25 Dekabr 2024, Çərşənbə

Təbiətə isti münasibət və ya quru çöllərdən
yaşıl meşələrə aparan yol

Balta yaman moddadır

Builki şaxtalı qışda ən çox işlənən təsərrüfat aləti hansıdır? Əlbəttə, balta. 20-30 illik ağacların ömrünə vurulan balta. İndi kənd yerlərində çox adamların qoltuğunda balta görmək olar. Baxırsan ki, ikibir-üçbir cuqquldaşıb özlərini verirlər meşə zolaqlarına. Balta, mişar səsi, kökündən ayrılan ağacların “ahu-naləsi” qarışır bir-birinə. Qollu-budaqlı ağaclar yerə sərildikcə onlara sığınan körpə tinglər yetim qalmış balalar kimi əsməcə tuturlar. Sanki onlar bu titrəyişləri ilə deyirlər: “Bizi yetim qoyub hara gedirsən, ana?” Vaxtilə əzəmətinə, gözəlliyinə tamaşa etdiyimiz ağaclara indi müştəri gözü ilə baxırıq: bax bu ağac bir həftə bəs edər, o birisi isə 15 gündən də çox görər. Beləcə, ağacların kökünə balta vururuq. Kimisi sevinir, kimisinin də ürəyindən qara qanlar axır. Bəziləri də bu ağacları əkib, onları ərsəyə gətirənlərə rəhmət diləyir. Bəli, ermənilərin törətdiyi müharibənin yurdumuza gətirdiyi bu bəlalı günlərdə yenə ümidimiz ağaclara gəldi. Ağaclar insanlara həyan oldu, həyatlarını onlara qurban verdi. İllərboyu qamətinə, gözəlliyinə heyran olduğumuz meyvə və bəzək ağacları bu gün minlərlə evin istisinə, işığına çevrildi. Bu sətirləri yazarkən camaatı da qınamaq istəmirəm. Nə etmək olar? Kömür yox, neft yox, qaz yox. Zavallı insan soyuqdan donmamaq üçün çarpışır, mübarizə aparır. Baxırsan ki, cavan bir qadın balaca uşağı ilə bərabər iri bir budağı sürüyüb aparır. Ağsaqqal kişi əl arabası ilə çırpı daşıyır. Nə etməli? Lənətə gəlsin bədnam, yüzsifətli qonşuları, bu müharibəni törədənləri. Amma nə qədər ağır olsa da, ağacları qorumalıyıq. Axı ağaclar bizim həyatımız, yaşayışımız, sağlamlığımızdır. Bir ağacı ərsəyə gətirmək üçün azı 15-20 il vaxt lazımdır. Gəlin heç olmasa, o körpə tinglərə qıymayaq. Cah-calalı dağılmış, viran olmuş meşə zolaqlarının içərisindən tək-tük göyə boylanan köməksiz körpə tinglərə. Heç olmasa, kənd yollarındakı, dayanacaqlardakı ağaclara dəyməyək. Yayın qızmar günlərində körpələrimizə həyan olar, onlara sərinlik gətirər.
Çətin günün ömrü az olar. Budur, kiçik çillənin də qurtarmasına bir şey qalmadı. Bir azdan baharın ilıq nəfəsi duyulacaq, yamyaşıl yamaclar, laləli-nərgizli dağ ətəkləri göz oxşayacaq. Lakin bu gözəlliyin içərisində məzar daşları kimi görünən ağac kötüklərinin miskin görkəmi illərboyu qəlbimizi ağrıdacaq.

“Şərq qapısı” qəzeti,
13 fevral 1993-cü il

Dünənlə bu gün arasında salınan yaşıl körpülər

İnsanı təbiət yaratmış və öz sərvətlərini səxavətlə onun istifadəsinə vermişdir. 600 min ildən artıqdır ki, müasir insanla təbiət arasındakı münasibət müəyyən nisbətdə davam edir. Bəşəriyyət öz inkişafının yüksək pillələrinə ayaq qoyduqca, bu nisbət müəyyən mənada insanların xeyrinə dəyişir. Başqa sözlə desək, Yer üzündə əhalinin sayı artdıqca və insan öz əlində daha mükəmməl texniki vasitələr cəmləşdirdikcə təbiətdən çox mənfəət götürür, müqabilində isə ona az şey verir, insan təbiəti dəyişdirir, qırır, tökür, dağıdır, əvəzini qaytarmırsa, demək bu xeyrə dəyişmə əslində onun zərərinədir.

Akademik Həsən Əliyev
(“Həyəcan təbili”, Bakı, 1982-ci il)


Körpülər insanoğlunun ən yaradıcı kəşflərindən biridir. Bu qurğular insanlara gur çayların, hətta boğazların üzərindən keçməklə yeni məkanlar, yeni sivilizasiyaları tanımaq imkanı yaradıb. “Şərq qapısı” qəzetində dərc olunan, 90-cı illərin əvvəllərinin acı mənzərəsini gözlər önündə canlandıran yazını da bir körpüyə bənzətmək olar. Çünki bu körpü vasitəsilə biz keçmişə qayıdaraq Naxçıvan təbiətinin o illərdəki mənzərəsi haqqında ürəkağrıdıcı da olsa, məlumat ala bilirik.

Əslində, bu problemin kökü ötən əsrin 90-cı illərinin əvvəllərinə deyil, daha əvvəllərə gedib çıxır. Çünki sovetlər dönəmində də Azərbaycan, eləcə də Naxçıvan təbiəti bir sıra problemlərlə üz-üzə qalıb. Zaman-zaman təbiətə qarşı edilən bu sui-qəsdlərin qarşısının alınması üçün elm adamları öz haqlı səslərini ucaldaraq, ürək yanğısı ilə təbiətimizin məhvə doğru getdiyini bildiriblər. Təsadüfi deyil ki, akademik Həsən Əliyevin 1982-ci ildə işıq üzü görən “Həyəcan təbili” kitabında “Mineral sular, dadlı meyvələr diyarı” adlı yazıda görkəmli təbiətşünas-alim Naxçıvanın qəlboxşayan, füsunkar təbiətə, mineral sulara, müxtəlif dadlı meyvələrə malik olduğundan yazır, hələ o illərdə burada baş verən mənfi ekoloji dəyişikliklərdən söhbət açırdı. O qeyd edirdi ki, meyvə bağları Naxçıvanda 2500 hektar ərazini əhatə edir. Ancaq bu bağların ərazisini 3-4 dəfə artırmaq olar. Bundan başqa, alim müxtəlif dərman, yem bitkilərindən səmərəli istifadə yolları haqqında da ətraflı məlumat verir, şəhər və qəsəbələrin park və xiyabanlarının müxtəlif bəzək ağacları, eləcə də narbəndlə ­bəzədilməsinin vacibliyinə diqqəti çəkirdi.
Elm və texnikanın sürətlə inkişaf etdiyi, dünyada izaholunmaz təbiət hadisələrinin baş verdiyi, radiasiyanın insan sağlamlığı üçün real təhlükə yaratdığı, qlobal istiləşmənin planetimizin nizamını təhdid etdiyi, meşə yanğınlarının, sel daşqınlarının böyük itkilərə səbəb olduğu bir zamanda təbiətlə insan arasında min illərdir var olan tarazlıq pozulub vəziyyət təhlükəli bir hal alıb. Bu səbəbdən təbiətin amansız şəkildə istismarının qarşısının alınması üçün bir sıra beynəlxalq təşkilatlar ölkələri səfərbər edərək təbii sərvətlərin mühafizəsi, bu sərvətlərdən səmərəli istifadə olunması, xüsusən canlıların qorunması sahəsində təxirəsalınmaz tədbirlər görür, iqtisadi mənafelər baxımından mübahisəli məsələlərdə razılığa gəlirlər. Bu işlər artıq nəhəng bir miqyas alaraq ümumbəşəri hərəkata çevrilib. Azərbaycanın dilbər guşəsi olan Naxçıvan da bu hərəkatdan geridə qalmayıb, əksinə burada bir çox sahələrdə dünyanın əksər bölgələrinə nümunə olacaq tədbirlər həyata keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev təbiətin qorunub saxlanılmasının zəruriliyini qeyd edərək deyib: “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifədir”. 22 il əvvəl Naxçıvan meşələri barədə söhbət düşəndə ilk xatırladığımız meşə talalarında yanıb-­qaralmış ocaq izləri, hara gəldi atılmış məişət tullantıları, qırılıb-çatılmış ağaclar, quru budaqlardan əmələ gəlmiş cəngəlliklər yada düşürdü. İş o yerə gəlib çatmışdı ki, şəhərətrafı ərazilərdəki meşə zolaqlarında yaşlı ağaclardan bircəciyi belə, qalmamışdı.
Müdriklərimiz, – meşə sudur, su məhsuldur, məhsul isə həyatdır, – deyiblər. Elə biz insanları da həyata bağlayan, ciyərlərimizi təmiz havayla yaşadan da yaşıllıqlar, o cümlədən meşələrdir. Meşələr həm də gur bulaqların, çayların mənbəyidir.
Naxçıvanın enerji problemi tədricən həll olunduqdan sonra meşə təsərrüfatının da bərpasına başlanıldı. İlk zamanlarda yaşıl ərazilər Naxçıvanın cəmi 0,6 faizini təşkil edir və bu göstərici qədim diyarımızın “yaşıl ciyərlərinin” nə qədər yaralı, acınacaqlı vəziyyətdə olduğunu gözlər önünə sərirdi. Ulu öndərimiz tərəfindən qısa müddətdə təbiətimizin mübtəla edildiyi bu mərəzin sağaldılması üçün məqsədyönlü tədbirlər həyata keçirildi, bu tədbirlər 1995-ci ildən sonra daha geniş vüsət aldı.
Görkəmli akademik Həsən Əliyev yazırdı: “İnsan ömrünün uzadılması, onun sağlam və gümrah böyüməsinin təmin edilməsi, müxtəlif xəstəliklərin qarşısının alınması üçün, birinci növbədə, Vətənimizin yaşıl örtüyünü genişləndirmək, suyun, havanın təmizliyinin qeydinə qalmaq lazımdır. Çünki təbiətdəki bütün canlıların təmiz su ilə saf havaya əbədi ehtiyacı vardır. Burada hamının qarşısına belə bir sual çıxa bilər: bəs bunları kim etməlidir? Cavab qısadır: hamı! Hər bir insan öz kiçik və ya böyük fəaliyyəti dairəsində təbiətlə qarşılaşır. Bəziləri təbiət deyəndə hardasa üfüqün o tərəfində dağlardan-daşlardan başlanıb gələn çayları, şəhərdən uzaq meşələri və sair nəzərdə tutur. Halbuki, təbiət elə bizim həyətimizdən, yaşadığımız küçədən başlayır. Təbiətə münasibət özünü bu başlanğıcda büruzə verir: həyətində neçə ağac əkmisən, küçənin təmizliyi üçün nə eləmisən? Gözünün qabağında şəhər ətrafına zibil boşaldanların qolundan yapışmısanmı?”
Bəli, 22 il bundan əvvəl Naxçıvan təbiətinin yenidən həyata qaytarılmasına hamı cəlb edildi, iməciliklər vasitəsilə səhralaşmaya üz tutan ərazilər yenidən yaşıl dona büründü. Şəhər və kəndlərdə, park və bağçalarda, meşə zolaqlarında torpaqdan acizliklə baxan kötüklərin yanında balaca fidanlar boy göstərməyə başladı. Bu işlər mərhələ-mərhələ həyata keçirildikcə, təbiətə vurulan yaralar da sarıldı, insanlar onlara nəfəs verən təbiət qarşısında vicdan borclarını iməciliklərdə canla-başla çalışmaqla ödəməyə başladılar. Bəzi insanların “burada ağac bitməz”, – deyib taleyin ümidinə buraxdığı torpaqlarda kiçik meyvə ağacları al-əlvan çiçəklərə bürünəndə bir çoxları anladı ki, yurd sevgisi, el birliyi, söz və əməlin vəhdəti qayalıqlarda belə, çiçək açdıra bilər. Ən diqqətçəkən məqamlardan biri də bu torpaqlarda təkcə təbiətimizə aid olan ağac və gül-çiçək kollarının yox, dünyanın müxtəlif guşələrindən gətirilən bitkilərin yerli təbii şəraitə uyğunlaşdırılması oldu. Bu proses uzunmüddətli zəhmət tələb etsə də, işlərin elmi əsaslarla və planlı şəkildə aparılması öz bəhrəsini verdi. Özünü bu torpaqda “qonaq kimi hiss edən” yüzlərlə bitki çox keçmədən qurumağa yox, məskunlaşmağa üstünlük verdi, bunun da nəticəsində şəhər və kənd­lərimizin bağ-bağçaları, küçə və xiyabanları, yol kənarları bənzərsiz təbiət abidələri ilə bəzədilmiş yaşıl guşələrə çevrildi. İllər öncə akademik Həsən Əliyevin səsləndirdiyi “Həyəcan təbili”nin səsinə bütün Naxçıvan sakinlərinin elliklə diqqətlə yanaşması doğma diyarımızı əsrarəngiz flora və faunaya malik sıx meşələr, güllü-çiçəkli düzənliklər, Tanrının əvəzsiz qida ərməğanı balıqla zəngin olan çaylar və göllər məskəninə çevirdi. 2003-cü ildə Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının həyata vəsiqə alması, Şahbuz Dövlət Təbiət Qoruğunun, “Arazboyu”, “Arpaçay” Dövlət Təbiət yasaqlıqlarının yaradılması təbiətimizə əvəzsiz töhfələr oldu. Ulu öndərimizin ekoloji siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il 25 noyabr tarixli Sərəncamı ilə Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması da təbiətimizin qayğıkeşi olan ­görkəmli elm xadiminin arzularının gerçəkləşdirilməsinə töhfə idi. Bütün bunlarla bərabər torpaqların deqradasiyasının da qarşısı alındı, irimiqyaslı meliorasiya və irriqasiya tədbirləri nəticəsində yeni torpaqlar əkin dövriyyəsinə daxil edildi, sovetlər dövründə torpağa soyuq münasibət nəticəsində gübrə ilə həddən artıq “zəhərlənən” torpaqlara yeni həyat verildi. Suvarma üçün belə, yararsız hala gələn su mənbələrimiz təmizləndi, bu mənbələr regionun ən pak bulaqlarına, çaylarına, göllərinə çevrildi.
Bəli, Naxçıvanın yaşıllaşdırılması onilliklər ərzində davam etdi, meşə­salma və meşəbərpa işləri dünyanın bir çox bölgələrinə nümunə olacaq səviyyədə həyata keçirildi. Dünya təbiətsevərlərini, eləcə də muxtar respublikamıza gələn təbiətşünasları ən çox heyrətləndirən işlərdən biri də təkcə düzənliklərdə deyil, dağ yamaclarında terras üsulu ilə bağların salınması, onların damcı üsulu ilə suvarılması oldu. Yaz aylarında Naxçıvana turist səfərinə gələn qonaqların bu yamyaşıl, gül-çiçəkli terrasları dünyanın yeddi möcüzəsindən biri olan, “Allahın qapısı” adlandırılan Babil şəhərindəki Asma Bağlarına bənzətməsi də bir daha ondan xəbər verirdi ki, rəhbər qətiyyəti və əzmi, yurd-vətən sevgisi, insan əməyi Nuh Peyğəmbərin ayağı dəyən bu torpağı möcüzələr diyarına çevirə bilib. Bu bizim hamımızın nailiyyəti, hamımızın zəfəri, övladlarımızın sağlam gələcəyi üçün saldığımız yaşıl körpülərdir. Artıq Azərbaycan təbiətinin bir parçası olan bu torpaqlarda “Həyəcan təbili” yox, ana təbiətə həyat verən “Zəfər təbili” səslənir. Bu həm də akademik Həsən Əliyevin təbiətimiz üçün arzularının qədim Naxçıvan torpağında reallaşdırılması, torpağımıza, suyumuza, canlılarımıza, ağaclarımıza, ümumilikdə isə sağlam gələcək yaşamaq, var olmaq imkanının yaradılmasıdır.
Yazımızı akademik Həsən Əliyevin bütün dövrlər üçün aktual olan fikirləri ilə başa çatdırmaq istədik: “Bir şeyi yadda saxlamaq lazımdır: Yer üzərindəki bioloji mühit məhv olan deyil. Onun nizamının pozulması yeni bir mühit yaradıb, bu mühiti yaşada bilər. Qeyd edək ki, yerin geoloji tarixində belə hallar olmuşdur. Lakin mühitin dəyişdirilməsi bəşərin varlığını təhlükə qarşısında qoyur. İnsan özü-özünün keşikçisi olmalıdır. Heç bir başqa canlı onun harayına çatmayacaqdır. Ona görə də, bizcə, bu gün heç bir təşvişsiz, haraysız, həyəcan təbili çalmaq yerinə düşərdi. Bu “təbili” heç yerdən asmaq lazım deyil. O, müasir insanın ürəyidir. Bu ürək ətrafına daha həssas baxmalı, təbiətdən nəyi necə götürmək məsələsində həmişə, hər yerdə öz sözünü deməlidir. Bu münasibət üzərində yaşadığımız, havasını udduğumuz Azərbaycan təbiətinə daha çox aiddir. Azərbaycan təbiətinə kor-koranə bəslənilən münasibəti görəndə bu təbil daha böyük həyəcanla döyülməli, bizi ayıq-sayıq salmalıdır. Bəlkə də, toya, yasa və digər mərasimə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə çox yaşamağa yubanmaqdır...”

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR