Azərbaycan Respublikasının Türkiyənin Qars şəhərindəki Baş Konsulluğunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə baş konsulluğun kollektivi, bu şəhərdə yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz ulu öndərin Qarsın mərkəzində yerləşən Heydər Əliyev Parkındakı heykəli önünə gül-çiçək düzüb, xalqımızın xilaskar oğlunun əziz xatirəsini ehtiramla yad ediblər.
Baş konsulluqda davam edən mərasimdə ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Baş konsul Nuru Quliyev ulu öndər Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən bəhs edib. Qeyd olunub ki, dahi rəhbərin siyasi xətti ölkəmizi tərəqqiyə qovuşdurub, əhalinin sosial rifah halının yüksəldilməsinə səbəb olub. Bu gün Azərbaycan Respublikası ulu öndərin müəyyənləşdirdiyi yolla gedərək daha da inkişaf edir, beynəlxalq aləmdə öz nüfuzunu artırır. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ulu öndərin xidmətlərindən danışan Baş konsul deyib ki, bu gün iki qardaş ölkə arasında sarsılmaz dostluq və tərəfdaşlıq münasibətləri mövcuddur.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub, ehsan süfrəsi açılıb.
“Şərq qapısı”