25 Dekabr 2024, Çərşənbə

Bütün fəsillərdə gözəl olan doğma yurdumuza bu payız fəslinin son günlərində qar yağdı – qışın gəlişindən soraq verdi. Yaşlılar: ­– Öz yerinə-öz yurduna yağır, – dedilər. Belə günlərin birində Ordubad rayonunun Üstüpü kəndinə gedirəm. Füsunkar təbiəti, özünəməxsus gözəllikləri olan bu yaşayış məntəqəsi rayon mərkəzindən 40 kilometr məsafədə yerləşir. Paytaxt şəhərimizdən yola düşərkən Naxçıvan-Ordubad magistralının Düylün kəndi ərazisindən sola ayrılan yolu gözlərimin önünə gətirirəm. Bir neçə gün əvvəl Naxçıvan televiziyasında Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolunun açılışı barədə göstərilən süjetə baxmışam. Müasir standartlara cavab verən 20 kilometrlik yol 4 yaşayış məntəqəsi sakinlərinin böyük sevincinə səbəb olub, nəqliyyat vasitələrinin intensiv hərəkətini təmin edib. Yol genişləndirilərək asfalt örtük salınıb, üzərində su keçidləri qoyulub, istinad divarı tikilib, körpülər əsaslı təmir edilib, sahilbərkitmə işləri aparılıb.
Bu kəndlərin həm də turizm üçün əlverişli olduğunu nəzərə alsaq, yeni yolun böyük əhəmiyyət daşıdığını görərik. Artıq Düylün və Çənnəb kəndlərini keçmişik. Qarşıda Üstüpü kəndidir. Bu yaşayış məntəqəsinin adının etimologiyası ilə bağlı oxuduqlarımı xatırlamağa çalışıram.

Tədqiqatçıların yazdığına görə, “Üstüpü” toponimi hələ Səfəvilər dövründən məlumdur. Bəzilərinə görə, kəndin adı Üstüpir olub. Toponimçi K.N.Smirnovun fikrincə isə bu ad astana, kandar mənasındadır. AMEA-nın müxbir üzvü, mərhum Adil Bağırovun gəldiyi qənaət isə belədir ki, “Üstüpü” toponimi kəndin yerləşdiyi ərazinin relyef quruluşu ilə bağlıdır. Belə güman olunur ki, kəndin yuxarı hissəsi Belgili, Xokəlin təpələri və Ulus dağı ilə əhatələndiyi üçün yerli əhali həmin təpələrin sayına uyğun olaraq bura “Üçtəpə” adı verib və zaman keçdikcə fonetik dəyişmələr nəticəsində bu ad “Üstüpü” şəklinə düşüb.
Müasirliyə qovuşmuş bu qədim yurd yeri indi sevinc içərisindədir. Bunun səbəbi isə noyabr ayının 21-də burada bir neçə yeni obyektin istifadəyə verilməsidir. Bununla da kəndin görkəmi tamamilə dəyişib, müasirliyə qovuşub.
Kənddə ilk olaraq üz tuturuq yeni məktəb binasına. Müasir tələblər səviyyəsində inşa edilmiş 340 yerlik məktəb binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Məktəbin müəllimi, Yeni Azərbaycan Partiyası Üstüpü kənd ərazi ilk təşkilatının sədri Ramazan Gözəlov üstüpülülərə göstərilən dövlət qayğısını yüksək dəyərləndirərək həmyerliləri adından minnətdarlığını bildirir. Məktəbin digər bir müəllimi Dunay Nəcəfov da söhbətə qoşulub deyir ki, artıq 19 kompüterdən istifadə etmək imkanı qazanmışıq. Kompüterlərin hamısı internetə qoşulub. Müəllimlər onu da bildirdilər ki, ötən il məktəbin məzunlarından dördü ali, ikisi orta ixtisas məktəblərinə qəbul olunublar. Yaradılan şərait, vəzifə və vətəndaşlıq borcu qarşıdakı illərdə daha böyük uğurlar tələb edir və buna da nail olacaqlarına əmindirlər.
Təhsil ocağında məktəbəhazırlıq sinfinin şagirdi Bəkir Nəcəfli ilə ayaqüstü söhbət edirik. Beşyaşlı bu uşağın yüzə yaxın şeir bilməsi diqqətimizi çəkir. Bəkirdən bir şeir söyləməsini istəyirik.

Sinəsində qurulubdu təmtəraq,
Gördüklərim, duyğularım haqdır, haqq.
Məni yaman sehrləyib bu torpaq –
Mən öz doğma Vətənimə vurğunam.

Kollektivlə söhbət zamanı bir məqamı dərk etdik ki, müəllimlər onlarla görüşdə Ali Məclis Sədrinin tövsiyəsini fəaliyyət proqramı kimi qəbul ediblər: “... Üstüpü kənd tam orta məktəbi üçün də müasir tədris şəraiti yaradılıb. Bütün bunlar imkan verəcəkdir ki, məktəbi bitirən gənclər ölkəmizdə və dünyanın qabaqcıl universitetlərində ali təhsillərini davam etdirə bilsinlər. Müasir tədris imkanlarına malik məktəb binalarının istifadəyə verilməsi, müəllim tələbkarlığı və şagird çalışqanlığı təhsildə uğur qazanmağın başlıca şərtləridir. Kollektiv yaradılan şəraitdən istifadə edərək nailiyyətləri daha da artırmalı, məktəbdə gələcəyimizin təminatçıları olan əsl vətəndaşlar yetişdirilməlidir”.
Həmin gün istifadəyə verilən həkim ambulatoriyasının baş həkim əvəzi Zərifə Babayeva ilə yeni səhiyyə müəssisəsində həmsöhbət oluruq. Deyir ki, ambulatoriyada müasir tibbi avadanlıqlar qoyulub.
Üstüpüdə kompleks quruculuq tədbirləri çərçivəsində inşa olunmuş kənd və xidmət mərkəzləri üstüpülülərə göstərilən daha bir qayğının ifadəsidir. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Təbriz Quliyev yeni obyektlər barədə məlumat verərək bildirir ki, kənd mərkəzi üçmərtəbəlidir. Burada kənddə fəaliyyət göstərən dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb. Kənd mərkəzində rabitə evi, polis sahə məntəqəsi, kitabxana, baytarlıq məntəqəsi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, statistika otağı və 74 yerlik zal və kitabxana yerləşir.
Yaradılan belə şərait üstüpülüləri doğma torpağa daha sıx tellərlə bağlayıb. Onlar təsərrüfatın müxtəlif sahələrini inkişaf etdirirlər. Burada dağlıq ərazilər üçün spesifik olan maldarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik və tərəvəzçilik insanların məşğulluğunu təmin edib.
Kənd ağsaqqalı Vaqif Əkbərov üstüpülülərin zəhmətdən qorxmadıqlarını deyir:
– Kəndimizdə tarixən kartofçuluğa, tərəvəzçiliyə üstünlük verilib. Bu təsərrüfat sahələrində zəngin təcrübə qazanılıb. Tədricən digər təsərrüfat sahələri də inkişaf etdirilir. İndi elə bir kənd adamı tapa bilməzsən ki, o, təsərrüfatın bir neçə sahəsi ilə məşğul olmasın. Bunun üçün hərtərəfli imkanlar var. Münbit torpaq, təmiz su və hava, başlıcası isə hərtərəfli dövlət qayğısı. Belə qayğının ifadəsidir ki, torpaq mülkiyyətçiləri dövlətdən güzəştli kreditlər götürür, onlar gübrələrlə təchiz olunurlar. Texnika sarıdan da heç bir narazılıq yoxdur.
El ağsaqqalı deyir ki, kənddə müasir həyat şəraitinin yaradılması ölkəmizin iqtisadi qüdrətinin günü-gündən artmasının ifadəsidir. Bu isə kənd adamlarını qurub-yaratmağa daha da ruhlandırıb.
Qarlı bir gündə Üstüpüdə qaynar həyatın yaşandığını gördük. Gördüklərimiz isə qəlbimizdə qürur hissi yaratdı. Doğma torpağına qəlbən bağlı olan insanların sevincini biz də yaşadıq. Bu sevincin uzun ömürlü olacağını isə üstüpülülərin söhbətlərindən bir daha duyduq.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR