin sayı isə 170 nəfərdir.
* * *
Kəngərli rayonunda keçirilən tədbiri 3 saylı Babək-Kəngərli-Naxçıvan Dairə Seçki Komissiyasının sədri Zahid Ələkbərov açaraq bildirib ki, dairənin əhatə etdiyi 3 rayonun ərazisində 46 mülki seçki məntəqəsi və 3 qapalı seçki məntəqəsi fəaliyyət göstərir. Həmin mülki seçki məntəqələrinin 21-i Babək rayonu, 18-i Kəngərli rayonu, 7-si isə Naxçıvan şəhəri ərazisində yerləşir. 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin əhatə etdiyi 46 seçki məntəqəsində 41 min 858 seçici qeydə alınıb ki, bunlardan da 20 min 857-si kişi, 21001-i isə qadındır. Dairə üzrə 303 seçici ilk dəfə səs verəcək.
Rayon İcra Hakimiyyəti başçısının müavini Hacırəddin Mehbalıyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi üçün hazırda seçki məntəqələrinin zəruri avadanlıq və seçki günü üçün lazım olan digər vəsaitlərlə təmin edilməsi üçün hazırlıq işləri aparılır.
Kəngərli Rayon Məhkəməsinin sədri Əhliman Xıdırov Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki hüququnun realizə mexanizmləri haqqında danışaraq qeyd edib ki, seçki hüququ vətəndaşların siyasi sistemə təsirini hiss etməyə imkan verən ən əsas hüquqdur. Seçkilərin keçirilməsinin hüquqi əhəmiyyətini başlıca olaraq vətəndaşların aktiv və passiv seçki hüquqlarının həyata keçirilməsinə hüquqi təminatın verilməsi və Konstitusiya ilə müəyyən edilmiş dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının formalaşması təşkil edirsə, onun siyasi əhəmiyyətini ölkədə demokratiyanın vəziyyəti, seçicilərin arzu və istəkləri, onların siyasi, iqtisadi və sosial sahələrdə olan tələblərinin müəyyən edilməsi təşkil edir.
“Seçki hüquqlarının qorunmasında prokurorluq orqanlarının rolu və vəzifələri” mövzusunda çıxış edən Kəngərli rayon prokuroru, ədliyyə müşaviri Talıb Məmmədov bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşların seçki hüquqlarını pozan şəxslərə qarşı müxtəlif təsir tədbirləri, məsuliyyət növləri müəyyən edilib. Bu məsuliyyət Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.
Kəngərli Rayon Polis Şöbəsinin rəis əvəzi, polis mayoru Nəsib İsmayılov çıxışında vurğulayıb ki, seçki kampaniyası dövründə və seçkilər günü hüquq pozuntusu hallarına yol verilməməsi üçün aidiyyəti təşkilatlarla yanaşı, daxili işlər orqanları qarşısında da mühüm vəzifələr durur. Bu məqsədlə də, rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin, “Polis haqqında” və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunların və digər qanunvericilik aktlarının tələblərinə əsaslanaraq xüsusi tədbirlər planı hazırlanaraq icraya yönəldilir.
Xəbərlər şöbəsi