Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar 26 avqust 2017-ci il tarixdə keçirilən müşavirədə aidiyyəti qurumlarla yanaşı, “Naxçıvanqaz” İstehsalat Birliyinə də bir sıra tapşırıqlar verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Təbii qazın şaxtalı hava şəraitində nəqli üçün hazırlıq işləri vaxtında başa çatdırılmalı, istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanmalı, qazın nəqli zamanı meydana çıxan texniki itki normalarının minimal həddə saxlanılması üçün tədbirlər görülməli, təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilməli, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılmalı, qış mövsümü başlayanadək işçilərin müvafiq geyim və avadanlıqlarla təmin olunması həyata keçirilməlidir”. Həmin tapşırıqlara əsasən muxtar respublikada təbii qaz təchizatının etibarlılığını və səmərəliliyini artırmaq, istehlakçıları fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək məqsədilə birlikdə tədbirlər planı hazırlanıb. Plana əsasən muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün birlik 2017-ci ilin ötən dövründə nəzərdə tutulmuş tədbirləri reallaşdırıb.
Birlikdən aldığımız məlumata görə, muxtar respublika üzrə təbii qaz istehlakçılarının 2017-ci il 1 noyabr tarixə 85 min 573 əhali və 2253 qeyri-əhali olmaqla, ümumi sayı 878 min 26-dır.
Bəhs olunan dövrdə yaşayış məntəqələrinə daxil olan müraciətlərə əsasən 631 ədəd mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Bunun 592-si əhali, 39-u qeyri-əhali abonentləridir.
Cari ilin 10 ayında avtomat qazpaylayıcı stansiyalarda istismar olunan texnoloji avadanlıqlara, təzyiq tənzimləyicilərinə, qaz qızdırıcı qurğulara, ölçü qovşaqlarına təlimata uyğun texniki xidmət göstərilib, təbii qaz istehlakçılarına qazın təsdiq edilmiş texnoloji rejimə uyğun nəqli təmin olunub.
Təbii qaz istehlakçılarının fasiləsiz və təhlükəsiz qazla təchiz edilməsi məqsədilə korroziyaya uğrayan yeraltı qaz kəmərləri yeniləri ilə dəyişdirilib və qaz sızmaları aradan qaldırılıb. Bu işlərin mütəmadi olaraq aparılması nəzarətə götürülüb. Qaz nəqli sistemi üzərində olan bağlayıcı avadanlıqlar yoxlanılıb, ehtiyac duyulan avadanlıqlarla cari təmir işləri aparılıb, istismara yararsız avadanlıqlar yenisi ilə əvəz olunub.
Məlumatda deyilir ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində istismarda olan yaşayış evlərində, ictimai təyinatlı binalarda və istehlakçılar tərəfindən istismar edilən obyektlərin daxili qaz kəmərlərinə, avadanlıqlarına qrafik üzrə texniki baxış keçirilib, tələb olunan xidmət işləri müvafiq qaydada aparılıb. Tabeli Qaz İstismar idarələrinin işçiləri tərəfindən qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işlərinə diqqət artırılıb.
Qeyd edək ki, Naxçıvan şəhərində smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqaməti üzrə işlər davam etdirilib və cari ilin 10 ayında 2027 ədəd qaz sayğacı quraşdırılıb.
Birlik yerlərdə nəzarət tədbirlərini gücləndirib, yoxlama-nəzarət komissiyası tərəfindən reydlər keçirilərək “Qazdan istifadə qaydaları”nın tələblərinə istehlakçılar tərəfindən riayət olunması yoxlanılıb və ortaya çıxan nöqsanlar aradan qaldırılıb.
Cari ilin 10 ayında birliyə şəhər, rayon Qaz İstismar idarələrinin qəza-dispetçer xidmətlərinə təbii qaz istehlakçılarından 14 min 271 ədəd çağırış daxil olub, bu çağırışlara vaxtında gedilib, bütün işlər keyfiyyətlə yerinə yetirilərək təbii qazın nəqli bərpa olunub.
Bəhs olunan dövrdə, xüsusilə qış aylarında təbii qaza olan tələbatın artması ilə qaz nəqli sisteminin daha artıq yüklənməsi və gərgin işləməsi nəzərə alınaraq onun bu dövrdə normal istismarı işini təmin etmək məqsədilə bir sıra işlər görülüb. Belə ki, ərazilər üzrə bütün sistem boyu qaz kəmərlərinə qazanalizatorlarla xətti nəzarət və əlavə olaraq texniki baxış keçirilib, ortaya çıxan texniki nasazlıq aradan qaldırılıb, maşın, mexanizmlər, qaynaq avadanlıqları və digər texniki avadanlıqların, qurğuların texniki vəziyyəti yoxlanılıb, çətin hava şəraitində etibarlı işləməsi üçün tam yararlı vəziyyətə gətirilib.
Cari ilin 10 ayında qaz şəbəkəsində 14718 ədəd sızma aşkarlanıb, bu sızmalar aradan qaldırılıb.
Məlumatda o da bildirilir ki, qaz təsərrüfatı sisteminin müasirləşməsi, istismarda olan təzyiq və qaztənzimləyicilərinin, daşıyıcı və paylayıcı qaz kəmərlərinin, nəzarət-ölçü cihazlarının, digər texnoloji avadanlıqların yenilənməsi istiqamətində “Naxçıvanqaz” İstehsalat Birliyi işləri tam nəzarətə götürüb. Belə ki, “Naxçıvan”, “Modul”, “Qaz-Turbin – Sement Zavod” qazpaylayıcı stansiyalarında olan ROC-407 qaz sayğaclarının istismar müddətinin başa çatması və ehtiyat hissələrinin istehsalının dayanmasını nəzərə alaraq Almaniya istehsalı olan G-650 markalı Elster tipli 6 ədəd qaz sayğacı alınıb. Qeyd olunan ölçü qovşaqlarından hər birində 2 ədəd Elster tipli qaz sayğacı quraşdırılmışdır. Onlardan 1 ədədi istismara verilməklə digəri ehtiyatda saxlanılacaqdır.
Muxtar respublikada büdcədən maliyyələşən təşkilatlara istehlak olunan təbii qaz sərfinin dəqiq hesablanması, ölçülməsi məqsədilə birlik tərəfindən 70 ədəd müxtəlif təzyiqli və həcmli kollektorlar alınaraq quraşdırılıb.
Muxtar respublika qaz şəbəkəsində qazın təzyiqinin texnoloji rejimə uyğun nəqlini və normal istismarını təmin etmək üçün yeni quraşdırılan müxtəlif markalı, tipli və həcmli qaztənzimləyicilərin, manometrlərin, nəzarət-ölçü cihazlarının sayı 88 ədəd olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə tikilən və ya yenidən qurulan binalar, müxtəlif təyinatlı obyektlər mavi yanacaqla təmin edilib. Naxçıvan Muxtar Respublikasında 2017-ci ilin 10 ayında yeni qaz boru xətlərinin quraşdırılması, yerinin dəyişdirilməsi, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar 134 min 263 paqonometr uzunluğunda müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə edilib.
Müşavirədə qarşıya qoyulan vəzifələrin ardıcıllıqla yerinə yetirilməsi, qabaqlayıcı tədbirlərə ciddi önəm verilməsi, qaz təsərrüfatlarında nəzarət sisteminin gücləndirilməsi, mal-material ehtiyatının yaradılması və görülən digər işlər belə deməyə əsas verir ki, qış fəslində muxtar respublikada mavi yanacaqla təminatda fasilələr olmayacaq.
Muxtar MƏMMƏDOV