` Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2017-ci ilin noyabr ayında bir sıra qərarlar qəbul etmişdir.
Belə ki, Nazirlər Kabinetinin 2017-ci il 3 noyabr tarixli 112 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilmiş, 113 nömrəli qərarı ilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun və qanunvericiliyə uyğun olaraq tətbiq edilən cərimələrdən (ödənişlərdən) daxil olan vəsaitin həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları” təsdiq edilmişdir. Müvafiq Qaydalara əsasən büdcədənkənar vəsaitlər təsdiq edilmiş gəlirlər və xərclər smetasına uyğun olaraq dövlət rüsumunu tutan və cərimə (ödəniş) tətbiq edən təşkilatların işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, habelə maddi-texniki bazanın yaxşılaşdırılması məqsədilə istifadə edilir. Gəlirlər və xərclər smetasının təsdiq edilməsinə qədər büdcədənkənar vəsaitlərin xərclənməsinə yol verilmir.
Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında qəbirüstü işlərin ölçüləri və təsvirləri” təsdiq edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 2017-ci il 11 noyabr tarixli 116 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”, 117 nömrəli qərarı ilə “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”, 118 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” və 119 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikası ədliyyə orqanları işçilərinin attestasiyası Qaydası” təsdiq edilmişdir. Sonuncu qərara görə, yalnız müvafiq vəzifələrdə azı 1 (bir) il çalışan işçinin attestasiyası keçirilə bilər. İşçinin attestasiyası 5 (beş) ildə bir dəfədən çox olmayaraq keçirilir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2017-ci il 11 noyabr tarixli 120 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasında inzibati orqanların Təsnifatı”nda, 2017-ci il 24 noyabr tarixli 123 nömrəli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişikliklər edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.