Şərur rayonunun Şahbulaq kəndində bir neçə dəfə olmuşam. Bir neçə il əvvəl müasirliyə qovuşub. “Abad yurd yolundan tanınar”, – deyimi buna ən gözəl misaldır. Müasir tələblər səviyyəsində yenidən qurulmuş yol şahbulaqlılara dövlətimizin böyük qayğısıdır, 2013-cü ildə istifadəyə verilib. Həmin il bu sərhəd yaşayış məntəqəsində kompleks quruculuq tədbirləri həyata keçirilib.
Zəngin təbiətə, saf suya və təmiz havaya malik olan, rayon mərkəzindən 22 kilometr məsafədə yerləşən Şahbulağın axarlı-baxarlı yerində görünən kənd məktəbinin binasıdır. Məktəbin direktoru Salman Cəfərov söhbətə şahbulaqlı uşaqların dərsə, məktəbə, təhsilə olan həvəsindən söz açmaqla başlayır:
– Bu balaca kənddən 30 nəfərdən çox ali təhsilli mütəxəssis Bakıda, Naxçıvanda, Şərur şəhərində göstərilən etimadı doğruldur. Son dövrlərdə elə il olmayıb ki, məzunlarımız ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərməsinlər. Ötən dərs ilində kənd məktəbini üç məzun bitirib, üçü də ali məktəblərdə təhsillərini davam etdirir. 110 şagird yerlik məktəbdə 47 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 21 müəllim məşğul olur.
Salman müəllim təkcə təzə tikilən məktəbdən, burada şagird və müəllimlər üçün yaradılan şəraitlə yanaşı, ümumiyyətlə, Şahbulağa və şahbulaqlılara göstərilən dövlət qayğısından ürəkdolusu söhbət açır:
– Kənd mərkəzinin tikilməsinin əhəmiyyətini hamı yaxşı bilir. Hər şey insanların rahatlığı üçündür, amma ucqar, həm də sərhəd kəndində bunun başqa bir önəmi var. Sakinlər görürlər və öz həyatlarında hiss edirlər ki, dövlət onları unutmayıb, yaddan çıxarmayıb, necə deyərlər, dövlətin əli həmişə onların çiynindədir.
Bəhs olunan dövrdə Şahbulaqda kənd və xidmət mərkəzləri də tikilib. Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, klub, kitabxana, rabitə evi, baytar otağı, polis və feldşer-mama məntəqələri var. Bir sözlə, kənd camaatına nə xidmət lazımdırsa. Kompleks quruculuq tədbirləri çərçivəsində üç min metr uzunluğunda elektrik və qaz xətləri çəkilib, telefon xidmətini daha da yaxşılaşdırmaq məqsədilə yeni ATS quraşdırılıb. Bunlar ucqar dağ kəndlərimizdən birinə Azərbaycan dövlətinin göstərdiyi böyük qayğıdır. Belə kəndlərimizin isə sayı-hesabı yoxdur.
Kəndin yaşlı sakinləri İsmayıl Bağırov, Həbili Cəfərov bu sərhəd yaşayış məntəqəsində yaşanmış ağır günlərə qayıdırlar. İsmayıl kişi deyir ki, 1988-ci ildə başlanan hadisələrdə bir şahbulaqlı belə, kəndi tərk etmədi. Ov silahları ilə kəndi qoruduq. O vaxt Şahbulaq gözdənuzaq, könüldəniraq düşmüş bir kənd idi. Problemlər başdan aşırdı. Məktəb pis vəziyyətdə, mağazada ən adi tələbat malları yox, rabitə gah olur, gah olmurdu. İşıqdan, normal istilikdən isə danışmağa dəyməz. Bununla belə, kənd adamları dözdülər, çətinliklərə sinə gərdilər.
Həbili kişi deyir ki, bir səhər gözümüzü açıb kənddə inşaatçıları gördük. Şahbulağın üzünə o gün, necə deyərlər, gün doğdu.
Kənd adamları ilə söhbətdən gəlinən qənaət budur: Şahbulaq mənfur ermənilərlə üz-üzə dayanan yaşayış məntəqələrimizdən biri olsa da, heç bir şahbulaqlı burada özünü narahat hiss etmir. Milli Ordumuzun əsgərləri kəndin, kənd adamlarının keşiyindədir. Bu da yaşayış məntəqəsində həyatın öz qaydası ilə davam etməsini şərtləndirib. Şahbulaqda insanlar heyvandarlıq, arıçılıq, əkinçiliklə məşğul olur, məhsul bolluğu yaradırlar. Bunun üçün hərtərəfli imkanlara malikdirlər.
Salman müəllim burada əsgəri borcunu yerinə yetirən eloğullarımızla yaradılmış əlaqələrdən də danışır. Deyir ki, bu gün orta məktəb partası arxasında təhsil alan şagirdlərin vətənpərvərlik ruhunda formalaşdırılması üçün belə əlaqələrin böyük əhəmiyyəti var. İkinci bir tərəfdən, orduda xidmət edən əsgərlər görürlər ki, onların arxasında xalq dayanıb. Belə birlik, inşallah, böyük qələbəmizi də təmin edəcək.
Müsahibim şahbulaqlıların keşiyində dayanan əsgərlərin yanına getmək təklifimi yerə salmır.
Yol alırıq kənddəki hərbi hissəyə. Başımı qaldırıb ətrafa baxıram. Ağsal, Suludərə, Uzungüney, Qaravulxana kəndin keşiyini çəkir. Möhtəşəmlik mücəssəməsi olan bu dağlar həm də kəndin vüqar rəmzidir. Bir qədər aralıda düşmənlərimizdir. Onlara gözdağı olan isə kənddəki hərbi hissədir. Müasir və müstəqil Azərbaycanın nizami ordusunun nümunəvi bir hissəsi.
Bölük komandiri Elgiz Mədətov deyir ki, Naxçıvan Muxtar Respublikasında əsgər və zabitlərin nümunəvi xidmət və qulluğu üçün hərtərəfli şərait yaradılıb. Müasir tələblər səviyyəsində qurulmuş yeməkxana, anbar ilk baxışda səliqə-sahmanı, gigiyenik-sanitar qaydalara cavab verməsi ilə diqqəti cəlb edir. Əsgərlərin asudə vaxtlarının səmərəli keçirilməsi təmin olunub. Bundan əlavə, şəxsi heyətin fiziki sağlamlığının təmin edilməsi məqsədilə hərbi hissənin həyətində lazımi idman qurğuları quraşdırılıb. Əsgərlər müntəzəm olaraq idmanla məşğul olur, fiziki hazırlıqlarını artırırlar.
Onun sözlərinə görə, əsgərlərin mənəvi-psixoloji hazırlığı diqqətdə saxlanılır. Azərbaycanın, həmçinin onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının müxtəlif zamanlarda hərbi müdaxilələrə məruz qalması, əsasən, ordumuzun yeni formalaşdığı dövrlərə təsadüf edib. Elə ötən əsrin 90-cı illərinin əvvəllərində erməni hərbi birləşmələrinin muxtar respublikanın sərhədlərinə mütəmadi hücumlarının əsas hədəfi də bu qədim türk yurdunun işğal edilməsi məqsədini daşıyırdı. Əsgərlərə o da çatdırılır ki, məhz ulu öndər Heydər Əliyevin Naxçıvanda ordu quruculuğuna başlaması ermənilərin bu xülyasının qarşısını aldı. Bu gün əsgərlər qarşısında duran başlıca vəzifə sərhədlərimizin etibarlı qorunmasıdır.
Əsgərlərlə söhbət edirəm. İlk ünsiyyətdən onların döyüş hazırlığına, yüksək vətənpərvərliyinə, dövlətə, xalqa bağlı olduqlarına heç bir şübhəm qalmır. Əsgər Pənah Hacıyev Yevlax rayonundandır. Deyir ki, bütün əsgərlərin arzusu torpaqlarımızın düşməndən azad edilməsidir. Arzu edirik ki, bu, bizim hərbi xidmət dövrümüzə düşsün! Və əlavə edir ki, buraya gəlməmişdən Naxçıvan haqqında çox az məlumatı olub. Bu diyarın təbiətinin zənginliyindən, insanlarının səmimiyyətindən və qonaqpərvərliyindən ürəkdolusu danışır. Burada əsgərlər üçün yaradılmış şəraitdən də razılıq edir:
– Xidmətimi başa vurmağa çox az vaxt qalıb. Ancaq arxada qalan günlərin necə keçdiyini hiss etmədim. Çünki burada yüksək nizam-intizam, əsgərə qayğı gördüm, Naxçıvanda xidmət etməyimdən şərəf duydum. Hərbi hissədə Azərbaycanın müxtəlif bölgələrindən xidmətə gələnlər çoxdur. Sevinirəm ki, Naxçıvanda özümə xeyli dost tapmışam. Bu qədim diyardakı təmizlik, tarixi abidələr, quruculuq tədbirləri hamımıza çox xoş gəlir.
Sumqayıtdan gəlmiş əsgər Uğur Hacıyev:
– Sərhədlərimizin keşiyində ayıq-sayıq dayanan əsgərlərin yüksəkkalorili və keyfiyyətli qida məhsulları ilə təminatına xüsusi önəm verilir. O, bunu da diqqətə çatdırır ki, son illər ordu ilə xalq arasında yaradılmış sıx birliyi elə bu hissənin və şərurluların timsalında daha yaxından görmək olar. Müntəzəm olaraq rayon İcra Hakimiyyəti və sərhəd bölgəsində fəaliyyət göstərən digər dövlət qurumları, həmçinin Şərur camaatı əsgərlərlə görüşə gəlir, onlara sovqatlar gətirirlər.
Əsgərlərdən ayrılırıq. Ordumuzun sabahkı qələbəsinə böyük inam hissi ilə. Bu inamı bizə yaşadan da elə əsgərlərimiz olur. Elə bir az əvvəl söhbətləşdiyim kənd adamlarının məğrurluğuna, doğma torpağa bağlılıqlarına həsəd aparıram, mən də qürurlanıram. Bir həqiqət düşüncəmə hakim kəsilir: qələbə arzumuza tezliklə çatacağımıza az vaxt qalıb...
Muxtar MƏMMƏDOV