25 Dekabr 2024, Çərşənbə

Dövrümüzün ictimai-siyasi reallıqları, geopolitik məkanda baş verən dəyişikliklər və bütün bu təlatümlərin fövqündə dayanan müasir milli dövlətçiliyimizin gündən-günə möhkəmlənməsi, güclənməsi, ölkəmizin, o cümlədən muxtar respublikamızın sosial-iqtisadi baxımdan sürətlə inkişaf etməsi dahi şəxsiyyət Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi kursun uğurla davam etdirilməsinin nəticəsidir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın tarixi dövlətçilik ənənələrinin qorunduğu, yaşadıldığı Naxçıvanda müstəqil respublikamızın memarı və qurucusu olan ulu öndərimizin siyasi irsinin öyrənilməsinə, təbliğinə, gənc nəslə aşılanmasına xüsusi əhəmiyyət verilir, görkəmli dövlət xadimi ilə bağlı tarixi günlər yüksək səviyyədə qeyd edilir. Ötən ayın ən əhəmiyyətli hadisələrindən biri kimi, noyabrın 21-də Naxçıvanda qurucusu görkəmli dövlət xadimi Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə keçirilən tədbir də muxtar respublikada ulu öndərin yoluna, onun ideallarına sədaqətin növbəti təzahürü idi.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının üzvləri ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş ­meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

“Araz” Dövlət Qəbul Evində davam etdirilən tədbirdəki çıxışında Ali Məclisin Sədri partiyanın ölkəmizin siyasi tarixində oynadığı mühüm rolu barədə deyib: “Yeni Azərbaycan Partiyasının inkişafında müstəqil və qüdrətli Azərbaycanın inkişafı aydın görünür. Yaradıcısı ümummilli lider, özü isə ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası daim Azərbaycançılıq uğrunda mübarizənin önündə dayanmışdır. Bu gün əminliklə deyirik ki, ötən 25 ildə Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi nailiyyətlər böyük quruculuq salnaməsidir. Azərbaycanın davamlı inkişafı, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, güclü orduya malik olmağımız, dünyanın inkişaf edən ölkələri sırasında layiqli yer tutmağımız Yeni Azərbaycan Partiyasının təməlində duran prinsiplərin əməli surətdə həyata keçirilməsinin nəticəsidir”.
Ötən illər ərzində muxtar respublikamızın sosial-iqtisadi həyatında əldə olunan nailiyyətlər bir daha Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan, dahi şəxsiyyətin yoluna sarsılmaz sədaqətdən xəbər verir. Bu gün Naxçıvanda enerji və ərzaq təhlükəsizliyi təmin olunub, muxtar respublikanın etibarlı müdafiə sistemi yaradılıb. Sosial-iqtisadi inkişaf sürətləndirilib. Həyata keçirilən islahatların əhatə dairəsi genişləndirilib. Yeni iş yerləri açılıb, əhalinin yaşayışı yaxşılaşdırılıb. Əsası da odur ki, inkişaf davamlı xarakter daşıyır.
Ekoloji problemlər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə ümummilli liderimiz Heydər Əliyevin daim diqqət mərkəzində olub. Həmin problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi bu gün muxtar respublikamızda da diqqət mərkəzində saxlanılır. Ən mühüm ekoloji tədbir kimi yaşıl­laşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir.
Noyabrın 4-də muxtar respublikada növbəti iməcilik keçirilib, Naxçıvan-Sədərək avtomobil yolunun kənarında yeni badam bağı salınıb. Noyabrın 25-də isə həmin istiqamətdə yerli meyvə sortlarından ibarət meyvə tingləri əkilib.
Ali Məclisin Sədri iməciliklərdə iştirak edib, payız iməcilikləri dövründə yeni meyvə bağlarının salınması barədə tapşırıqlar verib.
Muxtar respublikanın bütün yaşayış məntəqələrində müşahidə olunan inkişaf tempi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Güclü dövlət, yüksək rifah” strategiyasının bəhrəsidir. Bu inkişafdan və tərəqqidən Şərur rayonuna da pay düşüb.
Görülən işlərin davamı olaraq noyabrın 6-da Şərur rayonunun Ələkli kəndində yeni sosial obyektlərin açılışı olub. Ali Məclisin Sədri həmin tədbirlərdə iştirak edib.
Kənddə müasirtipli məktəb binasının istifadəyə verilməsi təhsilin inkişafına göstərilən qayğının davamıdır. Dövlət qurumlarının yeni kənd mərkəzində fəaliyyətə başlaması sakinlərin rahatlığının təmin olunması ilə bərabər idarəçiliyin mərkəzləşdirilməsində də rol oynayır. Əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Ələkli kəndindəki avtomobil yolunun, eləcə də yeni xidmət mərkəzinin və mərasim evinin də açılışı olub. Yeni mərasim evinin tikilməsi sakinlərin rahatlığını təmin etməklə yanaşı, həm də milli və mənəvi dəyərlərimizə hörmətin bariz nümunəsidir.
Həmin gün Ələkli Kənd Uşaq Musiqi Məktəbinin yeni binası da istifadəyə verilib. Bu, muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılmasına, eləcə də asudə vaxtlarının səmərəli təşkilinə xüsusi diqqət yetirildiyini bir daha göstərir.
Muxtar respublikada dövlətçiliyimizin güclənməsində xidmətləri olanların, inkişafa töhfə verənlərin əməyi yüksək qiymətləndirilir. Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Ali Məclisin Sədri təltif olunanları ölkəmizin yüksək fəxri adlarına layiq görülmələri münasibətilə təbrik edib. Hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunduğunu diqqətə çatdıran Ali Məclisin Sədri dövlət bayrağımızın ucaldılmasının təşəbbüskarlarına ehtiramını bildirib, müstəqilliyimizin möhkəmlənməsində əməyi olanlara təşəkkür edib, təltif olunanları və onların timsalında bütün muxtar respublika əhalisini Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Zəngin və şərəfli inkişaf yolu keçən Naxçıvan Dövlət Universiteti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına köklənmiş dövlətçilik universitetidir. Şəhərsalma mədəniyyətinin tarixi 5 min il olan Naxçıvanda elmin və təhsilin inkişafı sahəsində görülən işlər bu ali təhsil ocağının timsalında daha aydın görünür. Bu gün burada geniş quruculuq tədbirləri aparılıb. Həyata keçirilən tədbirlərin bariz nümunəsidir ki, noyabrın 10-da – universitetin 50 illik yubileyində Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsi üçün müasir tələblərə uyğun yeni tədris korpusu istifadəyə verilib. Həmin gün Naxçıvan Dövlət Musiqili Dram Teatrında universitetin 50 illiyi ilə əlaqədar tədbir ­keçirilib.
Ali Məclisin Sədri yubiley tədbirindəki çıxışında deyib: “Bu gün qətiyyətlə demək olar ki, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol zəngin maarifçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikasında təhsilin yeni inkişaf tarixidir. Universitet muxtar respublikada ali təhsil sisteminin inkişafı ilə yanaşı, milli şüurun formalaşmasında, gənclərin vətənpərvərlik tərbiyəsində də mühüm xidmətlər göstərmiş, burada peşəkar milli kadrlar hazırlanmışdır. Artıq Naxçıvan Dövlət Universitetinin məzunları Azərbaycanda milli dövlət quruculuğunun müxtəlif sahələrində çalışır, sosial-iqtisadi inkişafa öz töhfələrini verirlər”.
Tədbirdə Azərbaycan Respublikasının medal və fəxri adlarına, Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülənlərə müvafiq təltif və mükafatların təqdimatı olub.
Ali Məclisin Sədri təltif olunanlara medal və fəxri adların döş nişanını və vəsiqələrini, eləcə də tədrisdə və təhsildə fərqlənən 10 müəllim və 8 tələbəyə noutbuk, 24 tələbəyə isə planşet təqdim edib.
Doğma diyarımızda təsərrüfatın çox mühüm və gəlirli sahəsi olan arıçılığın inkişafına böyük diqqət göstərilir. Bu sahənin inkişafı ilə əlaqədar dövlət maliyyə dəstəyinin həcmi xeyli artırılıb, balın emalı və qablaşdırılması ilə məşğul olan yeni istehsal sahələri istifadəyə verilib. Arıçılığın inkişafı sahəsində həyata keçirilən tədbirlər, balın satışı üçün yaradılan şərait keyfiyyətli məhsul istehsalına və arı ailələrinin sayının artmasına səbəb olub. Əgər muxtar respublikada 2000-ci ildə 12 min 620 arı ailəsi var idisə, hazırda arı ailələrinin sayı 70 mindən çoxdur. Son illər arıçılar balla yanaşı, qiymətli arı məhsulları olan vərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arıçılıq məhsulları da istehsal edirlər. Xüsusi tibbi əhəmiyyətə malik olan bu cür qiymətli arı məhsullarına tələbat ilbəil artır.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il noyabrın 18-də “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ­Sərəncam imzalayıb. Dövlət Proqramına uyğun olaraq noyabrın 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Arıçılıq məhsulları-bal festivalı” keçirilib.
Ali Məclisin Sədri festivalda iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub, bal və digər arıçılıq məhsulları alıb, arıçılarla söhbət edib, onların qayğıları ilə maraqlanıb.
Naxçıvan Muxtar Respublikasında bütün sahələrin inkişaf etdirilməsi, güclü infra­strukturun qurulması, yurdumuzun turizm potensialı bura səfər edən xarici ölkələrin diplomatik korpuslarının səlahiyyətli nümayəndələrinin də diqqətini cəlb edir. Noyabrın ­ 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku, noyabrın 16-da Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, həmin gün Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Fidel Nieves Portuondo ilə görüşündə də bu məsələlər diqqət mərkəzində olub.
Muxtar respublikanın kəndlərində yaradılan müasir infrastruktur, istehsal olunan məhsulların sərbəst bazara çıxarılması imkanlarının yaradılması, təsərrüfat sahiblərinə göstərilən maliyyə dəstəyi ailə təsərrüfatlarının inkişafına şərait yaradıb. Hazırda muxtar respublikanın 87 kəndində böyük ailə təsərrüfatları vardır. Noyabrın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalı həmin sahənin inkişaf etdirilməsinə verilən əhəmiyyətin növbəti nümunəsi, bu sahəyə dövlət qayğısının əyani ifadəsi kimi diqqəti cəlb edir.
Ali Məclisin Sədri festivalda iştirak edib, ailə təsərrüfatlarının fəaliyyəti ilə maraqlanıb, təsərrüfat sahibləri ilə söhbət edib, onların istehsal etdikləri məhsullardan alıb.
Muxtar respublikanın dağ kəndlərində müasir infrastrukturun yaradılması yaşayış məntəqələrinin inkişafına mühüm töhfədir. Noyabrın 21-də – Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümündə Ordubad rayonunun Üstüpü kəndi də abad kəndlərin sırasına qoşulub. Həmin gün kənddə tam orta məktəbin yeni binası, həkim ambulatoriyası, kənd mərkəzi, həmçinin Üstüpü və Düylün kəndlərində yeni xidmət obyektləri, Düylün-Çənnəb-Üstüpü-Məzrə kənd avtomobil yolu sakinlərin istifadəsinə verilib.
Ali Məclisin Sədri kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi və bu yaşayış məntəqəsinin abad kəndlərin sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: “Bu gün ölkəmizdə həyata keçirilən tədbirlər bütün yaşayış məntəqələrinin, eləcə də kənd­lərin simasını dəyişir, insanların yaşayış səviyyəsini yaxşılaşdırır. Hər bir yaşayış məntəqəsinin abadlaşması ümumilikdə ölkəmizin inkişafı deməkdir. Bütün bu tədbirlər ölkəmizdə uğurla həyata keçirilən Heydər Əliyev siyasi xəttinin bəhrələridir”.
Üstüpü kəndində bu gün yaradılan şərait sakinlərin rahat yaşayışını təmin edir. Vaxtilə kəndin yol problemləri vardı. İnsanlar mərkəzlə əlaqə saxlamaqda çətinliklər çəkirdi. Uşaqlar lazımi şəraiti olmayan məktəbdə təhsil alırdı. Xidmət sahələri səmərəli fəaliyyət göstərmirdi. Lakin bu gün qeyd olunan problemlərin hər biri həll olunub, kənddə yeni xidmət sahələri yaradılıb, iş yerləri açılıb. Sakinlər də yaradılan bu şəraitdən səmərəli istifadə edərək ölkəmizin inkişafına töhfə verəcək, əkin sahələrini genişləndirəcəklər. Təbii ki, bütün bunlar əhalinin məskunlaşmasına və məşğulluğuna da öz müsbət təsirini göstərəcəkdir.
Qədim mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanın ərazisi min illərin tarixini özündə saxlayan yaşayış məskənləri, tarixi abidələrlə zəngindir. Buradakı mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr tarixin dərin qatlarından xəbər verir. Muxtar respublika ərazisində yerləşən tarix və mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi qorunur, onların bərpası diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamı, bununla bağlı tədqiqat qrupunun yaradılması da görülən işlərin davamıdır. Sərəncama uyğun olaraq ötən ildən etibarən Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin görkəmli nümunələrindən olan Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanıb.
Noyabrın 25-də Ali Məclisin Sədri Qarabağlar Türbə Kompleksində olub, bərpa işlərinin gedişi və bundan əvvəl verdiyi tapşırıqların icrası ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
Naxçıvan görkəmli tarixi şəxsiyyətlərin Vətəni kimi şöhrət qazanıb. Bu gün həmin şəxsiyyətlərin irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi tarixi keçmişimizə dərin hörmət və ehtiramın təzahürüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamı ilə Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılan Şahtaxtinskilər Muzeyi də Azərbaycanda elmin, mədəniyyətin, təhsilin, səhiyyənin, dövlət quruculuğunun və hərb sənətinin inkişafında mühüm xidmətləri olan Şahtaxtinskilər nəslinin görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Noyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şahtaxtinskilər Muzeyində olub, aparılan ­yenidənqurma işləri ilə maraqlanıb.
Muxtar respublikanın kompleks inkişafı sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunu da əhatə edib. Rayonda geniş quruculuq işləri aparılıb, müasir infrastruktur yaradılıb, sakinlərin rahat yaşayışı təmin edilib. Həyata keçirilən tədbirlər Sədərək rayonunda bütün sahələrin inkişafı üçün geniş imkanlar açır.
Noyabrın 28-də Sədərək Rayon Mədəniyyət Evinin yeni binası və “Sədərək” Taxıl Məhsulları Emalı Müəssisəsi əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Bu gün Naxçıvan Muxtar Respublikasında əldə olunan nailiyyətlər, tətbiq edilən yeniliklər, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, tarixi keçmişimizə, böyük gələcəyimizə göstərilən diqqət və qayğı, müasir dövrün tələblərinə həmahəng olan məqsədyönlü işlər uğurların zəmanətinə çevrilib. Ötən ayın nəticələrinə diqqət yetirdikdə bir daha əminlik yaranır ki, muxtar respublikamızda əldə olunmuş inkişaf göstəriciləri bundan sonrakı dövrdə də növbəti nailiyyətlər üçün əsaslar yaradır. Bütün bunların təməlində isə ulu öndər Heydər Əliyev siyasi kursuna sarsılmaz sədaqət, əqidə bütövlüyü, milli dövlətçiliyə sıx bağlılıq, yüksək nizam-intizam, yorulmaz fəaliyyət və vətənpərvərlik dayanır.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR