25 Dekabr 2024, Çərşənbə

Ötən həftə tanınmış amerikalı jurnalist, Paraqvay Milli Konqresinin xarici işlər üzrə xüsusi məsləhətçisi Peter Tase muxtar respublikamıza gəlib. Jurnalist dostumuzu redaksiyamıza dəvət edib, səfərinin məqsədi və təəssüratları ilə tanış olduq. 

– Sizi Naxçıvanda yenidən xoş gördük. Budəfəki səfərinizin məqsədi haqqında nə deyə bilərsiniz?
– Bu mənim qədim Nuh yurdu Naxçıvana üçüncü səfərimdir. Xatırlayıram, sonuncu dəfə ötən ilin mayında görüşmüşdük. O vaxt da burada indiki kimi gözəl günəşli günlər var idi. Bu dəfə də səfərimin ikinci günündə bir çox yerlərə baş çəkmək imkanımız oldu. Əsas məqsədim Naxçıvanın dünya əhəmiyyətli abidələri ilə tanış olmaq, bunlar haqqında müxtəlif yazılar hazırlayıb nəşr etdirməkdir. Bilirsiniz, mən artıq iki aydır, ölkənizdəyəm və Azərbaycanda mövcud olan multikulturalizm ənənələri və onun dünya mədəniyyətinə təsiri barədə araşdırmalar aparıram. Azərbaycanın tərkib hissəsi olan Naxçıvanın da bu baxımdan dünya mədəniyyətinə çox güclü töhfələri olduğuna inanıram. Ona görə də bu qədim Azərbaycan torpağını daha yaxından tanımaq üçün bir daha Naxçıvana gəldim.

– İlk tanışlıqlarınız harada olub?
– Əvvəlcə Naxçıvan şəhərindəki abidələri yenidən ziyarət edib, daha sonra Qarabağlar türbəsi, burada aparılan bərpa işləri ilə tanış oldum. Bu abidə Azərbaycan memarlığının görkəmli əsərlərindən biridir. Düşünürəm ki, onun bərpası, belə gözəl bir əsərin yenidən dünya mədəniyyətinə qaytarılması, gələcək nəsillərə çatdırılması kimi qlobal bir işin şahidi olduğuma görə çox məmnu­nam. Əlbəttə, bilirəm ki, belə möhtəşəm tarixi abidələrin bərpası çox zəhmət və diqqət tələb edən işlərdəndir. Ona görə də Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin belə mühüm layihələrə verdiyi önəm xüsusi əhəmiyyətə malikdir. Mən dünyanın 50-dən artıq ölkəsində olmuşam. Gördüklərimə əsasən deyə bilərəm ki, əhali sayının abidələrin sayına olan nisbətinə görə Naxçıvan dünyanın ən zəngin yerlərindən biridir. Belə faktlara dünyanın başqa yerlərində çətin rast gəlmək olar. Digər bir maraqlı məqam isə məhz cəmi 26 illik müstəqillik dövründə Azərbaycanda tarixi-mədəni irsin qorunmasına yönəldilmiş bu qədər böyük həcmdə işlərin görülməsidir. Düşünürəm ki, bütün bunlar, o cümlədən demokratik cəmiyyət qurucu­luğunda ölkənizdə əldə olunmuş nailiyyətlər haqqında çox şeylər yazmaq olar. Müasir dünyada, məsələn, yaxşı tanıdığım Cənubi Amerika ölkələri arasında elələri vardır ki, onlar iki yüz ildən artıq bir dövrdə müstəqil olsalar da, cəmiyyət və dövlət qurucu­luğunda bu qədər inkişaf yolu keçə bilməyiblər. Yaxud Avropa İttifaqının üzvü olan elə ölkələr vardır ki, onlar arasındakı gömrük-keçid məntəqələri, sadəcə, kiçik bir otaqdan ibarətdir. Naxçıvandakı 8 elektrik stansiyasından 5-i su, biri Günəş Elektrik Stansiyasıdır. Dünyanın bir sıra ölkə­lərində bunların heç biri yoxdur. Bütün bunlar bu torpaqda yaşayan insanların mədəni həyat tərzindən xəbər verir və gələcəkdə həm də Naxçıvanda dayanıqlı turizmin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən işlərdir.
– Naxçıvana sonuncu səfərinizlə müqayisədə hansı dəyişikliklər gördünüz?
– İlk olaraq şəhərdə tikilmiş uca binalar diqqətimi cəlb etdi. Naxçıvan şəhəri sürətlə böyüyüb, genişlənir. Bu, mənim diqqətimdən qaçmadı. Əslində, Naxçıvanda özümü qonaq kimi hiss etmirəm. ABŞ-da yaşadığım Viskonsin ştatının havası da elə buranın iqlimi kimidir. Naxçıvan dağlarla əhatə olunsa da, diqqətimi daha çox cəlb edən ən ucqar yaşayış məntəqələrində də şəhər standartlarına uyğun həyat şəraitinin yaradılmasıdır. Məsələn, dünən Heydər­abada getdiyimdə buna şahid oldum. İşğalçı Ermənistanla sərhəddə belə gözəl bir qəsəbənin olması müstəqil Azərbaycanın gücünü göstərir. Naxçıvanın ən ucqar yerlərində də insanların müasir yaşayış standartlarını görmək heyranedicidir.
– Vətəninizə qayıtdıqdan sonra bunlar haqqında nə yazmağı düşünürsünüz?
– Artıq dekabrın 1-də Azərbaycandakı araşdırma müddətim bitir. Keçən ikiaylıq dövrdə ölkənizin bir sıra regionlarında oldum. Multikulturalizm və tolerantlığın Azərbaycan modeli üzrə apardığım araşdırmalar zamanı xeyli məlumatlar əldə etdim. Gəldiyim nəticələr haqqında Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi tələbələri qarşısında da çıxışım oldu. Azərbaycandan yola düşdükdən dərhal sonra Argentinanın paytaxtında elmi ictimaiyyət qarşısında Naxçıvan haqqında konfrans keçirəcəyəm. Bundan sonra Birləşmiş Ştatlara qayıtdığımda Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası haqqında məqalələr yazmağı planlaşdırıram. Mənim əməkdaşlıq etdiyim bir neçə jurnal vardır. “Foreign Policy News”, “Euriasia Review Journal” və “Modern Diplomacy Journal” kimi çoxtirajlı nüfuzlu jurnallarda Azərbaycan həqiqətləri haqqında yazılar dərc etdirəcəyəm. İnanıram ki, dünya Azərbaycanı daha yaxından tanıdıqca dostlarınızın da sayı artacaq, daha çox turist bu gözəl ölkəyə səyahətə gələcək.
– Turizm demişkən, Naxçıvanın turizm potensialını necə qiymətləndirirsiniz?
– Naxçıvanın turizm ehtiyatları çoxdur. Mənim fikrimcə, buradakı tarixi-mədəni potensial, təbii üsullarla müalicə imkanları və ekoturizm daha yaxşı turizm perspektivləri açır. Gələn il Naxçıvan İslam mədəniyyəti paytaxtı kimi çox mühüm qlobal layihənin mərkəzi olacaq, buraya daha çox sayda turistlər gələcək. Mən isə Argentinadakı turizm şirkətlərinə Azərbaycana səyahət haqqında məlumatlar verəcəyəm. Yəqin ki, gələn ilin yaz aylarında Naxçıvanda argentinalı turistləri də görəcəksiniz. Bu turistlər təmiz ekoloji şəraiti, qeyri-adi təbiəti izləməkdən böyük zövq alırlar. Bütün bunlar Naxçıvanda vardır. Mən də budəfəki səfərimdən dərin təəssürat qazandım. Naxçıvanda keçirdiyim günlərin hər dəqiqəsi mənalı oldu. Bütün bunlara görə minnətdaram.
– Müsahibə üçün sağ olun!

 Əli CABBAROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR