25 Dekabr 2024, Çərşənbə

AMEA Naxçıvan Bölməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən, dövlətçiliyimizin qorunması naminə həyata keçirdiyi daxili və xarici siyasətdən danışıb. Bildirib ki, görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi bütün illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə xüsusi diqqət və qayğı göstərib. O, hər zaman dəyərli fikir və tövsiyələr irəli sürüb, böyük əməli işlər görüb. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada ulu öndərin izi olmasın.
“Ümummilli lider Heydər Əliyev ideyası Azərbaycanın uğurlu gələcəyidir”, – deyən akademik İsmayıl ­Hacıyev dahi öndərin siyasətinin, əbədiyaşar ideyalarının bu gün ölkə başçısı cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Heydər Əliyev irsi – əbədiyaşar təlim”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev ideyaları yaşayır və qalib gəlir” mövzularında məruzələr ediblər.

Məruzəçilər qeyd ediblər ki, dahi lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətini qurması, inkişaf etmiş bir dövlətə çevirərək xalqımıza miras qoyması onun Azərbaycan xalqı qarşısında ən böyük xidmətidir. Ulu öndərin parlaq ideyalarının gerçəkləşdirilməsi nəticəsində bu gün ölkəmizin hərtərəfli və sürətli inkişaf etməsi, baş verən əsaslı dəyişikliklər, xarici siyasətdəki uğurlar, həyata keçirilən qlobal layihələr Azərbaycanın qüdrətli dövlət olduğunu təsdiq edir.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

*  *  *

Heydər Əliyev Muzeyində “Əbədiyaşar lider” mövzusunda keçilən açıq dərsdə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Muzeyin direktoru Ramil Oruc­əliyev bildirib ki, Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin ağır, çətin dövründə – 1990-cı il iyul ayının 20-də Moskvadan Bakıya, iki gün sonra isə doğma Naxçıvana qayıdan ulu öndərimiz buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik edib. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında dahi şəxsiyyətin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilib, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülüb. Üçrəngli bayrağımızın ilk dəfə 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, burada aqrar islahatların keçirilməsi, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan ilk addımlar idi. Məhz həmin sessiyada Naxçıvan Muxtar Respublikası Ali dövlət hakimiyyəti orqanı Ali Məclis adlandırılıb, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərar qəbul edilib. Həmin qərarlar, sessiyaya gətirilən üçrəngli bayraq, 3 sentyabr 1991-ci ildə ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi haqqında qərar bu gün muzeydə nümayiş etdirilir.
Ramil Orucəliyev qeyd edib ki, ölkə­mizin 40 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər ­görmüş Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti olan ulu öndər xalqımızı can atdığı müstəqillik idealına qovuşdurub, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürüb. Buna görə də O, Azərbaycan xalqının və dövlətinin milli mənafeyini hər şeydən uca tutan, onu ümumi məqsədlər naminə səfərbər etməyi bacaran bir rəhbər kimi xalqımızın qəlbində əbədi yaşamaq hüququ qazanıb.

 Səbuhi HÜSEYNOV

*  *   *

Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə ümummilli liderimizin anım gününə həsr edilmiş tədbir keçirilib. Tədbir başlanmazdan əvvəl müəllim və şagirdlər dahi rəhbərin məktəbin həyətində ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.

Tədbiri məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Namiq Məmmədov açaraq bildirib ki, böyük şəxsiyyətlər fəaliyyət göstərdikləri dövrdə siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə dəyişərək liderlik zirvəsinə yüksəlirlər. Tarix yaratmaq isə hər kəsə nəsib olmur. Ümummilli liderimiz Heydər Əliyev müasir Azərbaycanın siyasi tarixini yaradan müdrik şəxsiyyətdir. Adı müasir tariximizə qızıl hərflərlə yazılan dünya şöhrətli siyasətçinin ömür yolu xalqa xidmət nümunəsidir.
Sonra məktəbin dərs hissə müdiri Həsən Həsənov “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan”, Yeni Azərbaycan Partiyası məktəb ilk ərazi təşkilatının sədri Könül Mirzəyeva “Ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”, tarix müəllimi Feyruz Novruzov ­“Görkəmli dövlət xadimi Heydər Əliyev və Azərbaycan təhsili” mövzularında çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz şərəfli tarixi keçmişimizi bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir.
Tədbirdə slaydlar nümayiş etdirilib, sərgiyə baxış olub və ədəbi-bədii kompozisiya göstərilib.

 Fatma BABAYEVA

*   *   *

Naxçıvan Muxtar Respublika Xəstəxanasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Azərbaycan səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyilə Bakı Ürək Mərkəzi və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən təşkil olunan konfransın iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, muzeylə tanış olublar.
Konfransda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, insan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu ölkəmizin hər bir bölgəsində diaqnostika-müalicə mərkəzlərinin, xəstəxanaların tikilərək istifadəyə verilməsində, tibb müəssisələrinin müasir səhiyyə avadanlıqları ilə təmin olunmasında, həkimlərin peşə hazırlığının diqqət mərkəzində saxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikada bu yolun sədaqətlə davam etdirilməsi əhalinin sağlamlığının qorunması, tibbi xidmət səviyyəsinin yüksəldilməsi bu sahənin maddi-texniki bazasının gücləndirilməsində mühüm rol oynayır.
Vurğulanıb ki, muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində bu gün səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Yüksək­ixtisaslı həkimlər angioqrafiya, kompüter tomoqrafiyası, rəqəmsal rentgenoqrafiya, mammoqrafiya, hemodializ, nüvə maqnit rezonansı və bir çox müasir aparatlarla xəstələrə xidmət edir, müstəqil şəkildə TUR, açıq ürək, laparoskopik, LOR, göz və digər mürəkkəb cərrahi əməliyyatları yerinə ­yetirirlər.
Konfransda çıxış edən Milli Məclisin deputatı, Bakı Ürək-Damar Mərkəzinin ürək və damar cərrahı, tibb elmləri doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri Rəşad Mahmudov Azərbaycan dövləti tərəfindən son illər səhiyyəyə diqqətin artırılması nəticəsində bir sıra uğurlara nail olunduğunu bildirib. O qeyd edib ki, vətəndaşların sağlamlığının qorunması istiqamətində görülən tədbirlər öz bəhrəsini verməkdədir. Səhiyyə sahəsinin modernləşdirilməsi, bununla bağlı infra­strukturun yenilənməsi, yeni tibb müəssisələrinin istifadəyə verilməsi və ən müasir avadanlıqlarla təchiz edilməsi, səhiyyənin informasiyalaşdırılması, bu sistemin dövrümüzün tələblərinə uyğunlaşdırılması, bütövlükdə, ölkə səhiyyəsinin inkişafına töhfə verib.
Sonra Rəşad Mahmudov “Ürək cərrahiyyəsində minimal invaziv və hibrid prosedurlar”, Bakı şəhərində fəaliyyət göstərən Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərindən professor, diaqnostik-invaziv radioloq Əhməd Məmiş “Endovaskulyar intervensiyalar və invaziv radiologiyada innovasiyalar”, torakal cərrah Elmar Məmmədov “Minimal invaziv ağciyər cərrahiyyəsi”, neyrocərrah Azər Ələkbərov “Neyrocərrahiyyədə innovativ metodların tətbiqi: klinik təcrübəmiz”, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin ürək-damar cərrahı Cabir Gülmalıyev “Müasir təbabətdə ECMO-nun tətbiqi” mövzularında məruzələr ediblər.
Yerli səhiyyə ocaqlarının həkimlərinin iştirak etdikləri tədbir təqdimatlar ətrafında müzakirələrlə yekunlaşıb.
Qeyd edək ki, mütəmadi olaraq keçirilən elmi-praktik konfransların təşkilində məqsəd tibb ictimaiyyətini bir araya gətirməklə ölkə səhiyyəsindəki yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR