Havaların soyuq keçməsi ilə əlaqədar olaraq muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artıb. Qış mövsümündə yaşayış sahələrində vətəndaşlar tərəfindən qaz cihazlarından və sobalarından geniş istifadə olunur. Həmin cihazlardan istifadə zamanı təlimata və təhlükəsizlik qaydalarının tələblərinə riayət edilməməsi səbəbindən bir çox hallarda insan itkisinə səbəb olan partlayış, yanğın və dəm qazından zəhərlənmə kimi bədbəxt hadisələr baş verir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq qaz cihazları və qaz təsərrüfatı ilə bağlı aşağıdakı təhlükəsizlik qaydalarına əməl olunmasını tövsiyə edir.
İstənilən mağazadan və ticarət obyektindən qaz cihazlarını alan zaman diqqətli olmaq lazımdır. Hər bir vətəndaşın aldığı qaz cihazı sənaye üsulu ilə istehsal olunmalı (yəni kustar yolla hazırlanmamalı) və Azərbaycan dilində istifadə təlimatı olmalıdır. Cihazlarda təhlükəsizlik sistemi, qaz təzyiqi nizamlayıcısı, müəyyən səbəblərdən qaz kəsildikdə və təkrar verildikdə sistemi bağlayan qurğunun olması vacibdir.
Qaz cihazlarının quraşdırılması, yerinin dəyişdirilməsi və qaz xətlərinin çəkilişi yalnız bu sahə üzrə mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Mənzilə daxil olduqda qaz iyi hiss edilərsə, işığı yandırmaq, söndürmək, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək və açıq alovdan istifadə etmək qəti qadağandır. Otağın qapı və pəncərələri açılmalı və hava axını yaradılmalıdır. Evdə qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz. Bundan ötrü yalnız sabun məhlulundan istifadə etmək lazımdır. Əgər qaz sızması aşkar olunarsa, dərhal qazın verilişini dayandırmaq və Qaz İstismar İdarəsinin (104) qəza xidmətinə xəbər vermək lazımdır.
Yaşayış evləri və mənzillərində qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, sobaların həddindən artıq qızmasına yol vermək, onların istifadəsini azyaşlı uşaqlara etibar edib evdən çıxmaq olmaz. Mənzili tərk edərkən qaz cihazlarını söndürməli, qaz borularının ventilləri bağlanmalıdır. Mətbəxdə qaz pilətəsi və suqızdırıcı quraşdırılarkən otağın həcmi nəzərə alınmalıdır. Belə ki, qaz cihazları quraşdırılan mətbəx otağının hündürlüyü 2,2 metrdən az olmamalı, pəncərə açıq nəfəslik və havadəyişmə kanalı ilə təmin edilməlidir.
Qaz cihazlarının istismarı zamanı əhalinin üzləşdiyi xoşagəlməz hadisələrdən biri də dəm qazı ilə zəhərlənmədir. Bunun üçün yalnız düz axımlı metal borulardan istifadə olunmalı, soba ilə divar arasında 20-30 santimetr məsafə olmaqla, tüstü boruları 1,5 metr şaquli istiqamətdə qalxdıqdan sonra binaların dam örtüyündən 70 santimetr hündürlükdə quraşdırılmalıdır. Hamamlarda qazla işləyən suqızdırıcı cihaz quraşdırılmamalı, hava daxil olması üçün nəfəslik açıq saxlanmalı, ventilyasiya kanalı daim işlək vəziyyətdə olmalıdır. Dəm qazının yaranmaması üçün otaqlar tez-tez havalandırılmalı, tüstü boruları küləyin istiqaməti nəzərə alınmaqla quraşdırılmalı və bu borularının çıxışı tutulmamalıdır. Tüstü boruları və bacaları hər 2 aydan bir təmizlənməli, onların sazlığı yoxlanmalıdır.
Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir. Unutmayın ki, təhlükəsizliyiniz öz əlinizdədir.
Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin əməkdaşı