25 Dekabr 2024, Çərşənbə

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının inzibati binasında “Muxtar respublikanı necə tanıdırıq?” mövzusunda təşkil edilən dəyirmi masada fəal gənclər doğma yurdumuzun təbliği ilə bağlı görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev açaraq qeyd edib ki, turizm insanların sərhədsiz düşüncə maraqlarının üzərində cəmləşmiş bir sahədir. Buna görə də son dövrlərdə çoxsaylı turizm sahələri inkişaf etdirilməkdədir. Turizm səfalı təbiət, tarix, mədəniyyət, qonaqpərvərlik və təhlükəsizlik amilləri üzərində qurulur. Hansı ki, sadaladığımız amillər artıq muxtar respublikamızda bu sahənin davamlı inkişafı baxımından əsl təməl rolunu oynayır. Məmməd Babayev gənclərin Naxçıvanın turizm imkanlarının tanıdılmasında fəal olmalarının əhəmiyyətini qeyd edib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək bildirib ki, muxtar respublikanın böyük turizm potensialına malikdir. Qədim tarixə, zəngin mədəniyyətə, gözəl təbiətə malik olması müasir dövrdə Naxçıvanı turistlər üçün daha cəlbedici edir. Bu gün qədim diyarın turizm potensialının tanıdılmasında gənclərin üzərinə böyük vəzifə düşür.
Gənclərin virtual məkanın imkanlarından daha geniş istifadə etməsinin vacibliyini vurğulayan Tahir Məmmədli deyib ki, bu gün sosial şəbəkələr çox əhatəli şəkildə gənclərin həyatına və davranışlarına sirayət etməyə başlayıb. Müxtəlif internet saytları muxtar respublikanın turizm imkanlarını təbliğ etmək baxımından çox faydalı hesab edilir. Getdikcə bu məqsədlə sosial şəbəkələrə qoşulan gənclərimizin sayı daha da kütləviləşir, yeni-yeni qruplar yaradılır. Çalışmaq lazımdır ki, hər bir gənc bu işdə fəal olsun, yaşadığı bölgənin gəzməli-görməli yerlərini tanıtsın.
Dəyirmi masada Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxış edərək bildirib ki, muxtar respublikanın hər yerində – hətta ən ucqar dağ kəndlərində belə, əlverişli infrastrukturun qurulması Naxçıvanda turizmin hərtərəfli inkişafına şərait yaradıb. Bu mənada, qədim diyarda kənd yaşıl turizmi üçün də geniş imkanlar var.
Sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ edilməsinin əhəmiyyətini qeyd edən Əkbər Novruzov vurğulayıb ki, elektron resurs istifadəçiləri hazırda dünyada baş verən prosesləri, əsasən, virtual məkanın imkanlarından yararlanmaqla öyrənirlər. Eynilə də digər əcnəbi ölkə vətəndaşlarının ölkəmizin və muxtar respublikamız haqqında müəyyən məlumatlara malik olması belə resursların vasitəçiliyi ilə təmin olunur. Bu gün muxtar respublikamızla bağlı həqiqətlərin sosial şəbəkələrdə təbliği aparılır, regionun müasir həyatı ilə bağlı məlumatlar öz əksini tapır. Lakin bu sahədə görəcəyimiz işlər hələ çoxdur.
Sonra gənclər dəyirmi masa ətrafında Naxçıvanın turizm potensialının təbliği ilə əlaqədar diskussiyalar aparıblar.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR