Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının XVII konfransı keçirilib.
Konfransa şura sədrinin müavini Xatirə İbrahimli sədrlik edib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzovun hesabat məruzəsi dinlənilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası son beş ildə öz işini tədbirlər planı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırıq və tövsiyələri əsasında qurub, təşkilati baxımdan möhkəmlənərək ilk təşkilatların say tərkibini artırıb. Bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası 6 muxtar respublika, 10 birləşmiş Həmkarlar İttifaqları Komitəsini və 1500-dən çox ilk təşkilatı öz ətrafında birləşdirir. İttifaq üzvlərinin sayı 72 mindən çoxdur.
Muxtar respublikamızda əhalinin məşğulluğunun artırılması istiqamətində ardıcıl surətdə həyata keçirilən tədbirlər, yeni xidmət və istehsal sahələrinin yaradılması həmkarlar ittifaqları təşkilatlarının fəaliyyəti üçün geniş imkanlar açıb. Sucaxan Novruzov yaradılan bu şəraitə və Həmkarlar İttifaqları Şurasına göstərdiyi diqqət və qayğıya görə konfrans iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq bildirib.
Sonra məruzə ətrafında Təhsil İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Səbuhi Hüseynovun, Tikinti-Memarlıq, Kommunal və İctimai Xidmət Müəssisələri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Ceyhun Məmmədovun, Ordubad Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Mahir Şıxəliyevin çıxışları olub.
Konfransda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası Məclisinin və İcraiyyə Komitəsinin yeni tərkibi səsə qoyularaq qəbul olunub.
Konfransda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədrinin seçilməsi ilə bağlı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Rövşən Hüseynov çıxış edərək Novruzov Sucaxan Müseyib oğlunun namizədliyin irəli sürüb. Təklif səsə qoyularaq qəbul olunub.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov göstərilən etimada görə minnətdarlıq edib. Şuranın fəaliyyətini günün tələbləri səviyyəsində quracağını, Həmkarlar İttifaqları üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində məqsədyönlü tədbirlər keçirilməsini diqqət mərkəzində saxlayacağını bildirib.
Culfa Rayon Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Vahid Muradov çıxış edərək İbrahimli Xatirə Mikayıl qızının namizədliyini şuranın sədr müavini vəzifəsinə irəli sürüb. Təklif səsə qoyularaq qəbul olunub.
Gündəlikdə duran növbəti məsələ şuranın Təftiş Komissiyasının üzvlərinin yeni tərkibi barədə olub. Komissiyanın üzvlüyünə namizədlər səsə qoyulub və qəbul olunub. Akif Mahmudov Nəzarət-Təftiş Komissiyasının sədri seçilib.
Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclis üzvlüyünə namizədlər irəli sürülüb, təklif səsə qoyularaq qəbul edilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Məclisinə, İcraiyyə Komitəsinə yeni seçilən üzvləri təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, eləcə də şəhər və rayon birləşmiş həmkarlar ittifaqları dövlət qayğısı ilə əhatə olunub, onların fəaliyyəti üçün zəruri iş şəraiti yaradılıb. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində şura əməkdaşlarının əməkhaqqı 2016-cı ildə 10, 2017-ci ildə 15 faiz artırılıb, şura üzvləri fəxri adlarla təltif edilib, şuranın yubileyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, muxtar respublikanın sosial-iqtisadi inkişafı, yeni müəssisələrin yaradılması həmkarlar ittifaqlarının fəaliyyətinə də geniş imkanlar açıb. Ötən illərin təcrübəsi göstərir ki, muxtar respublikanın həmkarlar ittifaqları yaradılan şəraitdən səmərəli istifadə edir, üzvlərin sosial hüquqlarının qorunması, onların sanatoriya-kurortlara göndərilməsi, istirahətlərinin təşkili istiqamətində məqsədyönlü fəaliyyət göstərir. Bununla yanaşı, Həmkarlar İttifaqları Şurasında gənclərin məsul işlərə cəlb olunmasına xüsusi diqqət yetirilir, idarə, müəssisə və təşkilatlarda ilk həmkarlar ittifaqları təşkilatlarının sədri vəzifəsinə irəli çəkilirlər.
Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransa Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov yekun vurub.
Nail ƏSGƏROV