“Hörmətli Sədr! Kəndimizə gəlişiniz biz uşaqları sevindirir. Çünki bizim üçün müasir məktəb binası istifadəyə verilir. Qürur duyuruq ki, gələcəkdə bu məktəbdə təhsil alacağıq. Söz veririk ki, müstəqil Azərbaycan üçün layiqli övladlar olacağıq. Yaşasın Müstəqil Azərbaycan!”.
Bu sözləri bu günlərdə Ordubad rayonunun Üstüpü kənd tam orta məktəbinin açılış mərasimində məktəbəqədər hazırlıq qrupunun şagirdi, 5 yaşlı Bəkirin dilindən eşitdik. Bəkirin sözləri ictimaiyyət, xüsusilə sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılandı. Balaca Bəkirin görüntüləri qısa zamanda minlərlə insan tərəfindən izləndi, xoş rəylər yazıldı. Əslində, Bəkirin sevinci təkcə Üstüpü kəndinin deyil, Ordubadın, Naxçıvanın, nəticə etibarilə, ölkəmizin sevinci idi. Hər bir xalqın inkişafında vacib və başlıca şərt olan təhsilin inkişafı yolunda atılmış daha bir addımın sevinci idi.
Deyirlər ki, uşaq gülürsə, demək, bəşəriyyət gülür. Uşaqların gülüşü, rahatlığı cəmiyyətin xoşbəxtliyidir. Bəkirin xoşbəxtliyi kimi. Onunla bərabər sevinən sinif yoldaşlarının xoşbəxtliyi kimi. Hələ Bəkirin 5 yaşı var. O, xalqımıza, dövlətimizə layiqli övlad kimi yetişəcəyinə söz verdi. Vaxt gələcək, böyüyüb boya-başa çatacaq, anlayacaq və qürur duyacaq ki, qurucu şəxsiyyət və rəhbər cənab Vasif Talıbov məktəbinin yetirməsidir. 21 noyabr 2017-ci il tarixdəki görüşün təkcə muxtar respublika rəhbəri ilə yox, eyni zamanda uşaqların və gənclərin, bütün naxçıvanlıların hamısı ilə görüş olduğunu biləcək. Həmin gün yaşadığı sevinci ikiqat yaşayacaq...
Bəkirin sevinci bizi heç də uzaq olmayan yaxın keçmişə apardı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ordubad rayonunda təhsil sahəsində zəiflik, intizamsızlıq, daha dəqiq desək, özbaşınalıq özünü daha qabarıq göstərirdi. Rayon kəndlərində baş verən bu hallar haqlı olaraq sakinlərin etirazına səbəb olurdu. Üstüpü kəndi başda olmaqla, Nüsnüs, Əylis, Vənənd, Sabirkənd, Dəstə və başqa kəndlərdə narazılıq getdikcə artırdı. Bu, yaşlılara daha çox təsir edirdi. Çünki onlar Ordubadda təhsilin həmişə yüksək səviyyədə olduğunu görmüşdülər. Yaranmış vəziyyət isə təhsilin sonunun çatdığını göstərirdi. Amma bu insanların səsinə səs verən yox idi...
... 1994-cü ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi vəziyyəti haqqındakı materiallarda təhsilin səviyyəsinin aşağı, məktəblərin yararsız halda olması, dərsliklərin çatışmaması, xüsusilə qeyd edilir. Bunlar dərd yarı. Ən faciəvi vəziyyətlərdən biri isə uşaqların pis vərdişlərə yiyələnməsi, onlar tərəfindən cinayət hadisələrinin törədilməsi və başqa bu cür hallar gələcəyimizin böyük təhlükədə olduğunu göstərirdi. Müxtəlif dairələrdə məktəblilərin bəzi xidmət sahələrində işə cəlb olunması gündəmə gətirilsə də, bu problemlərin aradan qaldırılması üçün heç bir əməli addım atılmadı. Vəziyyət isə daha da ağırlaşırdı. Belə bir şəraitdə təhsil almaq heç də asan deyildi. Elə olurdu ki, uşaqlar həftələrlə məktəbə getmirdilər. Bəli, o zamanlar təhsilə göstərilən diqqət və qayğıdan danışmaq belə, olmazdı. Məhz ona görə o illərdə “Gələcəyimiz təhlükə altındadır”, “Təhsil qayğı istəyir”, “Ordubadda yeni “kəşf”, “Şagird dəftər istəyir” və başqa yazılar mətbuat səhifələrində yer alırdı. Həmin yazılardan aydın olur ki, o illərin məktəblisi adi bir şagird dəftərinə həsrət qalmışdı. Amma bu gün Bəkir 24-25 il bundan əvvəlki həmyaşıdlarının çəkdikləri əziyyəti çəkməyəcək. Çünki 340 yerlik məktəb binası o və onun kimi məktəblilərin ixtiyarına verilib. Ali təhsil müəssisəsinin binasından seçilməyən yeni məktəb binasında ikisi elektron lövhəli olmaqla, 16 sinif otağı, fizika və kimya-biologiya laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana və idman zalı vardır. Məktəbin kitabxanası 1852-si dərslik və 3050-si bədii ədəbiyyat olmaqla, 4900-dən çox kitab fonduna malikdir. Kompüter otağında isə 19 kompüter quraşdırılıb və internetə qoşulub. Bir sözlə, məktəbdə tədrisin səviyyəsini yüksəltmək üçün bütün imkanlar yaradılıb.
Bəli, üstüpülü şagirdlər hərtərəfli şəraitlə təmin olunmuş müasir məktəbdə oxuyaraq sabahın naziri, deputatı, alimi, dünya çempionu, kompüter mühəndisi, insanlara şəfa verəcək həkim, sözünü deməyi bacaran jurnalist, bir sözlə, xalqına, millətinə layiq vətəndaş olacaqlar. Müstəqil Azərbaycanın döyünən ürəyi, sosial-iqtisadi inkişafının ən yüksək mərhələsini yaşayan Naxçıvanın yetişdirdiyi geniş dünyagörüşlü, savadlı və vətənpərvər gənclər kimi böyüyəcəklər. Torpağına, dövlətinə bağlı, dövlətçiliyinə sadiq, ölkəsinin gələcəyini düşünən vətəndaşlar kimi sabahımıza cavabdehlik daşıyacaqlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Vətənpərvər olan gənc özünü Azərbaycanın gələcək qurucusu kimi hiss edə bilər. İndidən, orta məktəbin ilk günündən uşaqlara aşılamaq lazımdır ki, bu Vətən, bu ölkə sənindir, onun qurucusu da, qoruyucusu da sənsən!”
Elə bu gün də qürur duyuruq ki, Vətənin qurucusu və qoruyucusu sıralarında naxçıvanlı gənclər öndə gedirlər və həmişə də gedəcəklər. Çünki onların doğulub boya-başa çatdıqları torpaqda dövlətçiliyimizin bünövrəsi qoyulub. Bu bünövrə möhkəm təməllər üzərindədir. Çox keçməyəcək ki, bu ön sırada gələcəkdə Bəkir və onun kimi minlərlə gənci də görəcəyik. Çünki onlar elə bir torpaqda böyüyərək təhsil alırlar ki, bu torpaq Azərbaycanda dövlətçiliyin yarandığı və pərvəriş tapdığı bir diyara məxsusdur.
Sara ƏZİMOVA
jurnalist