Şərur rayonu
Bu qədim oğuz-türk yurdu öz inkişaf yoluna ötən əsrin 70-ci illərində – ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə qədəm qoyub. Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda da müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib, ulu öndərimizin bilavasitə rəhbərliyi ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan verib.
Məhz ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində ötən əsrin 70-ci illərindən başlayaraq Şərur rayonunda kənd təsərrüfatında mühüm irəliləyişlər əldə olunub. Həmin dövrdə respublikamızda bərqərar olan sosial-iqtisadi inkişaf rayona da sirayət edib. Geniş aqrar sənaye komplekslərinin yaradıldığı bu bölgə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında həmişə ön sıralarda olub. Buna görə də rayon sakinləri ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilən tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ulu öndər Şərur rayonuna yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Ötən əsrin 90-cı illərində muxtar respublikanın ağır blokada şəraitində yaşaması, hakimiyyətdə olan bəzi qüvvələrin regiona ögey münasibət göstərməsi bütün rayonlar kimi, Şərur bölgəsinə də öz mənfi təsirini göstərib. Uzun illər boyu min bir əziyyətlə yaradılan müəssisələr iflic vəziyyətinə düşərək fəaliyyətini dayandırıb. Kənd təsərrüfatı sahəsində ciddi problemlər özünü göstərib. Lakin görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə, eləcə də xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikanın hər bir rayonu kimi, Şərura da böyük diqqət və qayğı göstərilib. Həmin illərdə respublikamızın bütün bölgələrində olduğu kimi, Şərur rayonunda da genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib, onlarca məktəb, xəstəxana, mədəniyyət müəssisəsi tikilib, yollar, körpülər salınıb, meliorasiya qurğuları istismara verilib. Ümummilli liderin bilavasitə rəhbərliyi ilə rayonda yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan verib.
Muxtar respublikamızda savadlı, bacarıqlı kadrların hazırlanması, mədəniyyətin və incəsənətin inkişafı, milli-mənəvi sərvətlərin, tarixi abidələrin qorunması, muzeylərin təşkili sahəsində ulu öndərin həyata keçirdiyi ardıcıl tədbirlərdən də Şərur rayonuna xeyli pay düşüb. Yeni sənaye müəssisələrinin işə salınması, aqrar sahədə həyata keçirilən islahatlar rayonda iqtisadiyyatın, buna müvafiq olaraq əhalinin maddi rifah halının xeyli yüksəlməsinə imkan yaradıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu siyasətə sadiqliyinin nəticəsidir ki, son illər rayonda 45-dən artıq yaşayış məntəqəsində geniş quruculuq tədbirləri həyata keçirilib. Təkcə bu il Arpaçay, Çəmənli, Qarahəsənli, Ələkli kəndlərində yeni sosial obyektlər istifadəyə verilib, bütün infrastruktur təzələnib, Şərur şəhərində yeni üçmərtəbəli tam orta məktəb binası istifadəyə verilib, bir beşmərtəbəli ictimai yaşayış binası əsaslı şəkildə yenidən qurulub. Şərur sakinləri həyata keçirilən bu tədbirləri ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyin nəticəsi kimi dəyərləndirirlər.
Dövlətimizin diqqət və qayğısı sayəsində regionların inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurla reallaşması nəticəsində Şərur rayonunda bütün sahələr, o cümlədən iqtisadiyyat inkişaf edib, yeni iş yerləri açılıb.
Dekabrın 12-də muxtar respublikamızın hər yerində, eyni zamanda Şərur rayonunda da dahi şəxsiyyətin, əbədiyaşar liderin anım mərasimi keçirilib.
Həmin gün yüzlərlə sakin ulu öndərin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək ümummilli liderin xatirəsini yad edib, ona hörmət və ehtiramlarını bir daha nümayiş etdirib.
Babək rayonu
Muxtar respublikamızın ərazisinə və əhalisinə görə böyük bölgələrindən biri olan Babək rayonunun yaranması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Azərbaycana rəhbərliyinin birinci dövründə respublikanın ucqar rayonlarının iqtisadiyyatını möhkəmləndirmək siyasətinin nəticəsi kimi 1978-ci il oktyabrın 23-də təşkil olunmuş bu rayona mərkəzi hakimiyyətin iradəsinin əksi olaraq Babək adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim Azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi.
Bu gün rayon mərkəzi Babək qəsəbəsi və kənd yaşayış məntəqələri sürətli inkişaf yolundadır. Nehrəmdə, Qahabda, Kərimbəylidə, Şıxmahmudda, Göynükdə, Nəhəcirdə, Naxışnərgizdə, Yuxarı Buzqovda, Gərməçataqda və digər kəndlərdə müasir infrastruktur yaradılıb.
Ulu öndər Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi sayəsində rayonda ötən illər ərzində sənaye məhsulunun həcmində bir neçə dəfə artım olub. Şübhəsiz, Babək rayonunun təbii sərvətləri, burada sahibkarlığın və kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı daha çox sayda istehsal sahəsinin yaradılmasına imkan verir. Rayon ərazisində iri daş məhsulları, kərpic, beton məmulatları və mineral su istehsalı müəssisələri ilə yanaşı, kiçik sahibkarlıq obyektləri də vardır. Nehrəmdə və Şıxmahmudda gəc istehsalı sahələrini, Cəhri, Sirab və Hacıvardakı un dəyirmanlarını və digər kəndlərdəki istehsal sahələrini də nəzərə alsaq, burada onlarla insanın işlə təmin olunduğunu görmək mümkündür.
2017-ci il də Babək rayonu üçün əlamətdar olub. Bəhs olunan dövrdə rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı şəkildə yenidən qurulub, Nehrəmdə Heydər Parkı və yeni üzümçülük təsərrüfatının açılışı olub. Şıxmahmud və Xəlilli kəndlərini Naxçıvan şəhərinə birləşdirən yol, sentyabr ayında isə rayonun ucqar dağ kəndlərindən olan Payızda 4 sosial obyekt və kənd yolu sakinlərin ixtiyarına verilib. Bu ay isə rayonun ucqar dağ və sərhəd kəndi Gərməçataq adını müasirləşən kəndlər sırasına yazdırıb.
Rayonda tarixi-mədəni irsin qorunmasına həssas münasibət göstərilib və keçmişimizi özündə yaşadan Nehrəm kəndindəki “İmamzadə” türbəsində təmir-bərpa işləri aparılıb. Babək qəsəbəsində isə yeni yaşayış binasının inşasına başlanılıb.
Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bu rayonda da böyük izdihamla anılıb. Həmin gün rayon mərkəzinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi minlərlə insanın ziyarətgahına çevrilib. Rayon sakinləri müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad ediblər.
Ordubad rayonu
Xalqımızın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunda dahi rəhbərin qurub-yaratdıqlarını sadalamaqla bitməz. Rayonun hərtərəfli inkişaf etdirilməsi ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılıb.
Qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonlarında bu yurd yerimizin də insanları böyük çətinliklərlə üzləşmişdilər. Ancaq dahi rəhbərin muxtar respublikaya gəlişindən sonra digər bölgələrimiz kimi, Ordubad da sürətli inkişaf yoluna qədəm qoydu, bölgədə həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində ictimai-siyasi sabitlik, əmin-amanlıq bərpa edildi. Rayonda müxtəlif sahələrin inkişafına əhalinin bütün təbəqələri cəlb edildi, məşğulluq probleminin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirildi, azad sahibkarlıq üçün geniş imkanlar yaradıldı, dağıdılmış aqrar sahə bərpa edildi.
Son illərdə Ordubad rayonunda əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, ulu öndərimizin Naxçıvanın inkişafı naminə başladığı işlər bu gün də uğurla davam etdirilir. Elə buna görə də həyata keçirilən tədbirlərin parlaq nəticələrini rayonun hər bir yaşayış məntəqəsində görmək olar. Muxtar respublikanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər bütün bölgələr kimi, Ordubad rayonuna da öz töhfələrini verib, əhalinin həyat səviyyəsi xeyli yüksəlib. Bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb.
Cari ildə də Ordubad rayonunda tikinti-quruculuq işləri davam etdirilib, yeni bağlar, yaşıllıq sahələri salınaraq bölgənin abadlığına, gözəlliyinə xidmət göstərilib. Belə ki, rayonun ucqar yaşayış məntəqələrindən biri olan Üstüpü kəndində kompleks quruculuq tədbirləri həyata keçirilib. Hazırda rayon mərkəzində yeni rabitə evi tikilir, 24 mənzilli ictimai yaşayış binası təmir olunur, Ordubad dəmiryol vağzalı yenidən qurulur. Görülən işlərin nəticəsidir ki, bu gün Ordubad tarixiliyini saxlamaqla ən abad və müasir bir rayona çevrilib. Bütün bunlar Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmizin gələcəyi üçün gördüyü işlərə, insanların rifahı naminə misilsiz xidmətlərinə, bugünkü əmin-amanlığa, firavanlığa görə xalqımızın böyük oğlu rayon sakinləri tərəfindən həmişə minnətdarlıqla xatırlanır.
Dahi rəhbərin xatirəsinə sonsuz ehtiram dünən bir daha ifadə olunub. Ulu öndərin anım günündə rayon sakinləri görkəmli dövlət xadimi Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gələrək ona sevgi və ehtiramlarını bildirib, ən böyük azərbaycanlının əziz xatirəsini bir daha yad ediblər.
Culfa rayonu
Muxtar respublikamızın bütün bölgələri kimi, Culfa rayonunun sakinləri də ümummilli liderin anım günündə Onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Culfa rayonu istər tarixi-mədəni, istərsə də strateji baxımdan regionun mühüm əhəmiyyət kəsb edən ərazilərindən biridir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə digər rayonlar kimi, Culfa rayonunun da sosial, iqtisadi, mədəni yüksəlişinə daim qayğı ilə yanaşıb. Rayonun hansı səmtinə üz tutsan, orada dahi rəhbərin ideyalarının bu gün də uğurla həyata keçirildiyini görmək mümkündür.
Bu ilin ötən dövrü Culfa üçün əlamətdar olub. Belə ki, yanvarın 11-də Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı, kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev mərasimdə iştirak edib.
“Culfa rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Əlincəçay yatağında kaptaj və onu sel sularından qorumaq üçün selyönəldici bənd tikilib. Sutəmizləyici qurğu 2045-ci ilə qədər əhalini və sənaye sahəsini gün ərzində ekoloji cəhətdən təmiz su ilə təchiz edəcək. Su anbarlarından təmizlənmiş su öz axını ilə Culfa şəhərinin və Gülüstan kəndinin əhalisinə fasiləsiz olaraq verilir. Bununla da, Culfa şəhəri və Gülüstan kəndində yaşayan əhali təmiz, dayanıqlı, ekoloji cəhətdən tam yararlı və Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq təmin edilib.
Tikinti-quruculuq tədbirləri hazırda rayonun Dizə kəndində davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Culfa Rayon İdarəsinin inşaatçıları tərəfindən Dizə kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri üçün yeni binalar inşa olunur.
Əhalisinin 70 faizdən çoxu kəndlərdə yaşayan muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Culfa rayonunda da aqrar bölmənin inkişafı mühüm əhəmiyyətli sahə kimi diqqət mərkəzində saxlanılıb, daxili bazarın keyfiyyətli yerli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına əlverişli şərait yaradılıb. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər öz bəhrəsini verib, əhalinin məşğulluğu təmin olunub, maddi rifah halı daha da yaxşılaşıb.
Təbii ki, görülən işlər Culfa rayonunun sakinləri tərəfindən ümummilli liderin quruculuq siyasətinin davamı kimi minnətdarlıqla qarşılanır, xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilir. Böyük liderə olan ehtiramın ifadəsidir ki, rayon sakinləri ulu öndərin anım günündə bir daha dahi rəhbərin əziz xatirəsini dərin hörmətlə anıb, Onun Culfa Rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış büstünü ziyarət ediblər.
Kəngərli rayonu
Kəngərli rayonunun yaradılması və bugünkü inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurlu ifadəsidir. Bu rayonun yaradılması, yeni idarə, müəssisə və təşkilatların fəaliyyətə başlaması yeni iş yerlərinin açılmasına, bölgə iqtisadiyyatının güclənməsinə, insanların məskunlaşmasına şərait yaradıb.
Muxtar respublikamızda dahi şəxsiyyətin yolunun sədaqətlə davam etdirilməsi nəticəsində bütün bölgələrimiz kimi, Kəngərli rayonu da abadlığa qovuşub, burada geniş tikinti-quruculuq işləri həyata keçirilib. İnsana qayğını özündə təcəssüm etdirən bu inkişaf rayonun bütün kəndlərini əhatə edib, müasir məktəb binaları, səhiyyə və mədəniyyət ocaqları tikilib istifadəyə verilib, yollar yenidən qurulub, sənaye müəssisələri yaradılıb. Əsaslı və kompleks şəkildə aparılan tikinti-quruculuq tədbirlərinin nəticəsidir ki, rayon mərkəzi Qıvraq qəsəbəsi tamamilə öz simasını dəyişib. İndi burada ümummilli lider Heydər Əliyevin abidəsi, bir-birindən gözəl inzibati binalar, mədəniyyət və istirahət parkı, gözəl memarlıq quruluşuna malik mədəniyyət evi və digər quruculuq ünvanları rayon mərkəzinin simasına əsl gözəllik qatır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ötən dövr ərzində Kəngərli rayonunda görülmüş işləri yüksək qiymətləndirib, rayona səfərləri çərçivəsində bir sıra ünvanların açılışında iştirak edib. Ötən dövrdə rayonun bütün yaşayış məntəqələri abadlaşdırılaraq kompleks quruculuq işləri aparılıb, rayon mərkəzi və kəndləri birləşdirən yollar yenidən qurulub. Cari ildə də rayonda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir.
2017-ci ildə Qıvraq qəsəbəsində 224 yerlik yeni uşaq bağçası istifadəyə verilib, Şahtaxtı kəndində isə Şahtaxtinskilərin ev-muzeyi əsaslı təmir olunub. Muxtar respublikamızda tarixi abidələrə göstərilən qayğının ifadəsidir ki, bu gün rayonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” Sərəncamına əsasən həmin tarixi abidənin bərpası işləri və rayon mərkəzində inşa olunan 48 mənzilli yaşayış binasının tikintisi davam etdirilir.
Fəxrlə demək olar ki, Kəngərli bu gün muxtar respublikanın inkişaf etmiş rayonları sırasındadır. Rayonda inkişaf və yüksəliş davamlı xarakter alıb və sakinlərin rifah halı yaradılan bu şərait hesabına daha da yüksəlib. Kəngərli rayonunun sakinləri də bütün bunlara görə ulu öndərimizə minnətdar olduqlarını dərindən dərk edirlər.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi dekabrın 12-də Kəngərli rayonunda da böyük hörmət və ehtiramla anılıb. Dahi şəxsiyyətin anım günü ilə əlaqədar olaraq rayon sakinləri görkəmli dövlət xadiminin əziz xatirəsini yad etməklə Azərbaycanın xilaskarına və Onun nurlu yoluna olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Həmin gün yüzlərlə rayon sakini xalqımızın böyük oğlunun rayon mərkəzində əzəmətlə ucalan abidəsini ziyarət edib.
Şahbuz rayonu
Hər il dekabrın 12-si xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşduğu gün kimi bütün azərbaycanlılar tərəfindən ehtiramla anılır. Dahi şəxsiyyətin xalqımız qarşısındakı misilsiz xidmətləri sayəsində bu gün regionun lider dövlətinə çevrilmiş müstəqil Azərbaycan Respublikası bütün sahələrdə uğurlar qazanmaqla öz yoluna inamla davam edir. Həmişə ümumxalq sevgisi ilə xatırlanan ulu öndərin yorulmaz dövlətçilik fəaliyyəti sayəsində ölkəmizin hər bir guşəsində olduğu kimi, Şahbuz rayonunda da hərtərəfli inkişafa nail olunub. Bu dağ rayonunun əhalisinin firavan həyatı, yaxşı yaşayışı və torpağa bağlılığı ulu öndərin xalqımız qarşısındakı xidmətləri ilə bütünləşdikcə insanların qəlbində Heydər Əliyev ideyalarına sədaqət duyğuları daha da artır. Bu gün rayonda hamı başa düşür ki, Azərbaycanın güclü bir dövlət kimi yaşaması məhz ümummilli liderin yaradıcısı olduğu dövlətçilik yolunun təntənəsidir. Elə bu hisslərlə də anım günündə rayon ictimaiyyəti görkəmli dövlət xadimi Heydər Əliyevin Şahbuz Rayon İcra Hakimiyyəti önündə ucaldılmış büstünü ziyarət edib, al qərənfillər düzüb, dahi şəxsiyyətin əziz xatirəsini yad edib.
Şahbuzda ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi siyasətinin bəhrələrini aydın şəkildə görmək olar. Ötən dövrdə burada iqtisadiyyat inkişaf etdirilib, əhalinin yaşayış səviyyəsi yüksəldilib. Artıq Şahbuz şəhəri və rayonun bütün yaşayış məntəqələri müasirlik görkəminə bürünüb, rahat yol, nəqliyyat infrastrukturu, içməli su təminatı, etibarlı enerji və rabitə şəbəkəsi yaradılıb. Ötən illərdə rayonda aparılmış çoxsaylı quruculuq işlərinə bu il yeniləri də əlavə olunub, rayon mərkəzi və ətraf kəndlərə içməli su xətti çəkilib. Şahbuz Rayon Elektrik Şəbəkəsinin inzibati binası, “Şahbuz” yarımstansiyası istifadəyə verilib. Haliyədə rayon mədəniyyət evinin yeni binasının və Badamlı qəsəbəsində mineral su doldurulması üçün istehsal müəssisəsinin yaradılması işləri davam etdirilir.
Ulu öndərin əbədiyyətə qovuşmasından 14 il ötsə də, ölkəmizin artan gücündən bəhrələnib öz firavan həyatını qurmuş şahbuzlular dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərini, ölkəmizin, eləcə də muxtar respublikamızın çətin dövrlərindəki xilaskarlıq missiyasını həmişə minnətdarlıqla xatırlayacaqlar.
Sədərək rayonu
Sədərək sakinləri ulu öndərin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla anırlar.
Dekabrın 12-də ulu öndərimizin əziz xatirəsini yad edən rayon ictimaiyyəti ümummilli liderimiz Heydər Əliyevin Heydərabad qəsəbəsindəki büstünü ziyarət edib, önünə al gül dəstələri düzüblər.
Rayon sakinlərinin dahi rəhbərimizə sonsuz məhəbbətinin səbəbi ulu öndərimizin bu bölgənin gələcəyi üçün gördüyü misilsiz tarixi işlərdir. Çünki sərhəd bölgəsi olan Sədərək rayonunun yaradılması, inkişafı və tərəqqisi ümummilli liderimizin adı ilə bağlıdır. Ötən əsrin 90-cı illərində Sədərək mənfur ermənilər tərəfindən mütəmadi olaraq hücumlara məruz qalıb. Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər olub. Həmin illərdə buradakı vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu hücumların qarşısının alınması üçün böyük xidmətlər göstərib, dünya ölkələrinin diqqətini burada baş verən hadisələrə yönəldib. Dahi şəxsiyyətin böyük nüfuzu, uzaqgörən siyasəti nəticəsində düşmən hücumlarının qarşısı qətiyyətlə alınıb, rayonun müdafiəsi üçün mühüm addımlar atılıb.
Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olduğu dövrdə rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Bu gün bir qəsəbə və iki kənd yaşayış məntəqəsindən ibarət olan Sədərək rayonu ulu öndərimizin quruculuq və inkişaf xəttinin uğurla davam etdirilməsi sayəsində hərtərəfli tərəqqiyə qovuşub. Ötən illər ərzində rayon ərazisində inzibati qurumlar üçün yeni binalar, təhsil, səhiyyə, mədəniyyət obyektləri istifadəyə verilib, əhalinin məşğulluğu, məskunlaşması istiqamətində bir sıra işlər görülüb, qanlı-qadalı illərdə əkinsiz-biçinsiz qalan çöllərə məqsədyönlü tədbirlər hesabına yeni həyat verilib, bağ-bağçalar salınıb. Bu il də Sədərək rayonu quruculuq tədbirlərindən xeyli bəhrələnib. Belə ki, ötən ay Sədərək Rayon Mədəniyyət Evinin yeni binası istifadəyə verilib, bununla da, rayonun mədəni həyatı daha da canlanıb. Rayon mərkəzi Heydərabad qəsəbəsinin siması büsbütün dəyişib, yeni park və küçələr salınıb, yaşıllıqlar yaradılıb, rayonun bütün daxili yolları abadlaşdırılıb.
Qəsəbədə hər il quruculuq tədbirləri həyata keçirilir, bu tədbirlər yaşayış məntəqəsinin simasına yeni çalarlar qatır. Burada yaşayış binalarının da sayı ilbəil artmaqdadır. Bu tədbirlərin davamı olaraq Heydərabad qəsəbəsində yeni çoxmərtəbəli yaşayış binasının tikintisi aparılır. Düşmənlə sərhəddə həyata keçirilən bütün bu möhtəşəm işlər dahi rəhbərin siyasi xəttinin uğurla davam etdirilməsi, onun başlatdığı ordu quruculuğu prosesinin nəticəsində mümkün olub.
Xəbərlər şöbəsi