Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində muxtar respublikada ilk dəfə olaraq Su Təsərrüfatı İdarəsinin yaranmasının 85 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdən əvvəl komitə əməkdaşları ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Komitədə keçirilən tədbirdə komitə sədri Əsgər Əsgərovun məruzəsi, məruzə ətrafında komitənin aparat rəhbəri Əli Hacıyevin və Layihə-ekspertiza şöbəsinin məsləhətçisi Əli Abbaszadənin çıxışları olub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında 1932-ci il noyabr ayının 22-də ilk dəfə olaraq Su Təsərrüfatı İdarəsi yaradılıb. Bir neçə kiçiktutumlu sututarlar tikilib. Buna baxmayaraq, muxtar respublika ərazisində meliorasiya və irriqasiya sahəsində həllini gözləyən məsələlər qalmaqda idi.
Vurğulanıb ki, 1969-cu ildə ulu öndərimiz Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra meliorasiya və irriqasiya sahəsinin inkişafına da qayğı göstərməyə başladı. Bu qayğının nəticəsidir ki, muxtar respublika ərazisində yerləşən böyük su anbarlarının hamısı, kiçik sututarların əksəriyyəti və digər xüsusi əhəmiyyətli hidrotexniki qurğular məhz həmin dövrdə tikilib istifadəyə verilib. 1971-ci ildə Araz, 1977-ci ildə Arpaçay dəryaçaları, 1980-ci ildə Sirab Su Anbarı, 1970-1980-ci illərdə Məzrə, Salvartı, Cəhri-1, Cəhri-2, Dizə, Yaycı kimi sututarlar yaradılıb. Suvarma suyunun əkin sahələrinə çatdırılması üçün magistral beton kanalların tikintisi muxtar respublikada əkinçiliyin inkişafında böyük dönüş yaradıb.
Bildirilib ki, idarəetməni təkmilləşdirmək məqsədilə 23 aprel 1980-ci il tarixdə Mexaniki Suvarma İdarəsi ləğv olunaraq onun bazasında Naxçıvan MSSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi yaradılıb, nazirliyin tabeliyinə bir sıra aidiyyəti qurumlar daxil edilib.
Vurğulanıb ki, 1993-cü ildən sonra meliorasiya və su təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsi başlanıb. Bu sahəyə diqqət və qayğı yenidən bərpa olunub, mövcud obyektlərin dağılmasının qarşısı alınaraq gələcək inkişaf planı hazırlanıb.
Ulu öndərin siyasətini uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə imzaladığı 2001-ci il 24 oktyabr tarixli Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Su Təsərrüfatı Nazirliyi ləğv olunaraq bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yaradılıb. 2004-cü ildə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinə çevrilib. Ali Məclis Sədrinin 2010-cu il 9 iyun tarixli Fərmanı ilə Agentliyin Əsasnaməsində dəyişikliklər edilib, əlavə vəzifə və hüquqlar verilib, Agentlik Komitəyə çevrilib.
Diqqətə çatdırılıb ki, 2003-cü ildən sonra Kəhrizlər İdarəsi yaradılıb, muxtar respublika ərazisində yerləşən kəhrizlər bərpa olunaraq həm də tarixi abidə kimi qorunmağa başlanıb.
Qeyd edilib ki, son illərdə muxtar respublikada meliorasiya və su təsərrüfatı sahəsində bir sıra işlər görülüb. Mütərəqqi suvarma metodlarından istifadə olunaraq torpaqlarda su itkisinin, şoranlaşmanın qarşısının alınması üçün müvafiq tədbirlər görülüb, eləcə də su təchizatı və kanalizasiya sahəsində beynəlxalq layihələr həyata keçirilib. Belə ki, son 5 ildə muxtar respublikada 904 kilometr uzunluqda kanal, 419 kilometr kollektor, 2946 kilometr təsərrüfatdaxili arxlarda lildən təmizlənmə işləri aparılıb və 192 kilometr uzunluqda yeni içməli su xətti, 308 kilometr uzunluqda suvarma xətti, 37 kilometr uzunluqda təzyiqli boru xətti, 7 kilometr kaptaj xətti, 24 kilometr uzunluqda açıq drenaj və 8 kilometr məsafədə qapalı drenaj xətti çəkilib.
Komitənin fəaliyyəti təkcə meliorasiya və irriqasiya işləri ilə məhdudlaşmır. Hər il yeni kaptajlar tikilir, içməli su xətləri çəkilir, mövcud olanlar təmir edilir. Komitə, eyni zamanda “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı Layihəsi” çərçivəsində də öz fəaliyyətini davam etdirməkdədir.
Tədbirdə vurğulanıb ki, melioratorların əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsi onların öz işlərinə daha da məsuliyyətlə yanaşmasına səbəb olub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 20 noyabr tarixli Sərəncamı ilə komitənin bir əməkdaşına “Əməkdar mühəndis” fəxri adı verilib, 4 əməkdaş isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. Tədbirdə “Rəşadətli əməyə görə” nişanı və vəsiqələri əməkdaşlara təqdim edilib. Əməkdaşların bir qrupuna komitənin fəxri fərmanı, bir qrupuna isə pul mükafatı verilib.
Muxtar MƏMMƏDOV