25 Dekabr 2024, Çərşənbə

Muxtar respublikamızda əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsinə, infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyətinin təmin olunmasına xüsusi diqqət yetirilir. Hər il Naxçıvan Muxtar Respublikası Ali Məclisində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələrdə bu məsələlərin həlli yolları müəyyənləşdirilir və qarşıya qoyulmuş vəzifələr aidiyyəti qurumlar tərəfindən icra edilir.
Avqust ayının 26-da keçirilmiş analoji müşavirədə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə verilmiş tapşırıqlar standarta uyğun olmayan qızdırıcı elektrik və qaz cihazlarının, sənaye üsulu ilə hazırlanmayan digər texniki avadanlıqların muxtar respublikaya gətirilməsinə və istismarına yol verilmə­məsindən, eləcə də bu barədə istehlakçıların və sahibkarların əvvəlcədən məlumatlandırılmasından ibarətdir.
Nəzərə almaq lazımdır ki, keyfiyyətin beynəlxalq qaydalar əsasında təmin edilməsi, ilk növbədə, məhsulların sertifikatlaşdırılmasını tələb edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən vətəndaşların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar məcburi sertifikasiyadan keçməlidir. Uyğunluğu təsdiq edən sertifikat olmadıqda həmin malları Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Müvafiq səlahiyyətli orqan, yəni Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı belə malların ölkə ərazisinə idxal edilməsinə gömrük orqanları tərəfindən icazə verilməsi üçün əsasdır.

Standartlara uyğunluğu müvafiq dövlət orqanı tərəfindən təsdiqlənmə­miş qızdırıcı elektrik və qaz cihazlarının idxalına icazə verilməməsi məhz istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin tərkib hissəsidir. Çünki qanunvericilik uyğunluq sertifikatı təqdim olunmadan təhlükəsizliyi təmin edilməli olan malların gömrük buraxılış məntəqələrindən keçirilməsinə yol vermir. Bununla bağlı sərhəd-keçid məntəqələrində vətəndaşlara yazılı, şifahi və elektron qaydada xəbərdarlıqlar olunur, xaricdən qaz sobası gətirmək istəyən hüquqi və fiziki şəxslərə qanunvericiliyin tələbləri izah edilir. Uyğunluq sertifikatı olmadan idxal edilən qızdırıcı elektrik və qaz cihazları sərhəd-keçid məntəqələrində saxlanılır.
Ayrı-ayrı vətəndaşlar tərəfindən şəxsi istifadə üçün gətirilən qaz cihazlarının, o cümlədən sobaların təhlükəsizlik sistemi isə aidiyyəti dövlət qurumunun əməkdaşları tərəfindən yerindəcə yoxlanılır və müsbət rəy verildikdən sonra buraxılışına icazə verilir.
Nəzərə almaq lazımdır ki, gömrük orqanları insanların həyatı, sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi malların standartlara uyğunluğunu, təhlükəsizliyini vizual şəkildə müəyyənləşdirə bilməz. Bunun üçün aidiyyəti dövlət orqanı tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatı olmalıdır.
Xaricdən uyğunluq sertifikatı olmadan gətirilən və standartlara uyğunluğuna dair müsbət rəy verilməyən qaz sobalarının gömrük orqanları tərəfindən saxlanılması vətəndaşlara dəyə biləcək maddi və mənəvi ziyanın qarşısının alınmasına xidmət edir. Əhalinin böyük əksəriyyətinin kəndlərdə yaşadığını, muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artdığını nəzərə alsaq, əlbəttə ki, fərdi yaşayış evlərində, xüsusən də qazla işləyən cihazların rolu və əhəmiyyəti danılmazdır. Çünki mavi yanacaq nə qədər sərfəli və rahat olsa da, təhlükəsizlik təmin edilmədikdə bədbəxt hadisələr qaçılmazdır.
Yeri gəlmişkən, qeyd edək ki, standarta uyğun sobalarda dəm qazının miqdarı həyat üçün təhlükəli olanda qazın sobaya girişini avtomatik olaraq dayandıran xüsusi qurğu olur. Üstəlik, hər hansı bir səbəbdən qaz nəqli dayandıqda ehtimal olunan təhlükələrin qarşısının alınması üçün sobalar avtomatik qaz kranı, yəni qaz requlyatoru ilə təchiz edilir. Sınaq yoxlamalarının nəticələri göstərir ki, ayrı-ayrı vətəndaşlar tərəfindən xaricdəki mağazalardan alınıb gətirilən sobaların heç də hamısı standartlara cavab vermir. Xarici uyğunluq sertifikatı olan qaz sobalarında bir çox hallarda müəyyən edilir ki, maya dəyərinin aşağı salınması və ya hər hansı başqa bir səbəbdən onların üzərində bu qurğular olmur və ya sonradan açılıb çıxarılır. Məhz son üç ay ərzində fiziki şəxslər tərəfindən gətirilmiş 99 sobanın 42-nin standartlara uyğun olmamasının müəyyən edilməsi və buraxılışına icazə verilməməsi bu sahədəki vəziyyəti əks etdirir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar xaricdən gətirilən, o cümlədən satışa çıxarılan qızdırıcı elektrik və qaz cihazlarının milli sertifikatlaşmaya uyğunluğuna nəzarətin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən daxili bazarda birgə reydlər də təşkil olunur. Məqsəd standartlara uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz cihazlarının istismarına yol verilməməsindən və satış dövriyyəsindən çıxarılmasının təmin edilməsindən, o cümlədən sahibkarlıq subyektlərinin hüquqi cəhətdən maarifləndirilməsindən ibarətdir. Bütün bunlar əhalinin təhlükəsizliyi, yanğın, partlayış, zəhərlənmə və ölüm hallarına aparıb çıxaran hadisələrin qarşısının əvvəlcədən alınması baxımından əhəmiyyətlidir.
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi bir daha diqqətə çatdırır ki, təhlükəsizliyin təmin edilməsi və istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasətinin həyata keçirilməsi məqsədilə xaricdən gətirilən və milli sertifikatlaşmadan keçməyən elektrik və qaz cihazları muxtar respublikaya buraxılmır. Xaricdən bu tip cihazlar gətirilməsinə icazə üçün yeganə sənəd aidiyyəti dövlət orqanı tərəfindən verilmiş və ya tanınmış uyğunluq sertifikatıdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR